Sual: Hörmətli Ramiz müəllim, Sizə ilk növbədə pandemiya dövrünün çətin iş rejiminə baxmayaraq bizimlə növbəti müsahibəyə razılıq verdiyiniz və vaxt ayırdığınız üçün AMEA Rəyasət Heyətinin Mətbuat və informasiya şöbəsinin bütün kollektivi adından öz minnətdarlığımızı bildiririk. Heç şübhəsiz ki, Sizin bütün müsahibələriniz kimi, bu gün də səsləndirəcəyiniz fikirlər cəmiyyət tərəfindən maraqla qarşılanacaq, təhlil ediləcək və müzakirələr doğuracaq. Xüsusilə müsahibənin əsas mövzusunun Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin şəxsiyyəti və fəaliyyətilə bağlı olduğunu nəzərə alsaq, onun təkcə sıravi vətəndaşların deyil, siyasi təhlilçilərin, tarixçilərin, tədqiqatçıların diqqətini əhəmiyyətli dərəcədə cəlb edəcəyini demək, fikrimizcə, artıq olardı. Bu da tam təbiidir. Çünki, uzun illər Heydər Əliyevlə çiyin-çiyinə çalışmış, onun Azəbaycana rəhbərlik etdiyi hər iki dövrdə yüksək etimad göstərdiyi bir silahdaş kimi Siz Ümummilli lider haqqında danışmağa mənəvi haqqı çatan azsaylı müasirlərimizdən birisiniz. Siz Azərbaycanın müasir tarixinin bir sıra taleyüklü hadisələrinin bilavasitə iştirakçısı və şahidi olmuş insansınız. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sözlərilə ifadə etsək, Siz müstəqil Azərbaycanın uğurlarına böyük töhfələr vermiş, zəngin idarəçilik təcrübəsi olan dövlət xadimisiniz. Xalqımızın Ümummilli liderinin tarixi səciyyəsini, dövlətçilik salnaməmizdəki yerini və rolunu Sizin dilinizdən eşitmək maraqlı olardı.
R.M.: Mənim fəaliyyətimə və dövlətimiz qarşısındakı xidmətlərimə verdiyiniz yüksək dəyərə görə öz minnətdarlığımı bildirirəm. Çox sağ olun! Ümummilli lider Heydər Əliyevin anım günü ərəfəsində müsahibə xahişi ilə mənə müraciət etməyinizlə, əslində, bu unudulmaz böyük şəxsiyyəti bir daha yad etmək, onun xidmətlərini xatırlamaq və xatırlatmaq üçün fürsət yaratmış oldunuz. Heydər Əliyev haqqında həm onun sağlığında, həm də vəfatından sonra çox deyilib və çox yazılıb. Mənim də xalqımızın Ümummilli liderinin siyasi irsinin təhlilinə həsr olunmuş kifayət qədər əsərlərim var.
Yazılan əsərlərin hamısı Heydər Əliyevin şəxsiyyətini və dövlətçilik fəlsəfəsini tam mənada əhatə edə bilibmi? Təbii ki, yox! Heydər Əliyev irsi hələ uzun illər tarixşünaslığımızın, ictimai-siyasi fikrimizin ən tükənməz mövzularından biri olaraq qalacaq və tədqiqatçıları özünə cəlb etməyə davam edəcək. Mən Heydər Əliyev şəxsiyyətini araşdıran və bu mövzuda yazan bütün yerli və əcnəbi müəlliflərin əməyinə hörmətlə yanaşıram, lakin eyni zamanda, belə düşünürəm ki, bu böyük dövlət xadiminin tariximizdəki yerini tam miqyası ilə təsvir edən şah əsər hələ də yazılmayıb.
Bir müdavim və silahdaş kimi isə mən Heydər Əliyevi böyük bir idarəçilik məktəbini, yolunu yaratmış unikal dövlət xadimi olaraq görürəm. Həmişə özümü Heydər Əliyevin idarəçilik məktəbinin məzunu hesab etmişəm və bununla da qürur duymuşam. Çəkinmədən qeyd edirəm ki, müasir Azərbaycanın qazandığı bütün uğurların təməlində məhz bu məktəbin prinsip və ideyaları dayanır. Heydər Əliyevin vəfatından sonra Azərbaycanı inamla zirvələrə və qələbələrə aparan Prezident İlham Əliyev də bu məktəbin məzunu və davamçısıdır. Əgər siz diqqət yetirdinizsə, mən məktəb sözünü bir neçə dəfə vurğuladım. Bu isə təsadüfi deyil. Çünki, tarixdə çox nadir siyasətçilər, dövlət xadimləri məktəb yaratmağa, layiqli davamçı və etibarlı silahdaş yetişdirməyə nail olurlar. Məktəb yaratmaq, işlək idarəçilik sistemi qurmaq, dövlətçilik mədəniyyəti formalaşdırmaq hər siyasətçiyə müyəssər olmur. Heydər Əliyev isə bunu bacarmışdı.
Onun qurduğu sistem, meydana qoyduğu dövlətçilik təfəkkürü, idarəçilik modeli Azərbaycanı onun müasir tarixinin ən təlatümlü mərhələsindən minimum itkilərlə çıxardı, ölkəni yeni inkişaf yoluna istiqamətləndirdi, sabitliyi, tərəqqini təmin etdi, gələcəyin hədəflərini dəqiqliklə müəyyənləşdirməyə nail oldu. İndi də Azərbaycan öz inkişafını Heydər Əliyev siyasətinin inersiyası ilə davam etdirməkdədir. Bu gün bizi həmin keşməkeşli dövrdən illər ayırır və 1993-cü ildə dünyaya göz açan nəsil artıq yeni Azərbaycanın vətəndaşları kimi formalaşdı. Onlar 90-cı illərin hərc-mərcliyindən, yoxsulluğundan, ümidsizliyindən bixəbər idilər. Bu nəsil müstəqil və sabit Azərbaycanın, Heydər Əliyevin qurduğu Azərbaycanın vətəndaşları idilər. Qeyd etdiyim detallar siyasi tarix baxımından olduqca vacib detallardır.
Bilirsiniz, müasir dövrdə bəzən Heydər Əliyevin dövlətçilik fəaliyyətinə dair subyektiv yanaşmaların şahidi oluruq. Mən onları şərh etmək, qiymətləndirmək istəməzdim. Həmin şəxslərə tövsiyəm odur ki, mümkün olduğu təqdirdə siyasi prosesi öz məhdud dünyagörüşlərinin pəncərəsindən yox, onun reallıqları, incəlikləri nöqteyi-nəzərindən qavramağa çalışsınlar. Qoy həmin şəxslər Azərbaycanın ötən əsrin 90-cı illərində düşdüyü faciəvi vəziyyətin miqyasını dərindən anlamağa cəhd etsinlər. Bir anlıq Azəbaycanın yerləşdiyi regionun xüsusiyyətlərini göz önünə gətirsinlər. Ölkəmizdə hansı qlobal maraqların kəsişdiyi haqqında düşünsünlər. Bəlkə bütün bunlardan sonra onların Heydər Əliyevin siyasi irsinə verəcəkləri qiymət müəyyən qədər obyektiv ola bilər. Siyasi cəhətdən yetkin olmayan, siyasi təfəkkürü dayaz olan, Azəbaycanı və azərbaycanlıları dərindən tanımayan, ölkəmizin yerləşdiyi regionun xüsusiyyətlərini başa düşməyən şəxslərin Heydər Əliyevin fəaliyyətinə ədalətli qiymət verməsi qeyri-mümkündür.
Sual: Az əvvəl Siz Ümummilli liderin siyasi irsini səciyyələndirərkən özünüzü Heydər Əliyev məktəbinin yetirməsi adlandırdınız. Bu məktəb Sizdə hansı keyfiyyətləri formalaşdırıb? Bu məktəbin dərslərindən kifayət qədər bəhrələnə bildiyinizi düşünürsünüzmü? Heydər Əliyevin təsirilə formalaşdırdığınız xüsusiyyətlər və bacarıqlar dadınıza yetibmi?
R.M.: Bəli, mən Heydər Əliyev məktəbinin yetirməsiyəm, bununla həmişə fəxr etmişəm və hər zaman da fəxr edəcəyəm. Heydər Əliyevin idarəçilik fəlsəfəsinin təməlini təşkil edən xüsusiyyətlər prinsipiallıq, qətiyyət, təvazökarlıq, dövlətçilik, öz xalqına, dövlətin həyati maraqlarına sədaqətlə bağlılıq, real problemləri duymaq qabiliyyəti, yüksək təşkilatçılıq bacarığı, yaxşı düşünülmüş kadr seçimi və praqmatizmdir. Heydər Əliyevin rəhbərliyi altında uzun illər çalışmış hər kəs mənim sadaladıqlarımı təsdiqləyə bilər. Mən Heydər Əliyevdən hər zaman idarəçiliyin sirlərini öyrənməyə, dövlət quruculuğu prosesinin qanunauyğunluqlarını əxz etməyə çalışmışam. Ümummilli liderdən öyrəndiklərim hər zaman, xüsusilə də ən çətin məqamlarda mənim köməyimə çatıb, – desəm, əsla yanılmaram. Heydər Əliyevdən öyrəndiklərimi, onun rəhbərliyi altında topladığım təcrübəmi Azərbaycan dövlətinin inkişafı və möhkəmlənməsi üçün sərf etmişəm.
Qeyd etməliyəm ki, Heydər Əliyevin vəfatından sonrakı illərdə Azərbaycan dövlətçiliyi müəyyən təhdidlərlə, xüsusilə də siyasi sabitliyin pozulması təhlükəsilə üzləşmişdi. Söhbət 2003-2005-ci illərdən gedir. Həmin vaxt MDB məkanında bir-birinin ardınca baş verən rəngli inqilablar Azərbaycandakı bəzi qüvvələri sözün əsil mənasında iştaha gətirmişdi. Açıq deyirəm, cənab Prezidentin qətiyyəti, onun Heydər Əliyev məktəbini keçmiş, həqiqi, sadiq silahdaşlarının dövlətçiliyə sonsuz bağlılığı olmasa idi, hadisələrin hansı məcraya yönələcəyini demək çətin olacaqdı. Əgər o dövrdə dövlətçiliyimizə qarşı hazırlanmış dağıdıcı planların qarşısı qətiyyətlə alınmasaydı, Azəbaycanın hal-hazırda hansı vəziyyətdə olacağını düşünmək belə istəməzdim. Heydər Əliyev gələcəyi görən, müdrik dövlət xadimi idi və təbii ki, o, özündən sonra siyasi varisi, davamçısı olan İlham Əliyevə dayaq ola biləcək sadiq silahdaşlar komandası qoyub getmişdi. Məhz bu komandanın təcrübəsi İlham Əliyevin siyasi bacarığı və iradəsi ilə vəhdət yaradaraq Heydər Əliyev ideallarının təntənəsini təmin edə bildi.
Sadiq silahdaş, etibarlı komanda yaratmaq bacarığı siyasətçi, lider, strateq adına iddia edən hər bir kəs üçün olduqca vacib keyfiyyətdir. Belə bir komandanın formalaşdırılması liderin həm sağlığında, həm də vəfatından sonra onun kursunun uğurla həyata keçirilməsinin başlıca təminatçısı hesab olunur. Silahdaşlar və əqidədaşlar öz rəhbərlərinə hər hansı maddi nemətlərə sahib olmaq naminə bağlı deyillər. Belə bağlılığın sonu adətən uğursuzluqla nəticələnir. Rəhbəri öz silahdaşları ilə bır sıra mühüm mənəvi bağlar birləşdirməlidir. Ən başlıcası, onların ümumi amalları, məqsədləri olmalıdır. Lider öz silahdaşları, silahdaşlar isə öz rəhbərləri üçün fədakarlıq göstərməyi bacarmalıdırlar. Sadiq silahdaşı heç nə və heç kəs xəyanətə təhrik etməyə, sürükləməyə nail olmamalıdır. Vəzifə hərisliyi və maddi nemətlərlə olan düşkünlük xüsusilə təhlükəlidir. Təcrübə göstərir ki, bir çox hallarda xəyanətə, satqınlığa yol açan amillər məhz bunlardır. Doğrudur, insan təbiəti naqisdir və onun qəlbi, ruhu qapalı qutudur. Ancaq gercək rəhbərlər, müdrik siyasətçilər bütün bunlara baxmayaraq, sadiq silahaşların yetişdirilməsinə, sınanmış tərəfdarların, əqidə yoldaşlarının formalaşdırılmasına daim xüsusi həssaslıqla yanaşmışlar. Böyük, gələcəyi düşünmək iqtidarında olan liderlər yaxşı başa düşürdülər ki, belə bir komandaya sahib olmayan rəhbər ancaq iflasa məhkumdur.
Düzü, mən Heydər Əliyev məktəbinin dərslərindən neçə qiymət aldığımı deməyə çətinlik çəkirəm. Bunu ancaq tarix göstərəcək. Ancaq cənab Prezidentin 23 oktyabr 2019-cu il tarixində məni ölkəmizin ən ali mükafatı – “Heydər Əliyev” ordeni ilə təltif edərkən dedikləri məndə bu qiymətin kifayət qədər yüksək olduğu təəssüratını yaratdı. Mən Prezident İlham Əliyevə minnətdaram. Müəllimim, rəhbərim hesab etdiyim böyük və təkrarolunmaz şəxsin adını daşıyan ordenə layiq görülməyimi isə həyatımın ən yaddaqalan və əlamətdar hadisələrindən biri kimi hər zaman xatırlayacağam.
Sual: Ramiz müəllim, Siz dövlət idarəçiliyi sahəsində uzun müddət fəaliyyət göstərmisiniz və heç kim üçün sirr deyil ki, kadr məsələlərində sizin tövsiyələriniz, mövqeyiniz dövlət başçısı tərəfindən nəzərə alınıb. Necə düşünürsünüz, kadr seçimində əsas meyar nə olmalıdır? Ölkəmizdə kadr hazırlığı sahəsində vəziyyəti qənaətbəxş saymaq olarmı?
R.M.: Kadr seçimi idarəçilik prosesinin ən mürəkkəb və həlledici aspektidir. Məşhur fikirdə deyildiyi kimi, kadrlar hər şeyi həll edir. Dövlət idarəçiliyində topladığım təcrübədən, üzləşdiyim müxtəlif vəziyyətlərdən, qarşılaşdığım çoxsaylı insanlarla təmasdan çıxış edib deyə bilərəm ki, kadr seçimi zamanı ilk növbədə fərdin yetkin şəxsiyyət kimi formalaşıb formalaşmamasına diqqət yetirmək lazımdır. Çünki, şəxsiyyət amili mənəvi keyfiyyətlərlə birbaşa bağlıdır. Bəli, bəzən belə fikirlər səslənir ki, əsas meyar qismində kadrın intellektual hazırlığı, onun bilik-bacarığı çıxış etməlidir. Təbii, sadalanan keyfiyyətlər mühümdür, ancaq onlar yetkin, mənəvi cəhətdən bütöv şəxsiyyət amili ilə birləşmədikdə çox zaman meydana ciddi problemlər çıxır. Dövlət idarəçiliyinin xüsusiyyətləri vəzifə tutan şəxsdən səbr, təmkin, insanlarla sağlam ünsiyyət qurmaq və vəziyyəti hərtərəfli təhlil etmək bacarığı tələb edir. Şəxsiyyəti yetkin olmayan, yersiz iddialarla yaşayan, insanlarla dil tapmaqda çətinlik çəkən şəxslər dövlət idarəçiliyi prosesində faydadan çox ziyan gətirirlər.
Kadr hazırlığı məsələlərinə gəlincə, mən bu sahədəki vəziyyəti qənaətbəxş hesab etmirəm. Mən bunu hər zaman qeyd etmişəm. Prezident Administrasiyasına rəhbərlik etdiyim dövrdə də ölkə hər zaman keyfiyyətli kadr qıtlığından əziyyət çəkirdi. İndi də bu problemin həll edildiyini demək çətindir. Kadr hazırlığının keyfiyyətinə təsir edən çox amillər var və onların arasında ölkədə təhsil sisteminin səviyyəsi birinci yer tutur. Doğrudur, son illərdə müxtəlif dövlət proqramları çərçivəsində gənclərimiz xarici ölkələrdə təhsil almış, müasir tələblərə uyğun biliklər qazanmışlar. Ancaq görünən odur ki, bu da kifayət deyil. İdarəçilik və siyasi proses spesifik sahələrdir. Onlar dərin biliklərlə yanaşı, müəyyən mənada fitri istedad, mövcud reallıqlara uyğunlaşmaq, öz üzərində daim işləmək vərdişinin olmasını tələb edir. Öz təcrübəmdə mən belə hallarla rastlaşmışam. Elə vəziyyətlər olub ki, xaricdə mükəmməl təhsil almış kadr öz ölkəsinin reallıqlarını, cəmiyyətin xüsusiyyətlərini nəzərə almadan fəaliyyət göstərməyə çalışıb. Hesab edib ki, xaricdə aldığı nəzəri bilikləri eynilə ölkəmizdə tətbiq edə bilər. Ancaq son nəticədə onun bütün təşəbbüsləri iflasa uğrayıb. Çünki, yerli xüsusiyyətləri dərindən bilmədən, ölkənin və xalqın problemlərinin həqiqi səbəblərini təhlil etmədən, mövcud reallıqlara uyğun həll yolları işləyib hazırlamadan idarəçilik sahəsində heç bir ciddi uğur qazanmaq olmaz.
Bəzi insanlara mənim indi deyəcəyim fikir qəribə görünə bilər, ancaq şəxsən mən siyasəti, idarəçiliyi elm sahəsindən daha çox incəsənət sahəsi hesab edirəm. Çünki, bu sahə idarəçiliyin digər sahələri kimi fitri istedadın, bacarığın olmasını tələb edir. Dərin biliklərə, hərtərəfli savada malik şəxslərin bir çox hallarda siyasətdə uğur qazana bilməməsi bunun ən bariz sübutudur. İdarəçilik tariximiz belə nümunələrlə zəngindir. Sistemli savad almamış, lakin öz istedadı, bacarığı hesabına tarixə parlaq rəhbər kimi düşmüş şəxsiyyətlər kifayət qədər olub. Məhəmməd peyğəmbər (s), Atilla, Çingiz xan, Atabəy Şəmsəddin Eldəgiz, Nadir şah və başqaları. Düşünürəm ki, oxucularımız məni düzgün anlayacaqlar. Mən savadın, biliyin idarəçilik sistemində lazım olmadığını demək istəmirəm. Əksinə, bilik və intellekt hər bir siyasətçinin, rəhbərin ən mühüm məsləhətçisidir. Müdrik rəhbərlər daim öz ətrafında savadlı, geniş dünyagörüşü və dərin təfəkkürü olan şəxsləri toplamağa çalışırlar. Demək istədiyim odur ki, siyasət və idarəçilik sənətində bilik, savad mütləq fitri istedadla, daxili bacarıqla ahəng təşkil etməli, tamamlanmalıdır. Əks halda, siyasət meydanına atılmış şəxsin uğur qazanması mümkün deyil. Xarici dil bilikləri, adlı-sanlı universitetlərdə təhsil almaq, dəblə geyinmək kimi xüsusiyyətlər siyasətdə uğur formulunun əsası deyil. Bu, tələb olunan keyfiyyətlə yanaşı istedad, bacarıq və səriştə işidir.
Sual: Ramiz müəllim, məlum olduğu kimi, son bir neçə ildə ölkəmizdə bütün sahələr üzrə ciddi islahatlar aparılır, yenilənmə prosesi gedir. Ümumiyyətlə, Sizin üçün islahatlar nə deməkdir və yenilənmə prosesilə Heydər Əliyev irsinin başlıca prinsipləri arasındakı vəhdət nöqtələri hansılardır? Yenilənmə ilə varisliyin ahəngdarlığını təmin etmək üçün hansı addımlar atılmalıdır?
R.M.: Sualınızın ikinci hissəsindən başlayaq. Mən bu ahəngin təmin ediləcəyindən arxayınam. Çünki, məsələ birbaşa cənab Prezident İlham Əliyevin nəzarətindədir. O, orta xətti çox gözəl görür və Heydər Əliyev irsinin bütün fəlsəfəsi, ana prinsipləri ona yaxşı məlumdur. Cənab Prezident müasir düşüncəli, dövlətçilik əzmi güclü olan, novator və eyni zamanda, sözün ən müsbət mənasında mühafizəkar siyasətçidir. Heydər Əliyev əbəs yerə demirdi ki, mən ona, yəni İlham Əliyevə özüm kimi inanıram. Mənim də ona inamım, etibarım sonsuzdur. O ki qaldı irslə müasirliyin vəhdət nöqtəsinə, bu nöqtə dövlət maraqlarının şəxsi maraqlar üzərindəki üstünlüyündən keçir. Heydər Əliyev Azərbaycan dövlətini güclü, müasir və xarici təhdidlərə qarşı dayanıqlı görmək niyyətində idi. Bütün islahatlar məhz bu xətt əsasında aparılmalıdır. Şəxsi və qrup maraqlarını dövlət maraqlarından üstün tutan şəxslərin dövlət idarəçiliyinə cəlb edilməsi Heydər Əliyev xəttinə xəyanət olardı. Suayrıcı, qırmızı xətt məhz bu prinsipdir.
İslahat anlayışının fəlsəfəsinə və mahiyyətinə gəlincə, mənim fikrimcə insanların çoxu onu doğru qavramır. İslahat sözünün kökü islah anlayışı ilə, yəni qüsurların, xətaların aradan qaldırılması ilə bağlıdır. Yaşlı kadrların gənclərlə, bir qrupa aid olanların başqa bir qrupun mənsubu ilə əvəzlənməsi hələ islahat demək deyil. Əgər yeni gələn əvvəlki səhvləri təkrar edirsə, hətta əvvəlkindən də ciddi xətalara yol verib, vəziyyəti bir qədər də pisləşdirirsə, burada heç bir islahatdan söhbət gedə bilməz. İslahat prinsiplərin, işə yanaşma fəlsəfəsinin, məqsədlərin dəyişməsi deməkdir. Bu amillərin olmadığı yerdə heç bir islahatdan danışmaq mümkün deyil.
Mən həmişə qeyd etmişəm ki, islahatlar və yenilənmə qaçılmazdır. Bu, təbii prosesdir, ancaq onun uğurla icrası üçün bütün zəruri amillər nəzərə alınmalıdır. Tez-tələsik, düşünülməmiş addımların atılması islahatlara ancaq ziyan verə bilər. Cənab Prezident idarəçilik sahəsində kifayət qədər təcrübə və səriştə sahibidir. Əminəm ki, o, atdığı addımların hər birində deyilən meyarları nəzərə alır. Başqa cür mümkün deyil!
Azərbaycan olduqca mürəkkəb regionda, çox ciddi maraqların kəsişdiyi nöqtədə yerləşir. İndiki həssas dövrdə isə ümumiyyətlə diqqətli olmaq, prosesləri dəqiqliklə proqnozlaşdırmaq lazımdır. Yeni şəraitdə ölkəmizin qarşısında tamamilə yeni vəzifələr dayanır. Onları həll etmək iqtidarında olan kadrlar tapılmalı və irəli çəkilməlidir. Bunu hər şeydən öncə, dövlət maraqları tələb edir.
Sual: Düşünürük ki, Sizə ünvanlayacağımız son sual hər kəs üçün maraqlıdır. Memuarlarınızı yazmağı düşünürsünüzmü? Sizin xatirələriniz müasir Azərbaycan tarixinin obyektiv şəkildə öyrənilməsi, bir çox proseslərin həqiqi mahiyyətinin öyrənilməsi baxımından çox faydalı olardı.
R.M.: Bu barədə hələ yekun qərara gəlməmişəm. Memuarlarla bağlı mənə çox təkliflər edilib və mən başa düşürəm ki, cəmiyyətimiz mənim xatirələrimi maraqla qarşılayacaq. Görünür ki, bu haqda bir daha düşünməliyəm. Ancaq ümumilikdə demək istəyirəm ki, mənim irsim mənim fəaliyyətimdir, yazdığım əsərlərdir, səsləndirdiyim fikirlərdir. Mən siyasi və elmi mirasımın tamamilə qüsursuz olduğunu iddia etmirəm. Xəta insan üçün səciyyəvi olan başlıca cəhətdir. Lakin düşünürəm ki, bu irsdə dövlətçiliyimizin keçmişi və gələcəyi üçün faydalı olacaq xeyli məqamlar var. Bir daha bəyan etmək istəyirəm ki, mən öz irsimə həmişə sahib çıxmışam, atdığım addımların hər birinin altından bu gün də eyni əminliklə qol çəkməyə hazıram. Mənim fəaliyyətimin və ömrümün 49 illik dövrü Ümummilli lider Heydər Əliyevlə və Prezident İlham Əliyevlə sıx bağlıdır. Mən bu tarixlə qürur duyuram.
Bir məsələnin üzərində dayanmaq istərdim: müasir Azərbaycan dövlətinin qurucusu, memarı unudulmaz Heydər Əliyevdir. Son 17 ildə Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında sürətlə inkişaf edərək qüdrətli dövlətə çevrilib. Bu gün Azərbaycan dünya birliyində şərəfli bir mövqe tutub. Xalq – Prezident birliyi bu uğurun əsasını təşkil edən başlıca amildir. Müasir Azərbaycan dövləti müstəqil bir dövlətdir. Bu günədək mən dərin inamla bu dövlətə xidmət etmişəm və həyatımın sonuna qədər də Heydər Əliyevin dövlətçilik fəlsəfəsinə xidmət edəcəyəm.
- Ramiz müəllim, Sizə maraqlı müsahibə üçün bir daha minnətdarlığımızı bildiririk. Çox sağ olun.
R.M.: Sağ olun.
Müsahibəni hazırladılar:
Ağahüseyn Şükürov – Mətbuat və informasiya şöbəsinin müdiri
Gülnar Hacıyeva – Mətbuat və informasiya şöbəsinin müdir müavini
Aynurə Əsgərova – Mətbuat və informasiya şöbəsinin sektor müdiri
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.