Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Azərbaycanı qələbəyə aparan gündən 1 il ötür...
24.09.2021 16:53
  • A-
  • A
  • A+

Azərbaycanı qələbəyə aparan gündən 1 il ötür...

27 sentyabr Azərbaycanın mübarizə tarixinə II Vətən müharibəsi, II Qarabağ savaşının başlanğıcı kimi düşdü. Ötən ilin bu günündə Azərbaycan 30 illik işğal dövründən sonra haqq savaşına qalxdı.

2020-ci il sentyabrın 27-si səhər saatlarında təcavüzkar erməni ordusunun cəbhəboyu Azərbaycan ərazilərinə hücum etməsindən sonra, buna cavab olaraq Ali Baş Komandanın əmri ilə bütün təmas xətti boyu əks-hücum əməliyyatlarına başlanıldı.

Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdi. Elə həmin gün televiziya kanallarında əzmkar ordumuzun bir çox yaşayış məntəqələri və strateji yüksəklikləri işğaldan azad edərək tarixi nailiyyətlərə imza atdıqları barədə verilən xəbər xalqımızın hədsiz sevincinə səbəb oldu.

Dövlət başçısı müharibənin ilk günündə xalqa müraciətində demişdir: “Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar var. Allah şəhidlərimizə rəhmət eləsin! Onların qanı yerdə qalmayacaqdır. Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir və bu zərbələr nəticəsində düşmənin bir çox hərbi texnikaları sıradan çıxıb. Bu, erməni faşizminin növbəti təzahürüdür”.

Ölkə Prezidenti öz nitqində bütün həmvətənlərimizi vahid Azərbaycan bayrağı altında birləşdirərək onların fikir və düşüncələrini ifadə etmiş, xalqı qələbəyə ruhlandırmışdır. Siyasi və sosial mənsubiyyətindən asılı olmayaraq hər kəs vətən uğrunda birləşərək dövlət başçısının siyasətini tam şəkildə dəstəkləmişdir.

Dövlət başçısının “Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” şüarı təkcə Azərbaycan Ordusunun deyil, bütün xalqın dilinin əzbərinə çevrildi. 44 gün ərzində ordumuz kiçik uğurlardan böyük uğurlara doğru irəlilədi. Azərbaycanın ildən-ilə güc toplayan rəşadətli ordusu düşməni torpaqlarımızdan qovub çıxardı, üçrəngli bayrağımız yenidən vətən torpaqlarında, Qarabağın döyünən ürəyi olan Şuşada qürurla dalğalanmağa başladı. Ərazi bütövlüyümüz dövlət, ordu və xalq birliyi nəticəsində, milli ruh hesabına təmin edildi.

Prezident İlham Əliyev bütöv və müstəqil Azərbaycan uğrunda mübarizədə xalqın haqq səsini ucaltdı. Azərbaycanın hərbi potensialı və müdafiə qüdrətinin gücləndirilməsi sahəsində əldə edilən nailiyyətlər işğal altında olan torpaqlarımızın addım-addım azad olunmasına gətirib çıxardı.

“Torpaq, uğrunda ölən varsa vətəndir!” sözlərini şüara çevirən cəsur Azərbaycan gəncləri qorxmadan-çəkinmədən, canları və qanları bahasına düşmənlə mübarizə apardılar. Ordumuz irəli gedərək hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, eləcə də yüksəklikləri azad edirdi.

Azərbaycan Ordusu oktyabrın 4-də Cəbrayılı, 17-də Füzulini, 20-də Zəngilanı, 25-də isə Qubadlını işğaldan azad etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də xalqımıza Şuşanın azad edilməsi müjdəsini verdi. Şuşa zəfəri müharibənin taleyini həll etdi. Ertəsi gün daha 70-dən çox kəndin azad olunması xəbəri gəldi və bundan bir gün sonra Ermənistanın baş naziri Paşinyan Azərbaycan Prezidentinin şərtlərini qəbul edərək kapitulyasiya aktına imza atmağa məcbur oldu.

Azərbaycan cəmiyyətinin öndə gedən bir qurumu kimi Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) da bu qələbənin qazanılmasına mühüm töhfələrini vermişdir. Sentyabrın 27-də Azərbaycan ordusunun əks-hücuma keçməsi barədə rəsmi məlumat yayılandan cəmi bir neçə saat sonra AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev başda olmaqla Akademiyanın Rəyasət Heyəti operativ olaraq bəyanat yaydı. Bəyanatda qeyd olunurdu: “...Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin əmrilə işğalçı Ermənistana qarşı bütün cəbhə boyu genişmiqyaslı əks-hücum əməliyyatına başlamışlar. ...Döyüş əməliyyatlarının gedişində erməni ordusuna endirilən sarsıdıcı zərbələr nəticəsində, düşmən çox sayda canlı qüvvə və texnika itirərək geri çəkilmək məcburiyyətində qalmışdır”.

AMEA-nın müxtəlif institut və təşkilatlarında çalışan onlarla gənc dövlət başçısının çağırışlarına cavab olaraq, könüllü şəkildə cəbhə bölgəsinə yollandı, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şərəflə vətəndaşlıq borcunu yerinə yetirdi. Onların arasında vətən uğrunda canından keçib şəhidlik zirvəsinə ucalanlar, eləcə də qazi olanlar oldu. AMEA-nın bir neçə əməkdaşı Vətən müharibəsində öz yaxınlarını və doğmalarını itirdi.

Belə ki, Vətən müharibəsi şəhidi, AMEA Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşı Bağırzadə Mahsun Zahir oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.

Torpaqlarımızın düşmən işğalından azad olunmasında igidlik və şücaət göstərən Vətən müharibəsi şəhidlərindən biri də AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşı Bəhmənli Manaf Bəhmən oğludur. Ölümündən sonra o, “Vətən uğrunda” və “Hərbi xidmətə görə” medalları ilə təltif olunmuşdur.

AMEA Yüksək Texnologiyalar Parkının baş mühəndisi Rahim Heydərovun oğlu, 25 yaşında qəhrəmancasına şəhid olmuş əsgər Rafiq Heydərov da ölümündən sonra təltif edilənlər sırasındadır. Döyüşlərdə göstərdiyi şücaətə görə o, ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. Rafiq Heydərov bir müddət AMEA Yüksək Texnologiyalar Parkının rezidenti olan Təcrübə-Sənaye Zavodunda fəaliyyət göstərib.

Bundan əlavə, AMEA-nın ərazi bütövlüyümüz uğrunda mübarizə aparmış, Vətən müharibəsi iştirakçısı olan əməkdaşları Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə medallarla təltif olunmuşlar.

Azərbaycan Milli Elmlər Akademiyası Qarabağ savaşının elə ilk saatlarından elmi informasiya müharibəsinin ön cəbhəsində yer aldı. Ölkə ziyalıları kütləvi informasiya vasitələrində müntəzəm olaraq çıxışlar edərək Azərbaycan reallıqlarını dünya ictimaiyyətinə çatdırdılar. AMEA mətbuatı da öz növbəsində müharibə dövründə Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında fəal iştirak etdi. Ayrı-ayrı institut və təşkilatlarda mütəmadi olaraq Ali Baş Komandana və Azərbaycan Ordusuna dəstək məqsədilə toplantılar keçirildi.

Müharibə dövründə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev 73 ölkənin Elmlər Akademiyasının prezidentinə və universitet rektoruna ermənilərin terrorçuluq fəaliyyəti barədə müraciət ünvanladı. Bundan başqa, akademiyanın əməkdaşları ölkə mediasında və sosial şəbəkədə vaxtaşırı olaraq bu istiqamətdə çıxışlar etdi.

Müharibə günlərində şanlı ordumuza dəstək məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi və kollektivi könüllü olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 400 min manata yaxın maddi vəsait köçürmüş, akademiyanın Yüksək Texnologiyalar Parkı tərəfindən ordumuzun ehtiyacları üçün zəruri tibbi ləvazimatlar, eləcə də Təcrübə-Sənaye Zavodunun istehsal etdiyi mühərrik və sürtkü yağlarından ibarət yardım göndərilmişdir. Eyni zamanda, Akademiyanın kollektivi,  alimləri bu taleyüklü günlərdə əsl dövlətçilik və vətəndaşlıq mövqeyi nümayiş etdirmişlər.

Cari ilin may ayında Azərbaycan Milli Elmlər Akademiyasında “Qarabağın biomüxtəlifliyi, torpaq və su ehtiyatları: keçmişi, bugünü və gələcəyi” mövzusunda keçirilən onlayn konfransda Qarabağ regionunda ermənilər tərəfindən törədilmiş ekoloji fəlakətin elmi əsaslı monitorinqi, azad edilmiş ərazilərin bioloji müxtəlifliyinin, torpaq və su ehtiyatlarının, kənd təsərrüfatının işğaldan əvvəlki və mövcud vəziyyətinin müqayisəli təhlili istiqamətində müxtəlif tədqiqatların nəticələri təqdim olundu.

Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi tarixi zəfər və dövlət başçısının Qarabağın bərpası üçün başladığı irimiqyaslı quruculuq işləri AMEA qarşısında da yeni vəzifələr qoymuşdur. Vətən müharibəsində olduğu kimi, işğaldan azad edilmiş Qarabağ torpaqlarının bərpası işində, “Ağıllı şəhər”, “Ağıllı kənd” layihələrinin icrasında, bölgənin zəngin mədəni irsinin öyrənilməsində, ekoloji mühitinin tədqiq və bərpası kimi vəzifələrin icrasında da AMEA-nın elmi müəssisələri bütün resursları ilə fəal iştirak edir.

44 gün ərzində Azərbaycanın Müzəffər Ordusu bütün dünyaya öz yenilməzliyi və qəhrəmanlığını nümayiş etdirmiş, Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2904 hərbi qulluqçusu şəhid olmuş, 10 hərbi qulluqçumuz itkin düşmüş, 1000 nəfərdən artıq hərbi qulluqçumuz yaralanaraq sağlamlığını itirmişdir. 

Azərbaycan hər zaman vətən övladlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentyabrın 27-sinin Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.

Vətənin azadlığı və suverenliyi uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi hər zaman qəlbimizdə yaşayacaq!

Nərgiz QƏHRƏMANOVA, AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin sektor müdiri, dissertant

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: