Barselonada keçirilən İspaniya İqtisadiyyat və Maliyyə Elmləri Kral Akademiyasının (RACEF) seminarında iqlim dəyişikliyi ilə mübarizədə bəşəriyyətin ekoloji problemləri və iqtisadiyyatın postulatlarından irəli gələn həll yollarının təhlili aparılıb.
Seminarda İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü, RACEF-in xarici üzvü Qorxmaz İmanov “Ölkənin ekoloji sivilizasiya səviyyəsinin qiymətləndirilməsinə analitik yanaşma” adlı məruzə ilə çıxış edib. Alim bu konsepsiya iqtisadi, sosial və ekoloji göstəriciləri əhatə edərək qlobal ekoloji sivilizasiyaya və davamlı inkişafa ünvanlandığını qeyd edib.
Məruzədə ekoloji sivilizasiya səviyyəsi indeksi (ECLI) üçün qiymətləndirmə metodundan bəhs edən Q.İmanov onun yaradılmasında yaşıl iqtisadiyyatın keyfiyyəti, sosial keyfiyyət və ekoloji keyfiyyət kimi alt indeksləri ilə əlaqəli 25 spesifik göstəricini diqqətə çatdırıb.
Q.İmanov ECLI-nin hesablanması istiqamətində intuisiyaistik qeyri-səlis üsullara əsaslanan alqoritmlərdən bəhs edib və yanaşmanın indeksin qiymətləndirilməsində ümumi metodologiyanın işlənib hazırlanmasına yol açacağını bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.