AMEA Genetik Ehtiyatlar İnstitutunda (GEİ) görkəmli alim, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, professor İdris Axundzadənin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Yubiley tədbirini giriş sözü ilə Aqrar Elmlər Bölməsinin akademik-katibinin müavini, AMEA-nın müxbir üzvü Mahmud Abdullayev açaraq görkəmli alimin şərəfli ömür yolu və çoxşaxəli fəaliyyəti barədə məlumat verib.
Sonra institutun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov “AMEA-nın müxbir üzvü İdris Axundzadənin elmi-təşkilati fəaliyyəti haqqında” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, İ.Axundzadə 1914-cü ildə Tovuz rayonunda ziyalı ailəsində anadan olmuşdur. 1930-cu ildə Zaqatala Kənd Təsərrüfatı Texnikumunu, daha sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir. 1939-1942-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda baş müəllim, dosent və Subtropik bitkilər kafedrasının müdiri vəzifəsində çalışmış, 1942-ci ildə Kənd Təsərrüfatı Komissarlığının Ali Məktəblər, Texnikumlar və Elmi-Tədqiqat Müəssisələri İdarəsinin rəisi, 1944-cü ildə isə Çoxillik Bitkilərin Azərbaycan Elmi-Tədqiqat İnstitutunun (indiki Elmi Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutu) direktoru təyin edilmişdir. 1956-1961-ci illərdə alim Azərbaycan Elmlər Akademiyasının Genetika və Seleksiya İnstitutunda direktor, 1956-1987-ci illərdə şöbə müdiri vəzifələrində çalışmışdır.
Qeyd edilib ki, alim 1965-ci ildə biologiya elmləri doktoru elmi dərəcəsini, 1966-cı ildə professor elmi adını almışdır. Onun tərəfindən 1 cırtdan alma, 1 innab, 2 feyxoa, 4 nar sortu yaradılmışdır. 200 elmi məqalə, 6 monoqrafiya, 1 dərslik və aqronomlar üçün 3 məsləhət kitabçasının müəllifidir. Elmi, pedaqoji, ictimai fəaliyyəti sahəsindəki xidmətlərinə görə İ.Axundzadə Qırmızı Əmək Bayrağı ordeni, 5 medal, Özbəkistan SSR-in və Əfqanıstanın fəxri fərmanları, həmçinin Əfqanıstanın ali “Ulduz ordeni”nə layiq görülmüşdür.
Tədbirdə Bağçılıq və Subtropik Bitkilər ET İnstitutunun Seleksiya şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Ələddin Sadıqov, AMEA Lənkəran Regional Elmi Mərkəzinin direktoru, professor Fərman Quliyev, BDU-nun Genetika və Darvinizm kafedrasının müdiri, professor Rauf Quliyev, Azərbaycan Elmi Tədqiqat İpəkçilik İnstitutunun direktoru, aqrar elmlər üzrə elmlər doktoru Allahverdi Seyidov, AMEA Aqrar Elmlər Bölməsinin elmi katibi, biologiya üzrə fəlsəfə doktoru Tubuxanım Qasımzadə və başqaları çıxış edərək, bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar, yubilyarla bağlı xatirələrini bölüşüblər.
Sonda çıxış edən İ.M.Axundzadənin qızı, BDU-nun müəllimi Aelita Axundova atasının xatirəsinə göstərilən diqqətə görə AMEA Rəyasət Heyəti, Aqrar Elmlər Bölməsi və GEİ-nin rəhbərliyinə təşəkkürünü bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.