Fevralın 24-də AMEA-nın Əsas binasında akademiyanın Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunan anım tədbiri keçirildi.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan şuranın sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov 1992-ci ilin fevralında Xocalıda baş vermiş dəhşətli hadisələrdən danışdı, bu faciəni bəşər tarixində insanlığa qarşı törədilmiş soyqırımı aktı olduğunu qeyd etdi. Bildirdi ki, bu faciəyə ilk dəfə hüquqi-siyasi qiymət ümummilli liderimiz Heydər Əliyev tərəfindən verilmişdir. Ulu öndər Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi soyqırımı və terror siyasətinin mahiyyətini, habelə ərazilərimizin Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra Dağlıq Qarabağın terrorizm mənbəyinə çevrilməsi və digər faktların dünya ictimaiyyətinə çatdırılmasını xarici siyasətdə mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etmiş, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq, beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırmışdır.
F.Salmanov qeyd etdi ki, bu gün artıq dünyanın bir çox ölkələrində erməni millətçilərinin törətdikləri soyqırımı aktı tanınır, faciə ilə bağlı təbliğat xarakterli tədbirlər təşkil olunur.
Diqqətə çatdırıldı ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” Beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası bu soyqırımının təkcə xalqımıza qarşı deyil, bütövlükdə insanlığa, bəşəriyyətə qarşı yönələn ən ağır cinayətlərdən biri kimi tanıdılması baxımından mühüm işlər həyata keçirir.
Ölkə Prezidenti İlham Əliyev tərəfindən faciənin bütün dünyada soyqırımı aktı kimi tanıdılması istiqamətində aparılan işlərə böyük dəstək verildiyini bildirən Şura sədri qeyd etdi ki, bütün bunlar gənclərimizdə mübarizlik əzmini, vətənpərvərlik hissini daha da gücləndirir. Sevindirici haldır ki, gənclər bu işdə fəallıq nümayiş etdirərək dövlətimizin apardığı siyasəti dəstəkləyir, Azərbaycan həqiqətlərinin dünyada təbliği istiqamətində mühüm əhəmiyyət daşıyan tədbirlər təşkil edirlər.
Qeyd edildi ki, Azərbaycan gəncləri bəşəriyyətə qarşı amansız cinayət olan Xocalı soyqırımını heç vaxt unutmamalı, ədalət bərpa olunanadək bu vəhşiliyin dünyaya bəyan edilməsi uğrunda mübarizə aparmalıdırlar.
Sonra AMEA İnsan Hüquqları İnstitutunun Milli təhlükəsizlik və erməni araşdırmaları şöbəsinin böyük elmi işçisi Esmira Orucova, Tarix İnstitutunun Azərbaycan diasporu şöbəsinin əməkdaşı Raisə Cəfərova, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun Təbiət elmləri kafedrasının mudiri, dosent Yusif Alıyev, Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırova və başqaları çıxış edərək, Xocalı soyqırımı kimi cinayətlərin cəzasız qalmamasının zəruriliyini vurğuladılar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.