Məlum olduğu kimi, AMEA Rəyasət Heyətinin 11 dekabr 2020-ci il tarixində keçirilmiş iclasında Akademiyanın Neft-Kimya Prosesləri İnstitutunun və Geologiya və Geofizika İnstitutunun təqdim etdiyi məlumat əsasında Qarabağ ərazisində 200 mln. ton neft və 250 mlrd. kubmetr qaz ehtiyatının olması haqqında məlumat səsləndirilmişdir. Bu məlumat daha sonra AMEA-nın rəsmi saytında yerləşdirilmiş və bir sıra KİV-lər tərəfindən yayımlanmışdır. Məsələnin ictimailəşməsindən sonra ictimaiyyət üçün daha dəqiq məlumatın verilməsi məqsədilə müvafiq bölmələrdən ətraflı elmi-statistik arayışın təqdim edilməsi tələb olunmuşdur. Bu zaman bölmənin Rəyasət Heyətinə Qarabağdakı enerji ehtiyatları haqqında təqdim etdiyi məlumatın təhrif edildiyi üzə çıxmışdır. AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin tapşırığı ilə bu cür məsuliyyətsizliyə yol vermiş əməkdaşlar haqqında müvafiq tədbir görülməsi üçün tapşırıq verilmişdir.
Araşdırmanın nəticəsi barəsində ictimaiyyətə yaxın vaxtlarda ətraflı məlumat veriləcəkdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.