AMEA-nın Folklor İnstitutunun Mifologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova Azərbaycan Televiziyasına çiyinüstü, astarlı və yalançı qollara malik, Çəpkən milli kişi və qadın üst geyimi haqqında müsahibə verib.
O qeyd edib ki, Şuşa milli geyiminə məxsus olan Çəpkən üst geyimi tirmədən, məxmərdən və bir neçə növ ipək parçalardan tikilirdi: “Çəpkən astarlı olub, belə qədər bədənə kip tikilib. Yan tərəflərdə ətəyə yaxın hissədə çapığı olan çəpkənin əlcək ilə bitən qondarma qolları olub, bel hissədən bağ ilə bağlanıb. Çəpkən tirmə, darayı, məxmər, müxtəlif zərli parçalardan tikilib. Çəpkənin yaxası, ətəyi, qolunun kənarları zərif bafta, kəbəzəncirə və digər tikmələrlə bəzədilib. Bəzən çəpkənin üstündən gümüş kəmər də bağlayıblar. Pullu çəpkən biçimi çəpkənlə eyni formada olub, qolsuzdur. Astarı zolağı materialdandır. Yaxa və ətək xətti boyunca 3 sıra pullarla bəzədilib”.
Alimin sözlərinə görə, sadə çəpkəndən biçiminə görə fərqlənən pullu çəpkən geniş yayılmışdı, qısa, qolsuz idi və çar sikkələri ilə bəzədilirdi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.