Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

13.05.2022 14:08
  • A-
  • A
  • A+

“Göy mexanikasında üç cisim məsələsi” monoqrafiyası çapdan çıxıb

“Göy mexanikasında üç cisim məsələsi” monoqrafiyası çapdan çıxıb

AMEA-nın Naxçıvan Bölməsinin Batabat Astrofizika Rəsədxanasının Səma cisimlərinin fotometriyası şöbəsinin müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Azad Məmmədlinin “Göy mexanikasında üç cisim məsələsi” adlı yeni monoqrafiyası nəşr olunub.

Əsər AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru Əyyub Quliyevin elmi məsləhət və redaktorluğu, fizika-riyaziyyat elmləri doktoru Səfər Həsənovun rəyi ilə çap olunub.

Giriş, 7 fəsil, nəticə, ədəbiyyat və “Cədvəllər”dən ibarət monoqrafiyada göy mexanikasının və astrodinamikanın aktual problemlərindən olan məhdud üç cisim məsələsi tədqiq olunub. Olduqca maraqlı mövzunu əhatə edən monoqrafiyada 140-a yaxın elmi ədəbiyyata istinad olunub.

Müəllif əsərin girişində elliptik, dairəvi, hiperbolik və parabolik məhdud üç cisim məsələlərinin öyrənilməsi sahəsində Eylerdən başlayaraq günümüzədək görkəmli astronom və riyaziyyatçıların gördükləri işlər haqqında ətraflı məlumat verir.

Monoqrafiyanın ilk dörd fəsli nisbətən az öyrənilmiş parabolik məhdud üç cisim məsələsinə həsr olunub. Aparılan keyfiyyət və ədədi analizlər əsasında ortalama metodu ilə müstəvi hal üçün məsələnin analitik həlli tapılaraq alınan nəticələr Günəş-planet-ulduz üçlüyünə tətbiq edilir.

Sonrakı fəsillərdə məsələnin konkret astronomik tətbiqləri nəzərdən keçirilir. Tədqiqatçı sınaq ulduzunun hiperbolik yaxud parabolik orbit üzrə Günəş sistemi ilə yaxınlaşması halında planetlərin orbit elementlərinə təsirini, eləcə də planetlərin hərəkətinin dayanıqlığı problemini ətraflı araşdırır.

Aparılan təhlillər, mühakimələr və riyazi hesablamalar cədvəllər və qrafiklər şəklində təqdim olunur. Hər fəslin sonunda əldə olunan elmi nəticələr ümumiləşdirilir, bu isə aparılan araşdırmanın sistemli qavranılmasında böyük önəmə malikdir.

Yeni tədqiqat əsəri ulduz dinamikası və göy mexanikası sahəsində çalışan mütəxəssislər, bu sahənin tədqiqatçıları üçün faydalı mənbədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: