Türkiyənin Sakarya Tətbiqi Elmlər Üniversitetinin rektoru, prof. Dr. Mehmet Sarıbıyık və Bandırma Onyedi Eylül Universitetinin rektoru, prof. Dr. Süleyman Özdəmir AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunda olublar.
Tarix İnstitutunun baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov müəssisə haqqında qonaqlara məlumat verərək, qardaşlıq və işgüzar münasibətləri yüksək qiymətləndirib və elmin inkişafı istiqamətində əlaqələrin möhkəmlənməsinin müsbət təsirini vurğulayıb.
Mehmet Sarıbıyık və Süleyman Özdəmir də öz növbələrində təmsil etdikləri müəssisələr barədə görüş iştirakçılarına məlumat veriblər.
Daha sonra AMEA-nın Tarix İnstitutu, Türkiyənin Sakarya Tətbiqi Elmlər Üniversiteti və Bandırma Onyedi Eylül Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumda birgə elmi-tədqiqatların həyata keçirilməsi, seminar və ixtisaslaşdırılmış kursların təşkili, elmi simpoziumların, konfransların keçirilməsi, kadr mübadiləsi və s. nəzərdə tutulur.
Türkiyəli qonaqlar memorandumun ortaq türk tarixinin araşdırılmasında AMEA-nın Tarix İnstitutunun öz töhfələrini verəcəyindən ümidvar olduqlarını bildiriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.