Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Akademik Asəf Hacıyevin 70 yaşı tamam olur
29.05.2021 21:49
  • A-
  • A
  • A+

Akademik Asəf Hacıyevin 70 yaşı tamam olur

Bu gün ölkəmizdə Ehtimal nəzəriyyəsi məktəbinin görkəmli nümayəndələrindən biri, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun şöbə müdiri, akademik Asəf Hacıyevin 70 yaşı tamam olur.

Asəf Hacı oğlu Hacıyev 1951-ci il may ayının 29-da Gəncə şəhərində anadan olub. 1968-ci ildə Gəncə şəhər 4 saylı orta məktəbi bitirib və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olub və 1978-ci ildə oranı bitirib.

1978-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin aspirantura, 1989-ci ildə isə doktorantura pilləsini başa vurub.

Dünyanın aparıcı alimləri ilə birgə elmi araşdırmalar aparan, elmi əsərlər hazırlayan A.Hacıyev akademik A.N.Kolmoqorovun yaratığı Moskva Ehtimal nəzəriyyəsi məktəbinin yetirməsidir. A.Hacıyev Moskva Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin tələbəsi olaraq 1970-ci ildə elmi fəaliyyətinə bu universitetdə akademik A.N.Kolmoqorovun yaratdığı və rəhbərlik etdiyi Fakültələrarası Statistik Metodlar Laboratoriyasında başlayıb. 1973-cü ildən isə İdarəetmə Sistemləri İnstitutunda (Kibernetika) baş laborant, kiçik elmi işçi, böyük elmi işçi, şöbə müdiri vəzifələrində çalışıb.

Əmək fəaliyyəti çoxşaxəli olan A.Hacıyev 2001-2015-ci illərdə Bakı Dövlət Universitetinin Ehtimal nəzəriyyəsi və riyazi  statistika kafedrasının müdiri olub. 2019-cu ildən Bakı Dövlət Universitetinin Himayəçilər Şurasının üzvüdür.

Akademik dünyanın aparıcı nəşrlərində çap olunmuş 160-dan çox elmi əsərin müəllifidir. A.Hacıyev dəfələrlə dünyanın aparıcı elmi mərkəzlərinin (ABŞ, İsveç, Almaniya, Portuqaliya, Çin, Sinqapur Milli Universiteti, Türkiyə, Bolqarıstan Elmlər Akademiyasının Riyaziyyat və İnformatika İnstitutu və digər müəssisələrin) dəvəti ilə mühazirələr oxuyub, elmi araşdırmalar aparıb.

2011-ci ildə Berkli Universitetində Lütfü Zadənin doğum gününə həsr olunmuş elmi müzakirələrdə dairəvi masanın rəhbəri olub. O, 2005-ci ildə Ümumdünya Elmlər Akademiyasının (İtaliya), 2008-ci ildə Monqolustan Milli Elmlər Akademiyasının, 2011-ci ildə Çenqdu (Çin) Universitetinin, 2016-cı ildə isə Moldova Elmlər Akademiyasının Fəxri professoru seçilib. A.Hacıyev 2015-ci ildən Çenqdu Universitetinin Birinci Beynəlxalq Məsləhətçilər Şurasının təsisçisi və üzvüdür.

O, 2011-ci ildə Makao adasında və 2016-cı ildə Lissabonda (Portuqaliya) keçirilən “Management Science and Engineering Management” beynəlxalq konfranslarında etdiyi plenar məruzələrə görə “Grand Prize” mükafatlarına layiq görülüb. 2011-ci ildə “Springer” nəşriyyatında nəşr olunmuş “Statistik elmlər ensiklopediyası” kitabındakı “Naməlum parametrləri artan reqressiya modelləri” adlı məqalə nəşriyyatın sifarişi ilə A.Hacıyev tərəfindən hazırlanıb.

Asəf Hacıyev bir çox beynəlxalq jurnalların redaksiya heyətinin üzvüdür. O, Londonda nəşr olunan “Management Science and Engineering Management” beynəlxalq jurnalın baş redaktorunun birinci müavini, ABŞ-ın Linkoln Universitetində ehtimal nəzəriyyəsi, tətbiqi mexanika və statistika sahəsi üzrə nəşr olunan məqalələrin redaktorudur. “Springer” nəşriyyatında nəşr olunmuş 10 kitabın baş redaktorudur. Onun rəhbərliyi altında ilk dəfə olaraq Azərbaycan dilində “Ehtimal nəzəriyyəsi Ensiklopediyası” və “Azərbaycan-ingilis-rus-türk dilləri Ehtimal nəzəriyyəsi və riyazi statistika terminləri lüğəti” nəşr edilib.

Professor 1988-ci ildən Bernulli adına Ehtimal və Riyazi Statistika Ümumdünya Cəmiyyətinin, 2005-ci ildən Beynəlxalq Statistika İnstitutunun üzvüdür. A.Hacıyev 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə həqiqi üzvü seçilib. O, 2005-сi ildə Cənubi Qafqaz və Orta Asiyadan Dünya Elmlər Akademiyasına seçilən ilk alimdir. 

Görkəmli alim 2001-2015-ci illərdə AMEA-nın Riyaziyyat üzrə Koordinasiya Şurasının və 2005-2015-ci illərdə İdarəetmə Sistemləri İnstitutunun nəzdində fəaliyyət göstərən D 01.121 müdafiə şurasının sədri olub.

Azərbaycanda Ehtimal nəzəriyyəsi məktəbinin yaradılmasının əsasını qoyan alimin ölkəmizdə elmi kadr hazırlığında da müstəsna xidmətləri var. Onun rəhbərliyi altında 4 elmlər və 8 fəlsəfə doktoru dissertasiyası müdafiə edilib. O, respublikada və bir çox xarici dövlətlərdə müdafiə olunmuş çoxsaylı doktorluq dissertasiyaları üzrə rəsmi opponent kimi çıxış edib.

Akademik Asəf Hacıyevin elmi tədqiqatlarının ən böyük əhəmiyyəti onların praktik tətbiq imkanları ilə ölçülür. Belə ki, alimin rəhbərliyi altında Azərbaycan hərflərinin kompüter klaviaturasında optimal düzülüşü təklif olunub. Təklif olunan düzülüş “Microsoft” şirkətinin “Windows 8.2” və sonraki versiyalarında ”Azerbaijani standart” adı ilə yerləşdirilib.

Professor 1996-2015 illərdə Azərbaycan Respublikasının Milli Məclisinin Elm və Təhsil Komitəsinin üzvü, 2002-2015-ci illərdə isə 12 dövlətdən 77 millət vəkillərinin təmsil olunduğu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Assambleyasında Milli Məclisin nümayəndə heyətinin rəhbəri olub. 2006-2008 və 2011-2013-cü illərdə QDİƏT PA vitse-prezidenti seçilib, 2015-ci ildən isə (2025-ci ilə qədər) sözügedən təşkilatın baş katibidir. Alim, həmçinin 2008-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. O, 2009-2015-ci illərdə YAP Xarici Əlaqələr Departamentinin rəhbəri, 2013-2021 illərdə isə Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü olub.

Dünya elminə mühüm töhfələr bəxş etmiş tanınmış alim Asəf Hacıyevi 70 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı və yeni uğurlar arzulayırıq!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: