Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

18.02.2015 00:00
  • A-
  • A
  • A+

“İşğal altında qalmış abidələrimiz – tarixi yaddaşın izi ilə” mövzusunda konfrans keçirildi

“İşğal altında qalmış abidələrimiz – tarixi yaddaşın izi ilə” mövzusunda konfrans keçirildi

Bu gün Park Inn otelinin “Dan ulduzu” zalında AR Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi və AMEA İnsan Hüquqları İnstitutunun birgə təşkilatçılığı ilə “İşğal altında qalmış abidələrimiz – tarixi yaddaşın izi ilə” mövzusunda konfrans keçirildi.

Milli Məclisin deputatları, müvafiq dövlət qurumlarının əməkdaşları, beynəlxalq təşkilatların nümayəndələri, alimlər, ictimai xadimlər və KİV nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri, tarix üzrə fəlsəfə doktoru Mübariz Qurbanlı konfransın aktual mövzuya həsr olunduğunu bildirdi və erməni saxtakarlığının ifşasında bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğuladı. Qeyd etdi ki, konfransın əsas məqsədi Ermənistanın işğal etdiyi tarixi Azərbaycan torpaqlarında dağıdılmış, eyni zamanda, ermənilərin özününküləşdirməyə cəhd göstərdikləri dini abidələrimizlə bağlı elmi müzakirə və diskussiyaların aparılması, bu barədə ictimaiyyətin məlumatlandırılmasıdır: “Ermənilər işğal altında olan torpaqlarımızda, o cümlədən Xocalıda soyqırımlar, vəhşiliklər törətmişlər. Bu məlumatların müxtəlif dillərdə yayılıb dünyaya çatdırılması zəruridir”.

Sonra çıxış edən İnsan Hüquqları İnstitutunun direktoru, hüquq elmləri üzrə fəlsəfə doktoru Aytən Mustafayeva bildirdi ki, Azərbaycanın işğal altında qalmış torpaqlarındakı dini, tarixi, mədəni abidələr qeydə alınmalı və işğal nəticəsində ölkəmizə dəymiş maddi zərər hesablanaraq beynəlxalq tribunala təqdim olunmalıdır. Ölkəmizdə tolerantlığın tarixi, bugünkü vəziyyəti barədə məlumat verən A.Mustafayeva qeyd etdi ki, Azərbaycan müxtəlif dinlərin nümayəndələrinin dostluq və qardaşlıq şəraitində yaşadığı ölkədir. Avropalı üçün tolerantlıq hüquqi borcdursa, Azərbaycan üçün bu, mənəvi ehtiyacdır.

Tədbirdə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası ictimai məsələlər və analitik təhlil şöbəsinin müdir müavini Əliheydər Zülfüqarov “Erməni təcavüzü və dini abidələrimiz”, Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov “Dağlıq Qarabağda monumental incəsənət və dini abidələrin ermənilər tərəfindən dağıdılmasının tarixi səbəbləri” mövsuzunda məruzələrlə çıxış etdilər. Məruzələr ətrafında geniş fikir mübadiləsi aparıldı.

Sonda Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi və AMEA İnsan Hüquqları İnstitutu arasında əməkdaşlığa dair memorandum imzalandı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: