Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik Rasim Əliquliyev “İctimai” televiziya kanalında “Teknofest Azərbaycan” festivalı ilə bağlı çıxış edib
25.05.2022 17:08
  • A-
  • A
  • A+

Akademik Rasim Əliquliyev “İctimai” televiziya kanalında “Teknofest Azərbaycan” festivalı ilə bağlı çıxış edib

AMEA-nın vitse-prezidenti, AMEA-nın “Teknofest Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya festivalı çərçivəsində təşkil olunacaq sərgidə iştirakı ilə bağlı yaradılmış İşçi qrupun rəhbəri, akademik Rasim Əliquliyev “İctimai” televiziya kanalının “Sabahın xeyir, Azərbaycan” verilişinin qonağı olub.

Verilişdə AMEA-nın sərgidə iştirakı ilə bağlı məlumat verən akademik Rasim Əliquliyev bu tədbirin ilk dəfə olaraq 2018-ci ildə Türkiyədə keçirildiyini, Azərbaycanın bu mötəbər tədbirə 2021-ci ildən qatıldığını qeyd edib. Son illər Türkiyədə və ölkəmizdə yüksək texnologiyaların iqtisadi, hərbi və digər sahələrdə geniş tətbiqinə böyük diqqət ayrıldığını deyən AMEA-nın vitse-prezidenti aviasiya, kosmos və texnologiya sahəsində əldə olunan nailiyyətlərin nümayişini nəzərdə tutan bu festivalın Azərbaycanda keçirilməsini əlamətdar bir hadisə kimi qiymətləndirib.

Azərbaycanda ilk dəfədir ki, texnologiya festivalının keçiriləcəyini vurğulayan alim əlavə edib ki, son onilliklər ərzində ulu öndər Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyevin İKT sahəsində apardığı məqsədyönlü siyasət nəticəsində texnologiyalar üzrə müxtəlif infrastruktur layihələrin həyata keçirilməsi, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyasının hazırlanması və s. tədbirlər bu kimi mötəbər festivalın ölkəmizdə keçirilməsinə zəmin yaradıb.  

O, bu istiqamətdə görülən işlərdə AMEA-nın da böyük rola malik olduğunu qeyd edib. Bildirib ki, AMEA-nın əsas vəzifələrindən biri də ölkəmizdə biliklər iqtisadiyyatının formalaşdırılması, xarici məhsullardan asılılığın azaıldılması, milli intellektual məhsulların yaradılması və ölkənin bu istiqamətdə potensialının formalaşmasına dəstək verməkdir.

Akademik Rasim Əliquliyev AMEA-nın elmi müəssisə və təşkilatlarında uzun illər fundamental və tətbiqi istiqamətlərdə aparılan tədqiqatların nəticəsi olan innovativ məhsulların “Teknofest Azərbaycan” sərgisində nümayiş olunacağını diqqətə çatdırıb. Onun sözlərinə görə, sərgidə AMEA üçün ayrılmış xüsusi pavilyonda Akademiyanın yüksək səviyyədə təmsil olunması üçün qurumun bütün intellektual potensialı cəlb olunub. 

Vitse-prezident ölkə başçısının müvafiq Sərəncamı ilə AMEA-nın nəzdində yaradılmış və bir növ “Azərbaycanın Silikon Vadisi” funksiyasını yerinə yetirən Yüksək Texnologiyalar Parkında AMEA-nın elmi müəssisələri ilə əməkdaşlıq çərçivəsində yaradılmış intellektual qurğuların da sərgidə təqdim olunacağını vurğulayıb. Akademik Rasim Əliquliyev AMEA-nın Yüksək Texnologiyalar Parkının rezidentləri tərəfindən sərgidə yoluxucu xəstəliklərin, virusların və mikrobların yayılmasının qarşısını almaq üçün hazırlanmış dezinfeksiyaedici robotlar, pilotsuz uçuş aparatları, “ağıllı” arı yeşikləri, LED lampalar üçün diod və mikrosxemlərin və digər yüksək texnoloji məhsulların təqdim olunacağını bildirib.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: