Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

10.09.2021 13:05
  • A-
  • A
  • A+

İdarəetmə Sistemləri İnstitutunda “Sabahın alimləri” müsabiqəsinə hazırlaşan şagirdlərlə görüş keçirilib

İdarəetmə Sistemləri İnstitutunda “Sabahın alimləri” müsabiqəsinə hazırlaşan şagirdlərlə görüş keçirilib

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda (İSİ) 189-190 saylı tam orta məktəbin şagirdləri ilə görüş keçirilib.

İclası institutun baş direktoru, akademik Əli Abbasov açaraq bildirib ki, “Sabahın alimləri” Respublika Müsabiqəsi Təhsil Nazirliyinin təşəbbüsü ilə 2012-ci ildən etibarən keçirilir və müsabiqəyə Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi təşkilatçılıq edir.

Akademik Ə.Abbasov qeyd edib ki, Azərbaycan Milli Elmlər Akademiyası bütün müsabiqələrdə əsas təşkilatçılardan biri kimi Təhsil Nazirliyi və orta məktəblərlə sıx əməkdaşlıq çərçivəsində fəaliyyət göstərərək layihələrə elmi dəstək verib. İdarəetmə Sistemləri İnstitutu da AMEA-nın aparıcı elmi müəssisəsi kimi bu prosesdə həmişə yaxından iştirak edib və bundan sonra da edəcək.

Ə.Abbasov AMEA alimlərinin elmi məsləhət verdiyi layihələrin müsabiqələrdə həmişə uğur qazandıqlarını və bir neçəsinin final mərhəsinə çıxaraq ABŞ-da keçirilən – Beynəlxalq Elm və Mühəndislik Sərgisinə (İSEF) vəsiqə aldıqlarını vurğulayaraq, İSİ-nin idarəetmə, kompüter elmləri, müsir informasiya texnologiyaları və süni intellekt sahələrindəki elmi araşdırmaların gənc tədqiqatçılar üçün böyük maraq kəsb etdiyini bildirib. O, 189-190 saylı tam orta məktəbin rəhbərliyinin İSİ-nin alimlərini məktəbin komandasına elmi məsləhətçi kimi seçməsinin də bu maraqdan irəli gəldiyini qeyd edib.

Çıxışının sonunda Ə.Abbasov 189-190 saylı tam orta məktəbin şagirdlərinə müsabiqədə İSİ-nin bir sıra aliminin rəhbərlik edəcəyini bildirərək onlara uğurlar arzulayıb.

Sonra İSİ-nin icraçı direktoru, AMEA-nın müxbir üvzü Əminağa Sadıqov çıxış edərək elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar edilməsi baxımından “Sabahın alimləri” Respublika Müsabiqəsinin çox faydalı layihə olduğunu qeyd edib. AMEA-nın məsul nümayəndəsi kimi indiyədək keçirilmiş müsabiqələrin hamısının təşkilat komitələrinin üzvü olduğunu qeyd edən Ə.Sadıqov, yüzlərlə şagirdin bu müsabiqələrdə böyük həvəslə iştirak etdiyinin şahidi olduğunu bildirib. O, vurğulayıb ki, AMEA-nın bütün institutları, o cümlədən İdarəetmə Sistemləri İnstitutu gənc istedadların erkən aşkar olunmasında və tədqiqat işlərinə cəlb edilməsində ən maraqlı qurumlardır. Ə.Sadıqov İSİ-də şagirdlərin layihə üzərində işləmələri üçün lazımi şəraitin yaradılacağını əminliklə bildirib.

Daha sonra 189-190 saylı tam orta məktəbin direktoru Ceyran Quliyeva çıxış edərək orta təhsilin keyfiyyətini artırmaq məqsədilə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən islahatlardan və məqsədyönlü layihələrdən danışıb. O, “Sabahın alimləri” müsabiqəsinin də həmin layihələrdən biri olduğunu diqqətə çatdıraraq, AMEA-nın bu müsabiqənin əsas təşkilatçılarından biri olamasını, AMEA rəhbərliyinin və alimlərinin müsabiqə iştirakçılarına həm elmi, həm də təşkilati dəstək verməsini yüksək qiymətləndirib. C.Quliyeva bildirib ki, müsabiqənin bir neçə müasir və aktual elmi istiqamətinin AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun profilinə uyğun olduğunu nəzərə alaraq şagirdlərimiz bu institutun alimlərindən məsləhət almaq istəyini bildiriblər. Direktor məktəbin müraciətinə xüsusi diqqət ayırdıqları üçün AMEA-nın və İSİ-nin rəhbərliyinə minnətdarlığını ifadə edib və şagirdlərin elmi məsləhətçilərinə təşəkkürünü bildirib.

Sonra görüşdə iştirak edən texnika elmləri doktorları Fərhad Paşayev və Asif Rzayev, dos. Ədalət Paşayev, institutun Təhsil şöbəsinin müdiri, r.ü.f.d. Sevinc Quliyeva və 189-190 saylı tam orta məktəbin riyaziyyat müəllimi Nüşabə Əhmədova çıxış edərək mövzuların seçilməsi, layihələrin hazırlanması və müsabiqəyə təqdim edilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Sonda şagirdlər İSİ-nin sərgi zalında institutun elmi nailiyyətləri ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: