Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

19.09.2022 11:15
  • A-
  • A
  • A+

Azərbaycan və Özbəkistan alimləri innovativ inkişaf sahəsində müştərək tədqiqatlar aparacaq

Azərbaycan və Özbəkistan alimləri innovativ inkişaf sahəsində müştərək tədqiqatlar aparacaq

Cari ilin iyun ayında Daşkənddə keçirilən Özbəkistan-Azərbaycan biznes forumu zamanı imzalanmış “Azərbaycan Milli Elmlər Akademiyası və Özbəkistan Respublikasının İnnovativ İnkişaf Nazirliyi arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun müddəaları üzrə fəaliyyət çərçivəsində Azərbaycana gələn nazirliyin Elmi-Texniki İnformasiya Mərkəzinin direktoru Abdulaziz Abduvaliyev və Mərkəzin Geofizika və Nanomineralogiya şöbəsinin müdiri İlxom Alimuxammedin AMEA rəhbərliyi ilə görüşləri davam edir.

Sentyabrın 16-da Elmlər Akademiyasının Əsas binasında qonaqları AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev qəbul edib.

Müasir dövrdə tətbiqi elmlərin prioritet sahəyə çevrildiyini qeyd edən akademik İbrahim Quliyev bildirib ki, dünya təcrübəsinə əsasən aparılan araşdırmaların 20-30 %-ni sırf fundamental, qalan böyük hissəsini isə tətbiqi tədqiqatlar təşkil edir. Ölkələrimizin də bu tendensiyaya qoşulmağının əhəmiyyətindən bəhs edən vitse-prezident qarşıda duran mühüm vəzifələri sadalayaraq vurğulayıb ki, yerli və dünya bazarında elmi məhsula tələbat, dövlət sifarişləri və özəl sektorun bu məsələyə marağı artdıqda tətbiqi tədqiqatlar genişlənir.

Dünyadakı su ehtiyatlarının azalması probleminə diqqəti yönəldən akademik İbrahim Quliyev quraqlığa dözümlü və suvarılmaya az tələbatı olan yeni bitki sortlarının yetişdirilməsinin əsas prioritetlərdən olduğunu qeyd edib, həmçinin yeni texnologiyalara əsaslanaraq su ehtiyatlarının yenidən dəyərləndirilməsinin zəruriliyini vurğulayıb.

Digər prioritetin faydalı qazıntı yataqlarının kəşfiyyatı məsələsinin olduğunu bildirən alim Azərbaycanda hər zaman bu işlərin aparıldığını qeyd edib, innovativ inkişaf sahəsində fəaliyyətin elmlə sənaye müəssisələri, özəl sektor, ölkə nazirlikləri ilə müştərək əməkdaşlıq əsaslarında aparılmasının vacibliyini diqqətə çatdırıb.

Görüşdə çıxış edən Özbəkistan Respublikasının İnnovativ İnkişaf Nazirliyinin Elmi-Texniki İnformasiya Mərkəzinin direktoru dosent Abdulaziz Abduvaliyev səmimi qəbula görə akademik İbrahim Quliyevə minnətdarlığını bildirib, ölkəsində aparılan innovativ siyasət haqqında ətraflı məlumat verib. Qeyd edib ki, bu siyasətin əsasında Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin qarşıya qoyduğu vəzifələr durur, innovativ fəaliyyət ölkə regionlarını da əhatə edir. Özbəkistan əhalisinin 60 %-dək hissəsinin cavan əmək qabiliyyətli insanlardan ibarət olduğunu vurğulayan qonaq görülən tədbirlərin məşğulluq və yeni iş yerlərinin yaradılmasına yönəldiyini diqqətə çatdırıb. Hökumətin qarşısında cavan kadrların ölkədən axınının qarşısının alınması vəzifəsinin dayandığını bildirən Abdulaziz Abdullayev bu istiqamətdə bütün dövlət qurumlarına müvafiq tapşırıqlarının verildiyini, o cümlədən İnnovativ İnkişaf Nazirliyi qarşısında innovasiyaların ölkə regionlarına yönəldilməsi, burada innovativ resurslara əsaslanan və bazar tələbatına cavab verən yeni məhsul və xidmətlər təklif edən şirkətlərin açılması, nəticədə isə yeni perspektivli iş yerlərinin yaradılması və gənclərin istehsal prosesinə cəlb edilməsi vəzifəsinin qoyulduğunu, bu məqsədlə bütün bölgələrdə nazirliyin filiallarının açıldığını vurğulayıb.

Mərkəzi Asiya regionlarında, o cümlədən Özbəkistanda su ehtiyatlarının qorunmasının başlıca vəzifə olduğunu bildirən mərkəz direktoru iqtisadi cəhətdən sərfəli və quraqlığa dözümlü yeni bitkilərin yetişdirilməsini kənd təsərrüfatı sahəsində prioritet məsələ olduğunu qeyd edib, ümumilikdə ölkənin idxaldan asılılığının azaldılmasının vacibliyini vurğulayıb.

Daha sonra Abdulaziz Abduvaliyev elmmetriya sahəsində iki ölkə arasında əməkdaşlıq haqqında söz açıb. Bu məqsədlə Türkiyə təcrübəsilə tanış olduğunu bildirən qonaq elmmetriyanın inkişafı, elmi əsərlərin qiymətləndirilməsi, nəşri və nüfuzlu elmi bazalara yerləşdirilməsi istiqamətində Türkiyə-Azərbaycan-Özbəkistan konsorsiumunun yaradılması təklifini irəli sürüb. Tərəflər bu sahədə TÜBİTAK-ın təcrübəsindən yararlanmağın vacibliyini qeyd ediblər.

Görüşdə həmçinin müstəqil elmi ekspertizaların keçirilməsi, ekspert qruplarının fəaliyyətinin təkmilləşdirilməsi, ekspert bazalarının genişləndirilməsi və bu prosesə xarici alimlərin cəlb edilməsi, Ali Attestasiya Komissiyalarının fəaliyyətinin təkmilləşdirilərək müasir standartlara cavab verməsi problemləri müzakirə edilib. Akademik İbrahim Quliyev bu istiqamətdə bütün türk dövlətlərinin birgə fəaliyyətinin əhəmiyyətini vurğulayıb.

Tədbirdə Özbəkistan Respublikasının İnnovativ İnkişaf Nazirliyinin Yüksək Texnologiyalar Mərkəzinin Geofizika və Nanomineralogiya şöbəsinin müdiri İlxom Alimuxammed və AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri, dosent Esmira Əlirzayeva da iştirak ediblər. Təcrübə mübadiləsi məqsədilə AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzi və Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunda keçirdiyi görüşlər haqqında məlumat verən İlxom Alimuxammed elmi müəssisə rəhbərləri ilə innovativ inkişaf istiqamətində qarşıda duran vəzifələrin və əməkdaşlıq perspektivlərinin müzakirə edildiyini qeyd edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: