Bu fikirləri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli görkəmli dilçi və türkoloq, ədəbiyyatşünas alim, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, akademik Ağamusa Axundovun anadan olmasının 90 illiyinə həsr olunmuş tədbirdə çıxışı zamanı səsləndirib.
Akademik İ.Həbibbəyli çıxışında uzun illər AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinə rəhbərlik etmiş alimin qoyduğu ənənələrin bu gün də davam etdirildiyini diqqətə çatdırıb. AMEA-nın vitse-prezidenti A.Axundovun ölkəmizdə Azərbaycan dilinin Konstitusiyaya daxil edilməsi ilə bağlı aparılan müzakirələrdə ümummilli lider Heydər Əliyevin apardığı siyasəti ən açıq şəkildə dəstəkləyənlərdən biri olduğunu vurğulayıb.
İ.Həbbibbəyli çoxprofilli və çoxaspektli fəaliyyəti ilə seçilən Azərbaycan ziyalılarından olan A.Axundovun elmi yaradıcılığında dilçilik aspektinin ön sırada dayandığını bildirib, alimin 32 yaşında dilçilik sahəsi üzrə elmlər doktorluğu dissertasiyasını müdafiə etdiyinə diqqət çəkib. Vitse-prezident türk dillərinin məntiqi tipinin yaradılması ideyasının da məhz akademik A.Axundova məxsus olduğunu deyərək onun dilçiliklə bağlı müvafiq sahələrdə öz konsepsiyasını ortaya qoyan alimlərimizdən olduğunu bildirib. Akademik, həmçinin görkəmli dilçi alimin Azərbaycan dilçiliyində fonetika istiqaməti üzrə məktəb yaratdığını, apardığı tədqiqatların nəticələrinin bütün türk dünyasında bələdçi-kitab kimi istifadə olunduğunu vurğulayıb.
“Hesab edirəm ki, Ağamusa Axundovun “Azərbaycan dilinin fonemlər sistemi” yüksək poliqrafik səviyyədə işıq üzü görmüş kitabı Azərbaycan fonetikasına böyük töhfədir”, – deyə qeyd edən akademik İ.Həbibbəyli alimin dilin fəlsəfi, estetik imkanları ilə bağlı yazdığı mükəmməl əsərlərdən də bəhs edib. Natiq görkəmli-dilçi alimin respublikamızda ilk dəfə olaraq elmimizə “riyazi dilçilik” anlayışını gətirdiyini, bu sahənin günümüzdə də dünyada az tədqiq olunan sahələrdən biri olduğunu diqqətə çatdırıb. O, A.Axundovun Azərbaycanda ümumi dilçilik sahəsində sanballı tədqiqatların müəllifi kimi tanındığını qeyd edib, görkəmli ədəbiyyatşünas kimi apardığı tədqiqatların dilçilik sahəsində ərsəyə gətirdiyi əsərləri kimi yüksək peşəkarlıqla qələmə alındığını vurğulayıb.
“Əruzun riyazi modelləşməsi, sərbəst şeir və vəzn anlayışı, Azərbaycan şeir sistemində qafiyə, bənd və s. alimin ədəbiyyatşünaslıqla bağlı apardığı tədqiqatlar arasında xüsusi yer tutan istiqamətlərdəndir”, - deyən İ.Həbbibəyli görkəmli alimin Azərbaycan şeirşünaslığının linqvistik proyeksiyasını yaratdığını diqqətə çatdırıb. Əlavə edib ki, bu tədqiqatlar ölkəmizin gənc tədqiqatçıları üçün yeni istiqamətlər açır, əhəmiyyətli araşdırmalar tələb edir.
Akademik İ.Həbibbəyli çıxışının sonunda akademik A.Axundovun öz parlaq şəxsiyyəti, zəhməti, nəzakətli davranışı, yüksək mədəniyyəti ilə Azərbaycan aliminin klassik modelini özündə cəmləşdirən görkəmli şəxsiyyətlərdən olduğunu vurğulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.