Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

01.06.2022 14:55
  • A-
  • A
  • A+

Coğrafiyaçı alim Rusiyada keçirilən beynəlxalq forumda iştirak edib

Coğrafiyaçı alim Rusiyada keçirilən beynəlxalq forumda iştirak edib

AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin sahillərinin və dibinin  geomorfologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru, professor Əmir Əliyev Rusiya Federasiyasının Həştərxan şəhərində keçirilmiş “Xəzər 2022: Dayanıqlı inkişafın yolları”  beynəlxalq elmi forumunda iştirak edib.

Forumun məqsədi Xəzər makroregionunun innovativ inkişafının əsas prioritetlərini, müasir şəraitdə elmi təşkilatlar, ali təhsil müəssisələri və biznes cəmiyyətləri arasında qarşılıqlı əlaqələrin  aktual məsələlərini müzakirə etmək, istedadlı gəncləri bu geostrateji regiona cəlb etmək və s. olub. Həştərxan Dövlət Universitetində keçirilən tədbirdə Xəzərətrafı ölkələrin elmlər akademiyalarının rəhbərləri, ali təhsil müəssisələrinin rektorları və biznes cəmiyyətlərinin rəhbərləri iştirak ediblər.  

Forumun ilk günü “Xəzər regionunun dayanıqlı inkişafının yeni imkanları və prioritetləri” plenar sessiyasında spiker qismində iştirak edən alim Xəzər dənizinin əsas problemləri – su səviyyəsinin dəyişmələri və ekoloji problemləri haqqında danışıb. O, bu problemlərin həllində Xəzərətrafı ölkələrin elmi təşkilatlarının, ali təhsil müəssisələrinin və biznes cəmiyyətlərinin birgə əməkdaşlığının mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Forum çərçivəsində çoxsaylı tədbirlərdə fəallıq nümayiş etdirən təmsilçimiz Xəzərətrafı ölkələrin elmlər akademiyaları  nümayəndələrinin görüşündə akademiyaların elmi potensialının Xəzər regionunun dayanıqlı inkişafında rolunun müzakirəsinə qoşulub.

Ə.Əliyev forumun ikinci günü Xəzərətrafı ölkələrin dövlət universitetləri və elmi-tədqiqat mərkəzləri assosiasiyası çərçivəsində Elm, tədqiqatlar və texnologiyalar komissiyasının iclasında çıxış edib. O, həm də “Xəzər və qlobal çağırışlar” beynəlxalq elmi-praktiki konfransında “Xəzər dənizinin səviyyə tərəddüdləri və onların Azərbaycan Respublikasının sahil ərazilərində təzahürləri” mövzusunda elmi məruzə edib. Həmin gün professor Rusiyanın Cənub Bölgəsi Ali Təhsil Müəssisələri Şurasının iclasında bölgə universitetləri rektorlarının elmlə təhsilin qarşılıqlı əlaqələri mövzusunda gedən müzakirələrə qatılıb.

Azərbaycan təmsilçisi konfransdan sonra “Rusiya 24“ televiziya kanalına  müsahibə verib, tamaşaçıları tədbir və onun keçirilməsinin əhəmiyyəti haqqında məlumatlandırıb.

Forumun üçüncü günü Həştərxan Dövlət Universitetinin Geoloji coğrafiya fakültəsinə dəvət alan Ə.Əliyev müəllim-tələbə heyəti qarşısında “Xəzər dənizinin müasir dövrdə əsas problemləri” mövzusunda elmi məruzə ilə çıxış edib.

Forumun sonuncu günü coğrafiyaçı alim “Azərbaycan milli mədəniyyəti” Həştərxan regional  ictimai təşkilatının rəhbərliyi ilə görüşüb, milli mədəniyyət  mərkəzində olub, Heydər Əliyev adına orta məktəbin rəhbərliyi ilə görüş keçirib. O, həm də  Ulu Öndərin adını daşıyan xiyabanda Heydər Əliyevin abidəsini ziyarət edib. Sonra Dəniz və Çay Donanmasının Xəzər İnstitutunda müəllim və rəhbər heyətlə görüşüb, burada yaradılmış “Azərbaycan” auditoriyası ilə yaxından tanış olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: