AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda Akademiyanın 27 mart - Elm gününə həsr olunmuş Tədbirlər Planına əsasən, elmi fəaliyyətin cəmiyyətdə nüfuzunun gücləndirilməsi, alimlərin əməyinin qiymətləndirilməsi, onların yeni elmi nailiyyət və uğurlara təşviq edilməsi baxımından əhəmiyyətini nəzərə alaraq institutun elmi fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində aparılmış tədqiqatlar, yeni metodologiyanın tətbiq edilməsi və elmi işlərin nəticələrinin qiymətləndirilməsi mövzusunda tədbir keçirilib.
Tədbirdə günün aktual mövzularından olan “Şuşa Bəyannaməsi” beynəlxalq hüquq normalarının təminatçısı kimi” və “İşğaldan azad edilmiş ərazilərdə strateji əhəmiyyətli çayların mövcud vəziyyətinin təhlili, onların ətraf mühitə təsirinin qiymətləndirilməsi və yeni konseptual yanaşmanın formalaşdırılması” mövzularında müzakirələr aparılıb.
Tədbiri giriş nitqi ilə açan Hüquq və İnsan Haqları İnstitutunun baş direktoru, hüquq elmləri doktoru, professor Aytən Mustafazadə bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2021-ci il iyunun 15-də Qarabağa tarixi səfəri zamanı Şuşada Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətlərinə dair Bəyannamə imzalanıb. Onun sözlərinə görə, hər iki ölkə və bütövlükdə Qafqaz üçün böyük hüquqi dəyər kəsb edən “Şuşa Bəyannaməsi” adlanan bu mühüm sənəd ikitərəfli münasibətlərin ən yüksək həddə çatdırılacağını özündə ehtiva edir.
Tədbirdə beynəlxalq hüquqa əsaslanan bu sənədin təhlükəsizlik cəhətdən əhəmiyyəti vurğulanıb, qeyd olunub ki, belə bir sənədin iki qardaş dövlət arasında imzalanması nəinki Azərbaycanla Türkiyə, hətta region üçün və regionun təhlükəsizliyini, inkişafını sığortalayaraq beynəlxalq hüquqi əhəmiyyət kəsb edir. Bu baxımdan “Şuşa Bəyannaməsi” regionun gələcək inkişafı, xüsusilə də işğalçılardan azad edilmiş Qarabağın dirçəlişi naminə hüquqi əsaslarını qoyaraq gələcək tərəqqinin qarantı olduğunu əks etdirir. Alim vurğulayıb ki, “Şuşa Bəyannaməsi”nin başlıca strateji məqsədi regionda sülh dialoqu və bərabərhüquqlu əməkdaşlıqdır.
Daha sonra tədbirdə ikinci aktual mövzu - Azərbaycan çaylarının və su ehtiyatlarının qorunması və bərpası, eləcə də onların beynəlxalq sənədlərə uyğun qiymətləndirilməsi və məsuliyyət məsələsinin təhlilinə toxunulub və geniş müzakirələr aparılıb. Müzakirələrdə 30 ilə yaxın müddət ərzində erməni işğalı altında qalmış və 44 günlük Vətən müharibəsi nəticəsində azad edilmiş torpaqlarımızda Azərbaycana vurulan ekoloji ziyan və su hövzələrinin quruması probleminə də toxunulub. Qeyd olunub ki, Ermənistan bu müddət ərzində işğal altında saxladığı Azərbaycan torpaqlarında əsl ekoloji soyqırımı törədib, Azərbaycan təbiətinə sağalmaz ziyan vurub. Bu ərazilərdə alp çəmənlikləri dəyişdirilib, flora və fauna aləminin təbii mühiti məhv edilib, çaylara zəhərli kimyəvi tullantılar buraxılıb, nəticədə regionda təbii ekosistemin tarazlığı pozulub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.