Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

10.06.2015 13:02
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü İlham Məmmədovun 60 illik yubileyi qeyd edilib

AMEA-nın müxbir üzvü İlham Məmmədovun 60 illik yubileyi qeyd edilib

İyunun 10-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda görkəmli riyaziyyatçı alim, bu elmi müəssisənin sabiq direktoru, AMEA-nın müxbir üzvü İlham Məmmədovun 60 illik yubileyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib.

Əvvəlcə alimin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş nitqi ilə institutun direktoru, professor Misir Mərdanov açaraq İ.Məmmədovun şərəfli həyat yolundan, çoxşaxəli fəaliyyətindən, Azərbaycanda riyaziyyat elminin inkişafındakı misilsiz xidmətlərindən söz açıb. Bildirib ki, İlham Məmmədovun həyat yolu dərin nəzəri tədqiqatlarla praktiki məsələlərin həlli arasında ahəng yaratmış istedadlı alimin nümunəsidir.

Sonra institutun Riyazi-fizika tənlikləri şöbəsinin əməkdaşı, f-r.e.n., dos. Əbdürrəhim Quliyev “AMEA-nın müxbir üzvü İlham Məmmədovun həyat və elmi fəaliyyəti“ mövzusunda məruzə ilə çıxış edib.  Bildirilib ki, 15 yaşında orta məktəbi qızıl medalla, 1975-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının Tətbiqi riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1976-cı ildə namizədlik, 1981-ci ildə isə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1988-ci ildə professor elmi adına layiq görülmüşdür.2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir. 1982-ci ildə AMEA Riyaziyyat və Mexanika İnstitutunda böyük elmi işçi, 1985-ci ildə Riyazi fizika tənlikləri şöbəsinin müdiri, 1992-ci ildən elmi işlər üzrə direktor müavini, 2000-2003-cü illərdə isə bu elmi müəssisənin direktoru vəzifələrində çalışmışdır.

Diqqətə çatdırlıb ki, alim 2000-2002-ci illərdə NATO-nun Elm komitəsinin eksperti olmuşdur. 1993- 2002-ci illərdə isə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin üzvü olmuşdur. 80 elmi əsərin müəllifidir. Onun rəhbərliyi ilə 16 elmlər namizədi hazırlanmışdır.

Qeyd edilib ki, Xüsusi törəməli diferensial tənliklərin keyfiyyət nəzəriyyəsi sahəsində tanınmış mütəxəssis olan İ.Məmmədov kəsilən əmsallı ikinci tərtib kvazi-xətti parabolik tənliklərin həllərinin hamarlığı, mənfi olmayan xarakteristik formaya malik tənliklərin həllərinin sərhəd xassələri və parabolik tənliklərin keyfiyyət nəzəriyyəsi ilə əlaqədar bir sıra ciddi nəticələr əldə edib.

Tədbirdə çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetin rektoru, AMEA-nın müxbir üzvü Yusif Məmmədov, institutun Diferensial tənliklər şöbəsinin müdiri, professor Əkbər Əliyev, Maye və Qazmexanikası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Qeylani Pənahov, professor Nadir Süleymanov, alimin tələbəsi, f-r.e.n. Vəfa Məmmədova və başqaları alimlə bağlı xatirələrini bölüşüblər, İ.Məmmədovu təkcə böyük alim deyil, həm də böyük insan kimi xarakterizə ediblər.

Sonda mərhum alimin həyat yoldaşı Qəmər Məmmədova çıxış edərək İ.Məmmədovun xatirəsinə göstərilən diqqət və qayğıya görə tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.

Tədbir çərçivəsində, həmçinin görkəmli alimin elmi fəaliyyətini əks etdirən sərgi də nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

 

  • Paylaş: