Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜSAHİBƏLƏR

06.12.2021 15:48
  • A-
  • A
  • A+

Botanika İnstitutunun baş direktoru: “Ölkəmizdə dərman bitkilərinin kompleks tədqiqi ən vacib məsələlərdən biri hesab olunmalıdır”

Botanika İnstitutunun baş direktoru: “Ölkəmizdə dərman bitkilərinin kompleks tədqiqi ən vacib məsələlərdən biri hesab olunmalıdır”

Azərbaycan florasında 1500-ə qədər dərman bitkisi yayılmışdır ki, bu bitkilərdən bir çoxu kütləvi toplanılmaqla ölkədən çıxarılır. Lakin bu zaman bəzi bitkilərin azalma təhlükəsi yaranır və toplanılarkən müəyyən hədlərin gözlənilməsinə ciddi nəzarət edilmir. Müəyyən yollarla bitkilərin toplanılaraq ölkədən çıxarılması, sex və ya zavodlarda qida əlavəsi və ya bioloji əlavə kimi istehsalı bir tərəfdən insanların maddi rifahına yüksək təsir göstərsə də, digər tərəfdən floraya ciddi zərbə vurur. Bitkilərin təbii areallarında məhv olmaqla sıradan çıxmasının qarşısının alınması üçün onların süni şəraitdə çoxaldılması vacibdir.

Bu fikirləri uzun illər AMEA-nın Botanika İnstitutunun Etnobotanika laboratoriyasının müdiri kimi çalışmış, respublikamızın tanınmış bioloq alimlərindən biri, Botanika İnstitutunun baş direktoru, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva müsahibəsində bildirib. Həmin müsahibəni təqdim edirik:

- Səyyarə xanım, AMEA-nın Botanika İnstitutu Akademiyanın qabaqcıl müəssisələrindən biri kimi elmi nailiyyətləri ilə hər zaman seçilib, botanika elminin inkişafında və elmi kadrların yetişdirilməsində böyük rol oynayıb. İnstitutun qarşısında qoyulan vəzifələrin icrası istiqamətində görülən işlər barədə məlumat verərdiniz.

- Məlum olduğu kimi, AMEA-nın Botanika İnstitutu 1936-cı ildə çox dəyərli korifey alimlər tərəfindən SSRİ Elmlər Akademiyasının Zaqafqaziya Bölməsinin Azərbaycan Botanika şöbəsinin bazasında rəsmi qurum kimi yaradılmışdır. İnstitutun yaradılmasında və inkişafında müəssisənin ilk direktoru, görkəmli botanik, Qafqaz florasının tanınmış tədqiqatçısı, SSRİ Dövlət Mükafatı laureatı, SSRİ Elmlər Akademiyasının həqiqi üzvü Aleksandr Qrossheym mühüm rol oynamışdır.

Sonradan tədricən ibtidai bitkilər və göbələklərin 1960-dan çox növü, ali bitkilərin 4557-yə yaxın növü təsvir edilmiş, zəngin herbari fondu yaradılmışdır. 8 cildlik “Azərbaycan florası” (1950-1961), 3 cildlik “Azərbaycanın mikroflorası” hələ o zamanlar yazılmış və nəşr edilmişdir. Azərbaycanın “Qırmızı Kitabı”nın (1980) birinci nəşrinə 140 bitki, ikinci nəşrinə (2013) 300 növ bitki və göbələk daxil edilmişdir. Botanika İnstitutunun əməkdaşları tərəfindən yüzlərlə məqalə, 86 patent (5 Avro-Asiya) və müəllif hüququ sertifikatı alınmışdır.

Lakin təəssüflə qeyd etmək istəyirəm ki, Azərbaycan florasının sonrakı nəşri yarımçıq qalmış və bu vaxta qədər nəşr edilməmişdir. Hazırda bu işin yenidən başlanılması və Azərbaycan florasının yeni nəşrinin işıq üzü görməsi istiqamətində fəaliyyət proqramı hazırlamaqdayıq. Ümid edirik ki, yaxın gələcəkdə bu işləri hissə-hissə təqdim edəcəyik.

- Bitkilərin genezisi və formalaşması, bitki еhtiyatşünaslığı, biоlоji fəal maddələrin, еfir yağlarının alınması və istifadə yоllarının aхtarılması istiqamətində 200-dən çox elmi əsərin müəllifisiniz. Azərbaycan florasının öyrənilməsi istiqamətində institutda apardığınız tədqiqatlar barədə məlumat verərdiniz.

- Azərbaycan florasında Apiaceae, Malvaceae, Lilaceae, İridaceae, Polygonaceae fəsilələrinin taksоnоmik tərkibi və biоеkоlоji xüsusiyyətləri müəyyənləşdirilmiş, mühüm xalq təsərrüfat əhəmiyyətli növlərin regionlar üzrə ehtiyatı öyrənilmiş və ilk dəfə olaraq, itməkdə olan 70-dən çox növün mühafizəsi üzrə tədbirlər kompleksi işlənib hazırlanmışdır. Onlardan bəziləri Azərbaycanın “Qırmızı kitabı”nın II nəşrinə daxil edilmiş, 30-dan çox növ barədə III nəşrə tövsiyə verilmişdir. Fəsilələr üzrə Azərbaycan florasına Kərəvüzkimilərdən 6 cins, 23 növ və 1 yarımnöv, Dalamazkimilərdən 2 növ, o cümlədən Naxçıvan Muxtar Respublikası florasına 7 növ ilk dəfə təsvir edilmiş, təyinediciləri tərtib edilmiş, fitosenologiyası və təsərrüfat əhəmiyyəti öyrənilmiş, 300-ə qədər növün areal xəritəsi tərtib edilmişdir. Qoruq və yasaqlıqların, o cümlədən Zəngəzur və Şahdağ Milli Parkının flora və bitkiliyi tədqiq edilmiş, nadir bitkilərin müasir vəziyyəti öyrənilmiş, bu sahədə 2 kitab nəşr olunmuşdur. Azərbaycan biomüxtəlifliyində dərman preparatlarından istifadə edilən bəzi maddələrin xammal mənbəyi aşkar edilmişdir. Həmin növlərdən alınan fərdi maddələr vitiliqo, xərçəng kimi xəstəliklərdə işlədilən bahalı dərmanların tərkibində əsas vasitələrdən hesab olunur. Baldırğan cinsinin bəzi növünün kök və toxumlarından elm üçün yeni 15 fərdi maddə alınmışdır. Azərbaycan florasında 85 növdə efir yağı müəyyən edilmiş, onların ekoloji şəraitindən asılı olaraq dinamikası öyrənilmiş, komponent tərkibi müəyyən edilmişdir. Tədqiqatlar nəticəsində quraqlıq növlərinin 75%-nin bütün orqanlarında, meşədə olan növlərin 40%-nin çiçək və toxumunda efir yağının toplandığı aşkar edilmiş, efir yağlarının antimikrob və antiviral xüsusiyyətləri təyin edilmişdir. Alınan ekstraktlar və efir yağları Azərbaycan Tibb Universitetinin (ATU) İmmunalogiya və mikrobiologiya kafedrasının əməkdaşları ilə birgə tədqiq edilmiş və impakt faktorlu jurnallarda birgə məqalələr çap edilmişdir.

Həmçinin Azərbaycan florasının faydalı bitkiləri etnobotaniki təhlil edilmiş, yabanı tərəvəzlərə aid 200, yem kimi istifadə edilən 330, dərman bitkilərindən 500-ə qədər növün arealları, populyasiyalarının müasir vəziyyəti və bitkilik tipində rolu müəyyənləşdirilmişdir. Təbii fitosenozlarda antropogen amillərə məruz qalan növlər ilk dəfə olaraq reintroduksiya edilmiş, təbiətdəki ilkin vəziyyətlərinə qaytarılmışdır. Xalq təbabətində etnik üsullarla istifadə edilən bitkilər barədə bölgələrdən məlumatlar toplanmış və buna aid 7 kitab nəşr edilmişdir.

- İnstitut əməkdaşları tərəfindən çöl tədqiqatları zamanı flora biomüxtəlifliyinin ekoloji qiymətləndirilməsi nəticəsində indiyədək elmə məlum olmayan hansı nadir bitki növləri aşkar olunub?

- İnstitut əməkdaşları uzun illərdən bəri floranı öyrənməyi qarşılarına məqsəd qoyublar. Dəqiq sayını deyə bilməsəm də, elmə ilk dəfə təqdim edilən növlərin sayı çox olub. Hazırda bütün dünyada bu istiqamətdə işlər molekulyar səviyyədə öyrənilməyənədək qəbul edilmir. Məsələn, bizim 2019-cu ildə təqdim etdiyimiz yeni növ Moskva alimlərinin dəstəyi ilə molekulyar səviyyədə öyrənildi və yeni növ kimi təsdiqini tapdı.

- Azərbaycanda itmək təhlükəsində оlan bitkilərin mühafizəsi və bərpası istiqamətində hansı işlər görülür?

- Bu sahədə tədqiqatlar xüsusən son dövrlərdə aparılmağa başlayıb. Şöbə və laboratoriya əməkdaşları tərəfindən ərazilərdə ekspedisiyalar keçirilir, nadir növlərin müasir vəziyyəti öyrənilir, xəritələndirilmələr aparılır, bəzi növlər yerində, bəziləri isə institutun təcrübə sahəsində becərilir. Sonra isə bu kimi növlər haqqında məqalələr və kitablar hazırlanır. Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq İttifaqın (İUCN) son versiyalarına uyğun olaraq, dünya florasında itmək təhlükəsində olan bitkilər alim və mütəxəssislər tərəfindən öyrənilir. Rusiya, Orta Asiya, Qafqaz o cümlədən Azərbaycan və s. dövlətlər artıq regionlara məxsus “Qırmızı kitab”ların yazılması istiqamətində əməli təkliflər irəli sürmüş və ya kitablar yazılaraq təqdim edilmişdir. Bu qiymətləndirmələrin beynəlxalq standartlara uyğun aparılması və eləcə də onların dözümlülük həddini artırmaq, “in situ” bərpasını təmin etmək üçün taksonların limit faktorlarının və say dinamikasının qanunauyğunluqları aşkar edilməlidir. Həmçinin bölgələrdə xüsusi təhlükə altında olan yüzlərlə bitki vardır ki, yalnız həmin ərazi üçün itmək təhlükəsindədir və bunun qarşısının alınması tədbirləri də həyata keçirilməlidir. Bütün ictimai formasiyalarda bu məsələ həmişə diqqət mərkəzində olmuş və vaxtaşırı müxtəlif əməli tədbirlər görülmüş, hazırda da görülməkdədir.

Respublikanın təbii bitki örtüyü, bitkiliyi və onun florası antropogen təsirlərə məruz qalaraq, bir sıra qiymətli bitki fərdlərinin sayı azalır və ya tamamilə məhv olmaq təhlükəsi ilə üz-üzə qalır. Bu isə tədricən ekosistemə öz mənfi təsirini göstərməkdədir. Şəxsən mənim iştirakımla bu istiqamətdə Gəncə-Qazax ərazisində geniş tədqiqatlar aparılmış, bu sahədə 10-dan çox məqalə çap olunmuş, ərazinin nadir bitkiləri kitab kimi nəşr edilmiş və hər bir növün qorunması barədə təkliflər verilmişdir. Azərbaycan daxilində Kiçik Qafqazın ərazisinin əsasını təşkil edən Gəncə-Qazax fiziki-cоğrafi rayonunun geoloji müхtəlifliyi (dəniz səviyyəsindən 100m-dən 3723m-ə kimi), mürəkkəb gеоmоrfоlоji quruluşu, bitki örtüyünün tariхi inkişafı və digər təsirlər (biotik, abiotik, antrоpоgеn və s.) flоranın müхtəlifliyinə və zənginliyinə səbəb оlmuşdur. Gəncə-Qazax florasının ümumi öyrənilməsi zamanı bəzi nadir növlər haqqında məlumatlara rast gəlinsə də, ərazinin itmə təhlükəsində olan növləri xüsusi olaraq tədqiq edilməmişdir.

Əsrlər böyu insanlar onları əhatə edən bitki örtüyündən asılı olmuşdur. Lakin insanların əməli fəaliyyəti nəticəsində biomüxtəliflikdə kəskin dəyişikliklər yaranmış və bunun nəticəsində düşünülmədən meşələr sürətlə qırılmış, müxtəlif bitki qruplarının yayıldığı ərazilərdə hədsiz şumlama işləri aparılmış, faydalı qazıntıların istismarı, şəhərlərin, zavodların tikilməsi və s. zamanı geniş ərazilərdə təbiətin qoruyucu sipəri olan yaşıl örtük tədricən azalmışdır. Ona görə də, təbii resursların qorunması və səmərəli istifadəsi qlobal problemlərdən birinə çevrilmişdir.

Bizim apardığımız son tədqiqatlar göstərir ki, hazırda Gəncə-Qazax florasının ali bitkilərinin  ən azı 10%-i nadir hesab olunur və məhv olmaq təhlükəsi altındadır. Eyni mənzərəni biz  Gəncə ətrafı  fitocoğrafi  rayonunun  flora biomüxtəlifliyində də görürük. Son tədqiqatlara görə, Gəncə ətrafının cəmi 2-3%-nin ekoloji vəziyyəti pozulmamışdır.

Burada qədim dövrlərdən qalmış reliktlər, Qafqaz və yalnız Azərbaycana məxsus endemik bitkilər çoxluq təşkil edir. Onların  böyük  bir qismi ərzaq, yem, dərman, texniki, ədviyyat, dekorativ və s. baxımdan əhəmiyyətlidirlər. Lakin indiyə qədər həmin növlərin genofondunu əks etdirən növdaxili sistematikası işlənib hazırlanmamışdır. Bu növlərin “in situ” şəraitində limit faktorları, onların dözümlülük riskinin artmasının səbəbləri öyrənilməmiş və bu növlər ekoloji cəhətdən tam qiymətləndirilməmişdir. Hazırda əməkdaşlarımız həmin tədqiqatların həyata keçirilməsi istiqamətində çalışır və ümidvarıq ki, “Qırmızı kitab”ın 3-cü nəşrində bütün bu fikirlər öz əksini tapacaq.

- Bildiyimiz kimi, Azərbaycan florası bir çox xəstəliklərin müalicəsində tətbiq oluna bilən şəfalı dərman bitkiləri ilə kifayət qədər zəngindir. Ölkəmizdə bitən dərman bitkilərinin sənaye əhəmiyyətinin öyrənilməsi, onlardan istifadə və istehsal səviyyəsi sizi qane edirmi?

- Bu işlər daha çox qeyri-mütəxəssislər tərəfindən və ya şəxsi zəmində həyata keçirildiyindən qənaətbəxş deyil. Bildiyimiz kimi, Azərbaycan florasında 1500-ə qədər dərman bitkisi yayılmışdır və bu bitkilərdən bir çoxu kütləvi toplanılmaqla ölkədən çıxarılır. Lakin, bu zaman bəzi bitkilərin azalma təhlükəsinə və toplanılarkən müəyyən hədlərin gözlənilməsinə ciddi nəzarət edilmir. Ayrı-ayrı iş adamları tərəfindən müəyyən yollarla bitkilər toplanılır, ölkədən çıxarılır, sex və ya zavodlarda qida əlavəsi və ya bioloji əlavə kimi istehsal edilərək satılır. Bu, bir tərəfdən insanların maddi rifahına yüksək təsir göstərsə də, digər tərəfdən floraya ciddi zərbə vurur. Bitkilərin təbii areallarında məhv olmaqla sıradan çıxmasının qarşısının alınması üçün onların süni şəraitdə çoxaldılması vacibdir. Toplanılan dərman bitkilərinin sistemli şəkildə həyata keçirilməsi zəruri məsələlərdəndir.

Əks təqdirdə kor-koranə toplanmış dərman bitkilərinin satışı insanlara xeyirdən çox zərər verə bilər.

- Məlumdur ki, bioloji müalicə üsulları sahəsində böyük təcrübəyə maliksiniz. Koronavirus pandemiyası dövründə sağlam qalmaq, immuniteti güclü saxlamaq üçün nə kimi tədbirləri tövsiyə edirsiniz? Bu məqsədlə hansı dərman bitkilərindən istifadə müsbət nəticələr verə bilər?

- Bu barədə insanların təlaşlı olduğu dövrlərdə bir çox qəzet və sosial şəbəkələrdə bəzi dərman bitkilərindən istifadənin mümkünlüyünü aşılamaq üçün çoxsaylı çıxışlar etmişəm. Müalicə ilə məşğul olmasam da, bir botanik olaraq xalqın uzun illər sınağından keçmiş xalq təbabəti üsullarına yaxından bələdəm. Hətta bu barədə həm Şimali, həm də Cənubi Azərbaycan regionunun xalq təbabəti kitabını (İbadullayeva Sayyara, Jafarli İlhama, Mohammad Zaifizadeh, S.Sh.Asbghian Namin. Folk medicine (Ethnobotany in Azerbaijan Region), İran İslam Respublikası, Tehran-2017, 288.), həm də xarici alimlərlə birgə “Springer” nəşriyyatında İran, Türkiyə Azərbaycan dərman bitkilərinin istifadəsi üzrə bir fəsil çap etdirmişik. Əsərdə İğdır (Türkiyə), Naxçıvan (Azərbaycan) və Təbrizdə (İran) ənənəvi tibbdə istifadə edilən ümumilikdə 65 fəsiləyə mənsub olan 341 növdən bəhs olunur. Üç müxtəlif regionda yerli icmalar həzm, tənəffüs, sidik-tənasül sistemləri, dəri və nevroloji xəstəliklərdə eyni bitkilərdən istifadə edilir. Bölgələr üzrə İğdırda mədə-bağırsaq pozulmalarında 32 növdən, öskürək əleyhinə 28 növdən, Naxçıvanda revmatizm xəstəliyində 24 növdən, mədə-bağırsaq traktı pozulmalarında 24 növdən və qurd əleyhinə dərman kimi 20 növdən istifadə edilir. Təbriz ərazisində 24 növ sidikqovucu vasitə kimi, 22 növ hərarətsalıcı və 20 növ öskürək əleyhinə işlədilir. Bizim apardığımız tədqiqatlar nəticəsində aşkar edilmişdir ki, 3 qonşu ölkə sərhədlərində 4 növ - Glycyrrhiza glabra (həzm və tənəffüs sistemləri üçün), Malus sylvestris ssp. orientalis (tənəffüs sistemi üçün), Roza canina (həzm üçün və urinogenital sistemlər üçün) və Urtica dioica (həzm sistemi üçün) eyni qaydada istifadə olunur. Öyrənilən ərazilər başqa aspektlərdən də bir-birinə çox oxşardır.

2021-ci ildə isə ilk dəfə olaraq 6 ölkə əməkdaşı (Sytar, O. (Sloveniya), Brestic, M. (Çex Respublikası), Hajihashemi, S. (İran), Skalicky, M., Kubeš,J. (Ukrayna), Lamilla-Tamayo, L.(Çex Respublikası.), İbrahimova.U., İbadullayeva, S. (Azərbaycan), Landi, M. (İtaliya) tərəfindən antiviral potensiala malik bitkilərin hərtərəfli axtarışı həyata keçirilmiş və “VOSviewer” vizualizasiyası vasitəsilə 66 dərman bitkisinin antiviral potensialını xarakterizə edən müxtəlif mənşəli, yerli ərazilərə malik bitkilər təsvir edilmişdir. Bitki əsaslı antiviral dərmanları inkişaf etdirmək üçün ən perspektivli birləşmələr - kempferol qlikozidləri, skutellarein, bayalin və kvercetin flavonoidləri; saikosaponinlər triterpenoidlər; likorin, tetrandrin, fanqinolin və sefarantin alkaloidləri; triterpen oleanan və terpen sikloart-25-ene-3b,24-diol tövsiyə olunmuşdur.

Hazırda bütün dünyada COVID-19 pandemiyası səbəbi ilə yaranmış vəziyyəti nəzərə alaraq, biomüxtəliflikdə yayılan bitkilərdən və təbii ehtiyatlardan istifadə etməklə yeni antiviral dərmanların axtarışı və inkişaf etdirilməsi böyük əhəmiyyət kəsb edir. İndiki virusun mexanizmi haqqında bilinməyən çox amillər var, lakin bitki ekstraktlarının və metabolitlərin təsiri fərqlilik yaradır və artıq bəzi nüanslar məlumdur. Bu, əsasən kompleks bitki ekstraktlarının və təcrid olunmuş bitki mənşəli birləşmələrin mexanizmlərinin öyrənilməsi istiqamətində baş verir. Hazırki iş antiviral imkanlara malik ikincili metabolitlər haqqında orijinal məlumatları təhlil etməklə, koronaviruslara qarşı fəaliyyət qrupunun tədqiqatıdır. Virusa qarşı terpenlərin nümayəndələri, flavonoidlər, alkaloidlər, stilbenlər və s. onların mexanizminin təsviri ilə yanaşı, antiviral fəaliyyətlərinin olmasını da təsdiq edir. Xüsusilə koronaviruslar qrupu üçün aşkar edilmiş bir neçə ekstraktlar vardır. Bundan əlavə, bütün dünyada məlumatların təsviri ilə birlikdə antiviral potensiala malik bitkilərin skrinninqi aşkar edilmişdir, tədqiq olunan əsas antiviral ikincili metabolitlər haqqında geniş məlumat verilmişdir. 1967-2021-ci illərdə aparılan 173 tədqiqata aid məlumat bazalarından (“PubMed”, “Science Direct”, “Scopus”, “Web of Science” və “Google Scholar”) antiviral potensialı olan dərman bitkiləri səciyyələndirilmişdir. Bu araşdırma üçün istifadə edilən axtarış terminlərinə əsasən koronavirus qrupuna aid tədqiqatlara - SARS-CoV, bioloji aktiv birləşmələr, bitkilərin kimyəvi müxtəlifliyi, antiviral potensial, təbii antiviral bitki ekstraktları, bitki əsaslı antiviral preparatlar daxildir. Bu tədqiqatın aparılmasında müxtəlif dillərdə yazılan ədəbiyyatlara heç bir məhdudiyyət qoyulmamışdır. Azərbaycan alimlərinin bitki mənşəli təbabətə aid məqalələri çap olunmuş, o cümlədən bu tədqiqatda 6 işimizə istinad verilmişdir. Antiviral potensialın elmi məlumat təhlilinin “VOSviewer” vizualizasiyasıın formalaşmasında müxtəlif dərman bitkilərindən və onların təbii birləşmələrdən istifadə edilmişdir. Elmi ədəbiyyat məlumatlarının bibliometrik təhlili və vizuallaşdırılması üçün proqram təminatı “VOSviewer”in 1.6.15 versiyası yaradılmışdır.

Bitki əsaslı antiviral məhsulların dünya miqyasında tədqiqi böyük əhəmiyyət kəsb edir. Yerli və qlobal miqyasda aktual hadisələrə görə xalqın sağlamlığını yaxınlaşdıran antiviral bitkilərin etnobotanik xüsusiyyətləri arasında əlaqə yaratmaqla koronavirusa qarşı bitki əsaslı dərmanlar hazırlana və pandemiya zamanı sağlam qida tövsiyələri kimi qəbul edilə bilər.

Bitki mənşəli dərmanların hazırlanmasına gəldikdə, həkimlərlə birgə 2017-ci ildə immunbərpaedici patentimiz təsdiq edilmişdir. Hələ pandemiyadan öncə, tibb sübut etdi ki, immun sisteminin möhkəm olması virusa qarşı davamlılığın əsas meyarıdır. Ona görə də bu patent üzrə dərman preparatının respublikada hazırlanması günümüzün ən vacib məsələlərindən hesab olunmalıdır.

Müsahibəni apardı: Nərgiz QƏHRƏMANOVA, AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin sektor müdiri, dissertant

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: