Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜSAHİBƏLƏR

Professor Məmməd Əliyev: “MEK Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının Elmi şurasına üzv seçilmiş ilk Azərbaycan kitabxanasıdır”
30.11.2021 15:52
  • A-
  • A
  • A+

Professor Məmməd Əliyev: “MEK Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının Elmi şurasına üzv seçilmiş ilk Azərbaycan kitabxanasıdır”

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) beynəlxalq əlaqələrinin genişləndirilməsinə böyük önəm verir, yeni əlaqələrin qurulması, dünyanın nüfuzlu elmi kitabxanalarının imkanlarından istifadənin təşkili istiqamətində mühüm işlər həyata keçirir. Bu günlərdə MEK-in baş direktoru, fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyev “Kitab mədəniyyətinin müasir problemləri: əsas tendensiyalar və inkişaf perspektivləri” adlı XIV Belarus-Rusiya elmi seminar-konfransında iştirak üçün Moskva şəhərində səfərdə olub.

MEK-in baş direktoru, professor Məmməd Əliyev ilə müsahibəni təqdim edirik.

- Məmməd müəllim, Rusiyaya səfəriniz barədə məlumat verərdiniz.

- 23-27 noyabr 2021-ci il tarixlərində MEK-in Sərbəst elektron resurslar şöbəsinin əməkdaşı Rövşən Məmmədov ilə birgə Rusiyanın Moskva şəhərində Belarus səfirliyində keçirilən “Kitab mədəniyyətinin müasir problemləri: əsas tendensiyalar və inkişaf perspektivləri” adlı XIV Belarus-Rusiya elmi seminar-konfransında iştirak etdik.

Kitab mədəniyyətinin inkişafı, yazı ənənələri, mətn kommunikasiyası, kitab və əlyazma fondlarının tarixi, nadir nəşrlərin mövcudluğu ilə bağlı geniş müzakirələrin aparıldığı konfransda “Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında şəxsi kolleksiyaların yeri və rolu” mövzusunda təqdimatla çıxış etdim və MEK-də saxlanılan çoxlu sayda nadir kolleksiyalar barədə iştirakçılara məlumat verdim.

Məruzədə 100 ilə yaxın yaşı olan kitabxananın Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə əsaslı inkişaf yolu keçdiyi bildirilib, elmi müəssisə statusu almasından bu günə kimi keçdiyi inkişaf tarixi təqdim olunub. MEK-in dünyanın bir neçə ölkəsi və beynəlxalq təşkilatları ilə yanaşı, Rusiya kitabxanaları ilə geniş əməkdaşlıq əlaqələrindən bəhs olunub. Həmçinin MEK-də mövcud olan rusiyalı tanınmış ziyalıların şəxsi kolleksiyalarının tədqiqatçı alimlər üçün qiymətli mənbə olduğu vurğulanıb.

Bundan başqa, təqdimatda iştirakçılara Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnən İkinci Qarabağ müharibəsi zamanı qazanılan şanlı Qələbə haqqında məlumat verilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətənin ərazi bütövlüyü və inkişafı naminə canlarından keçən şəhidlərimizin, sağlamlıqlarını qurban vermiş qazilərimizin qəhrəmanlıqları haqqında məlumat verilib, o cümlədən MEK-də “Qarabağ müharibəsi qəhrəmanları” fondunun yaradıldığı diqqətə çatdırılıb.

Tədbirdə 44 günlük Vətən müharibəsinin biblioqrafiyası, Azərbaycan alimlərinin kitabları Belarus Elmlər Akademiyasının kitabxanasına hədiyyə edilib.

- Səfəriniz çərçivəsində Belarus Milli Elmlər Akademiyasının Yakub Kolas adına Mərkəzi Elmi Kitabxanası arasında imzalanmış əməkdaşlığa dair müqavilə hansı istiqamətlərdə birgə əməkdaşlığı nəzərdə tutur?

- Qeyd edim ki, Belarus Milli Elmlər Akademiyasının Yakub Kolas adına Mərkəzi Elmi Kitabxanası arasında əməkdaşlığa dair saziş MEK-in son bir ildə dünyanın müxtəlif ölkələrində yerləşən kitabxanaları ilə imzalanmış dördüncü müqaviləsidir. Bundan əvvəl, Moldova, Qazaxıstan, Rusiya Elmlər akademiyaları ilə əməkdaşlıq əlaqələri qurulub və birgə işlərin həyata keçirilməsinə başlanılıb. Bu müqavilələrə əsasən, sıx əməkdaşlıq əlaqələrinin qurulması, hər iki kitabxananın elektron resurslarından qarşılıqlı istifadə, birgə kitab mübadiləsinin aparılması ilə Azərbaycan həqiqətləri, ölkə siyasəti, mədəniyyəti, ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri  və ölkə Prezidenti İlham Əliyevin bugünkü fəaliyyəti ilə bağlı elmi kitablar, toplular və məqalələrin bu kitabxanalarda yerləşdirilməsi nəzərdə tutulur.

Bu əməkdaşlıq, həmçinin Azərbaycan ədəbiyyatının, mədəniyyətinin və s. Belarusda təbliği istiqamətində görülən işlərə dəstək verəcək.

Bildiyimiz kimi, hər il may ayında Ulu Öndərin doğulduğu tarix bütün ölkə ərazisində təntənəli şəkildə qeyd olunur. Azərbaycan multikulturalizmi dünyada bir modeldir və ölkə siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Ulu öndər Heydər Əliyevin yorulmaz fəaliyyəti də Azərbaycan ədəbiyyatında öz izini qoyan istiqamətlərdən biridir.

MEK hər il həmin tarixdə əməkdaşlıq etdiyi dünya kitabxanalarında Azərbaycan ədəbiyyatı həftəsinin keçirilməsi və burada Ümummili Liderin yaradıcılığının təqdim edilməsi təşəbbüsü ilə AMEA Rəyasət Heyəti qarşısında çıxış etmək niyyətindədir.

Belə ki, bir çox ölkələrdə Azərbaycanın tarixi, ədəbiyyatı ilə bağlı elmi ədəbiyyatlar kifayət qədər olsa da, müasir Azərbaycan tarixi və ədəbiyyatı ilə bağlı kitablara az rast gəlinir. Bu səbəbdən həmin sərgilərin növbəti ilin mart və ya aprel aylarından elektron və ya yazılı formatda bu kitabxanalarda təşkil olunması planlaşdırılır.

- Rusiya səfəriniz zamanı MEK Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının Elmi şurasının üzvlüyünə daxil olub. Bu üzvlük assosiasiyanın tərkibinə qəbul edilən ilk Azərbaycan kitabxanası olan MEK-ə hansı üstünlüklər vəd edir?

- Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyası 1993-cü ildə Kiyevdə müxtəlif ölkələrin akademiyaları arasında qarşılıqlı əlaqələrin təşkili məqsədilə yaradılıb. Beynəlxalq qeyri-hökumət təşkilatı kimi yaradılmış bu qurum ən mühüm elmi problemlərin çoxtərəfli əsasda həllində, alimlər arasında tarixən yaranmış yaradıcılıq əlaqələrinin qorunub saxlanılmasında və inkişaf etdirilməsində elmlər akademiyalarının səylərini birləşdirməyi əsas məqsəd kimi müəyyən edib. 2017-ci ildən bu quruma Belarus Milli Elmlər Akademiyası rəhbərlik edir.

Assosiasiyanın 21 tamhüquqlu üzvündən biri də Azərbaycan Milli Elmlər Akademiyasıdır. Qurumun tərkibində 24 Elmi şura fəaliyyət göstərir. Bu qurumlardan biri də yeni yaradılmış Kitab nəşri və kitab mədəniyyəti üzrə Elmi şuradır. Səfərim çərçivəsində MEK ölkəmizdə ilk dəfə olaraq bu şuraya üzv seçilmiş kitabxana oldu. Bununla yanaşı, AMEA-nın “Elm nəşriyyatı” da bu şuraya üzvlüyə qəbul olundu.

Bu Elmi şuraya üzvlük akademik kitab nəşri sahəsində beynəlxalq əlaqələrin genişləndirilməsi baxımından yeni imkanlar açacaq. Belə ki, qurum öz fəaliyyətini elmi, elmi-texniki və soraq-məlumat ədəbiyyatının beynəlxalq mübadiləsinin inkişafına əsaslanan informasiya məkanının formalaşması, akademik kitab nəşri sahəsində dövlətlərarası elmi və mədəni əlaqələrin genişləndirilməsi kimi istiqamətlər üzrə həyata keçirir. Bundan əlavə, şura akademik kitab nəşri və kitab mədəniyyəti sahəsində müştərək nəşriyyat layihələri və tədqiqat proqramlarının əlaqələndirilməsi, müsabiqə və elmi forumların keçirilməsi və s. vəzifələri icra edir.

Qeyd edim ki, yaxın zamanda qurumun tamhüquqlu üzv təşkilatları 2022-ci ildə görüləcək məsələləri müzakirə etmək üçün bir araya gələcək.

- Səfər çərçivəsində daha hansı qurumlarla əməkdaşlıq əlaqələrinin qurulmasına dair razılıq əldə olunub?

- Xüsusilə qeyd etmək istərdim ki, dünyanın müxtəlif ölkələrinin kitabxanaları ilə əməkdaşlıq əlaqələrinin  qurulması həmin kitabxanaların informasiya resurlarına giriş imkanları əldə etməyə şərait yaradır.

Səfər zamanı bir çox elmi kitabxanalar, o cümlədən Rusiya Elmlər Akademiyasının Sibir Bölməsi ilə əməkdaşlıq əlaqələrinin qurulmasına dair müzakirələr aparılıb.

Son olaraq, MEK-də bir il ərzində görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verməyinizi istərdik.

İlk növbədə, bildirim ki, bir il ərzində dünyanın dörd ölkəsinin kitabxanaları ilə əməkdaşlıq əlaqələrinin qurulması MEK-in fəaliyyətinin təkmilləşdirilməsi üçün geniş imkanlar açır. Son bir ildə 20 minə yaxın kitab kitabxanamızın fondlarına hədiyyə olunub.

Bununla yanaşı, il ərzində MEK nümayəndə heyətinin Rusiya, Türkiyə və digər ölkələrə, həmçinin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş tədbirdə iştirak üçün Gəncə şəhərinə ezamiyyətləri təşkil olunub.

Həmçinin MEK-in Sərbəst elektron resurslar şöbəsinin əməkdaşı Rövşən Məmmədovun, MEK-in icraçı direktoru Şəhla Quliyeva ilə həmmüəllif olduqları “Nadir kitablar və qiymətli nəşrlər fondu: tarix və inkişaf perspektivi”, MEK-in şöbə müdirləri Aygün Səfərova və Gülnar Məmmədovanın həmmüəllif olduqları “Milli Rəqəmsal Yaddaş: müasir rəqəmsal texnologiyanın tətbiqi (AMEA Mərkəzi Elmi Kitabxanasının iş təcrübəsi əsasında)” adlı məqalələri Belarusun “Elmi əsərlər” jurnalında çap olunub.

Bundan başqa, kitabxana tərəfindən N.Gəncəvi yaradıcılığına həsr olunmuş biblioqrafiya tərtib olunub və onun yaxın zamanda işıq üzü görməsi planlaşdırılır.

Həmçinin yanvar ayında MEK-də “Qarabağ müharibəsi qəhrəmanları” fondu yaradılıb. Onu da qeyd edim ki, bu, Azərbaycan kitabxana sistemində Qarabağ müharibəsi qəhrəmanlarına həsr olunmuş yeganə fonddur. Fondda Qarabağa dair kitablar, monoqrafiyalar, məqalələr toplanılıb. Gündən-günə daha da zənginləşdirilən bu fond başda Ali Baş Komandan olmaqla Qarabağ şəhidləri, qazilərinə MEK-in bir töhfəsidir.

Kitabxanada Azərbaycanda ilk dəfə olaraq 44 günlük müharibənin biblioqrafiyası çap olunub. Biblioqrafik göstəricidə 27 sentyabr 2020-ci il tarixindən Zəfər gününədək Azərbaycanda nəşr olunmuş bütün məlumatlar, məqalələr, kitablar öz əksini tapıb.

MEK-də son bir ildə həyata keçirilən tədbirlərdən biri də “Heydər Əliyev lektoriyası”nın təşkilidir. Ulu Öndərin irsini öyrənmək hər bir azərbaycanlının borcudur. Bu baxımdan lektoriyanın fəaliyyəti xüsusi önəm kəsb edir. Lektoriyalarda “Heydər Əliyev və Azərbaycan dili”, “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi”, “Heydər Əliyev və Azərbaycanda təhsil”, “Heydər Əliyev və Azərbaycan musiqisi” və digər mövzularda müzakirələr aparılıb, Ümummilli Liderin irsi öyrənilib.

Digər tərəfdən, MEK-in yeniliklərindən biri də  müasir dövrün tələblərinə uyğun olaraq struktur dəyişikliklərinin həyata keçirilməsi ilə bağlıdır. Bu gün MEK-də Azərbaycanşünaslıq istiqamətində ciddi işər görülür, milli rəqəmsal yaddaşla əlaqədar əhəmiyyətli tədbirlər həyata keçirilir. Qeyd edim ki, ötən ilədək kitabxanada Azərbaycanşünaslıq istiqamətində kartoteklərin toplanmaması bir sıra problemlər yaratmışdır. Lakin bu istiqamətdə də işlər davam etməkdədir. Bundan başqa, kitabxana sistemində tətbiq olunan proqramlar daha da təkmilləşdirilir, kitabların elektron versiyaları yaradılır.

Müsahibəni apardı: Nərgiz QƏHRƏMANOVA, AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin sektor müdiri, dissertant

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: