1905-ci il iyunun 7-də Azərbaycanda işıq üzü görən “Həyat” qəzeti mətbuat tariximizdə özünəməxsus cəhətləri ilə qalıb. Nəşrin ilk sayında “Qəzetimizin məsləki” sərlövhəli məqalədə mətbuatın xalqın həyatında, cəmiyyətin inkişafında önəmi vurğulanırdı. Baş məqalədə göstərilirdi ki, Qərb ölkələrində, hətta əhalisi 4-5 milyon nəfər olan ölkələrdə 300-400 qəzet buraxılır. Mədəni millətlər qəzeti bəşəri ehtiyacların ən zərurilərindən sayırlar. Mətbuatın cəmiyyətin inkişafında, xalqın maariflənməsi və tərəqqisindəki rolu məqalədə belə qiymətləndirilirdi: “İnsan üçün munis bir yoldaş, xeyirxah bir müəllim, nafiz bir məktəbdir, həm də zillətdə qalanlara doğru yolu, hidayət yolunu göstərir”.
“Həyat” qəzetinin təməlini quranlar milli ictimai-siyasi fikrin üç nəhəngi - Əlimərdan bəy Topçubaşov (naşir), Əhməd bəy Ağaoğlu (redaktor) və Əli bəy Hüseynzadə (redaktor) idi. Qəzetin nəşrini isə azərbaycanlı milyonçu, mesenat Hacı Zeynalabdin Tağıyev maliyyələşdirirdi.
Qəzet Azərbaycan türkcəsində nəşr olunurdu və nəşrinin ilk sayından sonra “Həyat”ın dili müzakirə obyektinə çevrildi və bu, açıq-aşkar polemikalara gətirib çıxardı. “Həyat” qəzeti nəşr olunan ilk gündən Azərbaycan ziyalılarının günün aktual mövzularına dair çıxış etdiyi tribunaya çevrildi. Eyni zamanda Bakıda Azərbaycan türkcəsində qəzetin çıxması ermənilərin kəskin reaksiyasına səbəb olmuşdur.
Qeyd edək ki, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunda (İnv.515/1) atlas parça üzərində çap edilmiş “Həyat” qəzetinin ilk sayı (üzərində 7 iyun 1905-ci il tarixi qeyd olunub) və Hacı Zeynalabdin Tağıyevin mətbəəsində açıq qəhvəyi ipək parçası üzərində çap edilmiş 89-cu sayı (İnv. 539/1) qorunur (4 səhifə. h. 1324, m. 24 aprel 1906).
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.