Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

06.06.2022 10:20
  • A-
  • A
  • A+

Gənc alimlər “Mən və incə sənət” layihəsində iştirak ediblər

Gənc alimlər “Mən və incə sənət” layihəsində iştirak ediblər

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının İdarə Heyətinin üzvləri Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin təşkil etdiyi “Mən və incə sənət” layihəsində iştirak ediblər.

Layihə çərçivəsində gənc tədqiqatçılarla təşkil olunan ustad dərsinin budəfəki qonağı sənətşünas, Azərbaycan Rəssamlar İttifaqının üzvü Mirzə Talıbov olub.

Tədbirdə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin “Bəngü Badə” alleqorik poemasına XVI əsrdə naməlum Azərbaycan rəssamı tərəfindən çəkilmiş rəsm əsərinin, eləcə də ayrı-ayrı miniatürlərin, kitab illüstrasiyalarının təhlili ətrafında, o cümlədən Azərbaycan miniatür sənətinin təşəkkülü və inkişafı haqqında geniş müzakirələr aparılıb. Bundan başqa kitabda bəhsi keçən əsərin ana xətti olan Çaldıran döyüşünə həm də tarixi aspektdən nəzər yetirilib. Həmçinin iştirakçıları maraqlandıran suallar sənətşünas alim tərəfindən ətraflı şəkildə cavablandırılıb.

Qeyd edək ki, tədbirdə AMEA-nın A.A.Bakıxanov adına Tarix və Məhəmməd Füzuli adına Əlyazmalar institutlarının gənc tədqiqatçıları da iştirak ediblər.

Tədbirin sonunda xatirə şəkilləri çəkilib və müəllif öz kitablarını gənc tədqiqatçılara hədiyyə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: