Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik Rafael Hüseynov Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş konfransda çıxış edib
25.05.2022 11:35
  • A-
  • A
  • A+

Akademik Rafael Hüseynov Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş konfransda çıxış edib

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş elmi konfrans keçirilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan və fakültənin elmi işlər üzrə dekan müavini Nigar İsmayılzadə ulu öndərin Azərbaycanda elm və təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan, məzunu olduğu Bakı Dövlət Universitetinin yüksəlişindəki xidmətlərindən, müasir və güclü Azərbaycan dövlətini bərqərar etmək yolundakı misilsiz fəaliyyətlərindən danışıblar.

Konfransın plenar iclasında İran filologiyası kafedrasının professoru, AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru, akademik Rafael Hüseynov “Ümummilli lider Heydər Əliyevin klassik irsə qayğısı və Azərbaycan əlyazma sərvətlərinin toplanması, öyrənilmısi, nəşri məsələləri” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi ulu öndərin bütün mənalı ömrünü Azərbaycanın tərəqqisinə həsr etdiyini bildirib. Vurğulayıb ki, tarixin son dərəcə təlatümlü bir dönəmində, 1990-cı illərin əvvəlləri və ortalarında, Azərbaycanın yenicə bərpa edilmiş dövlət müstəqilliyi ilk kövrək addımlarını atarkən dahi lider Heydər Əliyevin xilaskarlıq, quruculuq, yurdun və xalqın sabahı üçün möhkəm təməllər yaratmaq yolunda fədakar çalışmaları və mübarizələri heç zaman unudulmaz. Onun sözlərinə görə, artıq yarım əsrdən çoxdur ki, Azərbaycan Heydər Əliyevin adı, siyasəti, xətti, yolu ilə bağlıdır və bu nadir şəxsiyyət haqqında düşünmək və danışmaq, həm də elə Azərbaycanın taleyi haqqında fikir bölüşməkdir.

Ümummilli lideri misilsiz və çox güclü edən ən vacib amillərdən birinin də onun üstün zəkası, hərtərəfli bilikləri, Azərbaycanı Azərbaycan edən dəyərlər şəbəkəsinə vaqifliyidir, - deyən akademik Rafael Hüseynov bildirib ki, böyük şəxsiyyət Heydər Əliyev siyasətin incəliklərinə, dövlət işinin və hakimiyyət idarəediciliyinin hər xırda ayrıntısına qrossmeystercə sahib olduğu kimi, elmin, ədəbiyyatın, incəsənətin ən müxtəlif sahələrinə də elə həmin sahələrin təmsilçisi kimi dərindən aşina idi və bu, ona yeni güc verirdi. Azərbaycan əlyazmaşünaslığının tarixi və problemlərindən bəhs edən Rafael Hüseynov ulu öndərin bu sahəyə xüsusi münasibəti və qayğısından konkret faktlarla söz açıb, sovet dönəmində Əlyazmalar İnstitutunun yaradılmasının da dahi rəhbərin uzunmüddətli məqsədyönlü səylərinin nəticəsi olduğunu bildirib.

Daha sonra professor Jalə Əliyeva “Azərbaycan elminin inkişafında Heydər Əliyevin rolu və xidmətləri”, dosent Kəmalə Əhmədova “Heydər Əliyev – Türk dünyasının fenomeni” mövzularında çıxış ediblər.

Tədbirdə Şərqşünaslıq fakültəsinin gənc alimləri və magistrantları araşdırdıqları aktual mövzularla bağlı məruzələrini təqdim ediblər. Müasir və klassik ibri, yapon, fars, ərəb, türk, urdu dilləri və ədəbiyyatlarının müxtəlif məsələlərinə, Şərqdə tarix, təbabət, kulturologiya və digər sahələrə aid məruzələr də maraq doğurub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: