Hər il AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji kolleksiyasına Azərbaycanın ulu tarixini və zəngin mədəniyyətini özündə əks etdirən bir çox mədəniyyət nümunəsi daxil olur.
Bu günlərdə arxeoloji kolleksiyaya Qazax rayonunun Çaylı kəndində aparılan inşaat işləri zamanı təsadüf nəticəsində tapılmış 7 ədəd əşya təhvil verilib. Materialları muzeyə Azərbaycanın incəsənət nümayəndələrindən biri, Çaylı kənd sakini Rövşən Çivişov hədiyyə edib. Xocalı-Gədəbəy mədəniyyətinə aid olan həmin əşyalar 3 ədəd saxsı qabdan, 2 ədəd tunc bilərzikdən, bir ədəd spiralvari tunc üzükdən və diskşəkilli asma bəzəkdən ibarətdir. Bu tapıntılar təmsil etdikləri bölgənin qədim tarixinə və zəngin mədəniyyətinə aid qiymətli əşyavi mənbələrdir.
Belə ki, sözügedən əşyalar e.ə. II minilliyin sonu - I minilliyin əvvəllərində insanların məşğuliyyəti və məişəti, o cümlədən dulusçuluğu və metalişləmə sənəti haqqında müəyyən təsəvvürlər formalaşdırır. Muzey mütəxəssisləri bu tapıntıların əhəmiyyətini nəzərə alaraq, bir qisminin tunc dövrü ekspozisiyasında nümayiş etdirilməsini məqsədəuyğun hesab ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.