İyunun 6-da Saatlı rayonunda “Torpaqların münbitliyinin artırılması, deqradasiyaya və eroziyaya uğramasının qarşısının alınması” mövzusunda tədbir keçirilib.
Fermerlərin maarifləndirilməsi məqsədilə keçirilən tədbir “Aqribioekotex” MMC və “Fruktuz” MMC-nin birgə təşkilatçılığı ilə baş tutub.
Üzvi və üzvi mineral gübrələr, torpaq mikroorqanizmləri, bioloji və mikrobioloji gübrə hesab edilən biohumusun tarla sınağı təcrübəsinin yekunlarına dair tədbirdə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev də iştirak edib. Ə.Quliyev fermerlər qarşısında çıxış edərək ölkədə gedən quruculuq işləri və kənd təsərrüfatı sahəsində elmi yeniliklərin tətbiqinin nə qədər əhəmiyyətli olması barədə geniş məruzə edib.
Sonra sınaq işləri aparılan torpaq sahələrinə baxış keçirilib.
Qeyd edək ki, tədbirdə institutun Mineral gübrələr laboratoriyasının baş elmi işçisi, dosent Vüqar Cəfərov və baş aqromeliorator Mürsəl Məmmədov da iştirak ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.