Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

11.04.2022 09:52
  • A-
  • A
  • A+

Ədəbiyyat İnstitutunda “Molla Nəsrəddin” ədəbi məktəbinin davamçıları satirik jurnallarının təqdimatı keçirilib

Ədəbiyyat İnstitutunda “Molla Nəsrəddin” ədəbi məktəbinin davamçıları satirik jurnallarının təqdimatı keçirilib

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Molla Nəsrəddin” ədəbi məktəbinin davamçıları “Bəhlul”, “Arı”, “Mirat”, “Kəlniyyət” və “Məşəl” satirik jurnallarının təqdimatı keçirilib.

Öncə tədbirin mövzusuna uyğun sərgiyə baxış olub, institutun Mətbuat tarixi və publisistikası şöbəsinə aid nəşrlər də nümayiş olunub.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açıb. O bildirib ki, sözügedən jurnallar ilk dəfə olaraq transfoneliterasiya edilərək yeni əlifbada nəşr edilib. Eyni zamanda institutumuzun magistrləri və təcrübəçi tələbələr də bu tədbirə qatılıblar. Akademik vurğulayıb ki, “Bəhlul”, “Arı”, “Mirat”, “Kəlniyyət” və “Məşəl” kimi jurnalların gələcək tədqiqatçıları bugünkü gənclərimizdir.

“Mətbuat tarixi və publisistika şöbəsi bir neçə istiqamətdə fəaliyyət göstərir. Onlardan biri mətbuatımızın tarixini öyrənmək, fundamental tədqiqatlarla mətbuat tariximizə nəzər salmaddır. İkinci böyük istiqamət publisistikadır. Üçüncü böyük istiqamət mətbuat tariximizin qiymətli əsərlərini transfoneliterasiya edib nəşr etməkdir. Bu satirik jurnalları ərəb qrafikasından transfoneliterasiya edən, biblioqrafik göstərici, qeydlərin müəllifləri, lüğət və tərtib edib çapa hazırlayanlar filologiya elmləri doktoru, professor Vüqar Əhməd və böyük elmi işçi Dilbər Rzayevadır.

“Əkinçi” qəzeti, “Molla Nəsrəddin” jurnalı da transfoneliterasiya edilərək işıq üzü görüb. Bu şöbədə “Ziya” qəzeti rəhmətlik Müştəba Əliyev tərəfindən çevrilib və onu çap etmişik. “Ziyayi-Qafqaziyyə” isə çapa hazırdır, bu il çap edəcəyik. Həmin şöbədə “Molla Nəsrəddin” ensiklopediyası” da hazırlanıb nəşr olunub. İlk dəfə Azərbaycanda bir mətbuat orqanının ensiklopediyası hazırlanıb”, - deyə İsa Həbibbəyli bildirib.

Sonra Mətbuat tarixi və publisistika şöbəsinin müdiri Vüqar Əhməd “Molla Nəsrəddin” ənənələri və satirik mətbuat” mövzusunda məruzə edib.

Daha sonra BDU-nun kafedra müdirləri, professorlar Cahangir Məmmədli, Allahverdi Məmmədli, Ədəbiyyat İnstitutunun əməkdaşı Ülkər Hüseynova çıxış edərək  təqdimatı keçirilən jurnallarla bağlı fikirlərini bölüşüblər.

Tədbirdə Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, professor Bədirxan Əhmədli, Cəlil Məmmədquluzadə ev muzeyinin direktoru Yeganə Məmmədova, Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Rauf Sadıxov, Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babayeva yeni əlifbada çap olunmuş bu nəşrlərin əhəmiyyətindən söz açıblar. İnstitutun magistrlərindən Nəzrin Əliyeva və Lalə Seyidzadə tədbir haqqında təəssüratlarını bölüşüblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: