Bu günlərdə ABŞ-da yaşayıb aktiv elmi fəaliyyət göstərən həmyerlimiz, tanınmış kristallokimyaçı alim Faiq Musayevin 70 yaşı tamam olub.
Musayev Faiq Nəsib oğlu 24 may 1952-ci ildə Qazax rayonunda müəllim ailəsində anadan olub. 1969-cu ildə orta məktəbi qızıl medalla bitirib və Azərbaycan Dövlət Pedaqoji İnstitutunun kimya fakültəsinə daxil olub. Oxuduğu dövrdə Lenin təqaüdçüsü olub və 1973-cü ildə təhsilini fərqlənmə diplomu ilə bitirib. Təyinatla Bakı şəhəri Qaradağ rayonunun Səngəçal qəsəbəsindəki orta məktəbdə kimya müəllimi kimi əmək fəaliyyətinə başlayan F.Musayev 1974-ci ilin may ayında Azərbaycan Elmlər Akademiyasının Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun (indiki AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutu) Quruluş Kimyası laboratoriyasında aspiranturaya daxil olub. Elə həmin ildə də hərbi xidmətə çağrılıb. 1975-ci ildə hərbi xidməti bitirdikdən sonra görkəmli alim professor Xudu Məmmədovun rəhbərliyi altında aspiranturada təhsilini davam etdirib. Gənc alimin dünya görüşünün və həyatının formalaşmasında Xudu müəllimin cox böyük təsiri olub. F.Musayev 1979-cu ildə “Metal monotiobenzoatlarin sintezi və kristal quruluşu” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. Tədqiqatlarını daha geniş və uğurla davam etdirərək F.Musayev 1991-ci ildə “Bioloji aktiv metal karboksilatların sintezi və onlarin termiki parçalanma proseslərinin quruluş aspektleri” mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib. 100-dən çox elmi əsərin və 3 ixtiranın müəllifidir. Dünyanın müxtəlif bölgələrində (Moskva, Novosibirsk, Praqa, Hamburq, Taipei, Vaşinqton, Arlinqton, Buffalo, NY və s.) zülal molekullarının quruluşu, quruluş kimyası və termiki analiz üzrə keçirilən elmi konfranslarda dəfələrlə iştirak edib və elmi məruzələrlə çıxış edib. 1994-cü ilin sonuna qədər Azərbaycan Elmlər Akademiyasının Qeyri-Üzvi və Fiziki Kimya İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışıb. 2 elmlər namizədinin elmi rəhbəri olub. 1993-cü ilin noyabr ayında Tayvan Elmlər Akademiyasına dəvət olunub və 1998-ci ilə qədər Tayvan Elmlər Akademiyasının Molekulyar Biologiya İnstitutunda xərçəng və AIDS xəstəliklərinə qarşı aktivlik göstərən yüksək molekullu zülalların təmizlənməsi və kristal quruluşunun öyrənilməsi ilə məşğul olub. Tayvan Elmlər Akademiyasında işlədiyi müddətdə müxtəlif ölkələrdən, o cümlədən Yeni Zelandiya, Braziliya və Amerika Birləşmiş Ştatlarından elmi axtarışlarını davam etdirmək üçün təkliflər alıb. Faiq Musayev 1998-ci ilin sonlarında Amerika Birləşmiş Ştatlarının dəvətini qəbul edib və hal-hazırda ABŞ-ın “Virginia Commonwealth University” (VCU) Universitetinin Tibb Kimyası kafedrasında professor vəzifəsində çalışır. O, həmçinin həmin universitetdə Quruluş Biologiyası mərkəzinin meneceridir.
F.Musayev 2017-ci ildə Bakıda dünya şöhrətli alimimiz Xudu Məmmədovun 90 illik yubiley tədbirlərində iştirak edib, aktual və maraqlı məruzə ilə çıxış edib.
Hazırda Amerika Birləşmiş Ştatlarında Zülal molekulların, Zülal-DNK, Zülal-İnhibitor kompleks birləşmələrin quruluşlarının tətqiqinə ilə məşğul olur. Bu mövzuda yüksək impakt faktorlu jurnallarda (Nucleic Acids Res., Science Rep., Blood Adv., J Med Chem., Structure, Protein Science, J Mol Biol., Biochemistry, J Biol Chem., J Bacteriol., Biol Chem., etc) 60-dan çox elmi məqaləsi çap olunub. Anemiya qan xəstəliyinin tədqiqatına həsr olunmuş bir ABŞ patentinin müəllifidir.
F.Musayev Amerika Kristalloqrafiya (ACA) və Amerika Qabaqcıl Elm (AAAS) cəmiyyətlərinin, həmçinin VCU-nun Quruluş Biologiyası, Dərman maddələrinin kəşfi və Təkmilləşdirilməsi İnstitutunun komitə üzvüdür.
AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşları ABŞ-da yaşayan həmyerlimiz kimya elmlər doktoru, professor Faiq Musayevi 70 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona cansağlığı və yeni elmi nailiyyətlər arzulayır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.