Neft-Kimya Presesləri İnstitutunun baş direktoru, akademik Vaqif Abbasovun 70 yaşı tamam olur. Görkəmli alim öz fəaliyyəti dövründə respublika, beynəlxalq və bir çox xarici ölkələrin elmi qurumlarının üzvü seçilib. O, Altunin adına Beynəlxalq Ekologiya və Təbiətdən İstifadə Akademiyasının həqiqi üzvü, 1988-1992-ci illərdə “ASSOKOR” Assosiasiyasının Rəyasət Heyətinin üzvü olub.
5 aprel 2013-cü ildə Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü, 2013-cü ilin may ayında Türk Dünyası Tədqiqatları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, həmçinin 2013-cü il noyabrın 15-də Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü seçilib. Bundan başqa, alim Avropa Təbiət Elmləri Akademiyasının Əsas qızıl Cəngavər ulduzu, 1987-ci ildə SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin gümüş medalı, “SSRİ-nin qabaqcıl ixtiraçısı” döş nişanına layiq görülüb. Eləcə də 1989-cu ildə SSRİ Neft-Kimya Sənaye Nazirliyinin Fəxri fərmanı, 1996-cı ildə akademik Y.H.Məmmədəliyev adına medal, 2000-ci ildə AMEA-nın Fəxri fərmanı, 2013-cü ildə Beynəlxalq Sokrat Komitəsinin Şöhrət medalı (İngiltərə), 2014-cü ildə isə Atatürk Beynəlxalq Ödülü ilə mükafatlandırılıb. O, dövlət başçısı tərəfindən “Əməkdar müəllim” fəxri adı, “Şöhrət” ordeni, 2019-cu ildə isə Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu ilə təltif edilib.
Alimin elmi tədqiqatlarının nəticələri 1508-ə yaxın elmi əsərdə, o cümlədən 60 kitab, monoqrafiya, dərslik və dərs vəsaiti, eləcə də 107 publisistik əsər (o cümlədən 18 kitab), 82 patent (Rusiya Patenti 4 və Avroasiya 6) və müəlliflik şəhadətnaməsində əksini tapıb. Onun rəhbərliyi ilə 13 elmlər doktoru və 41 fəlsəfə doktoru hazırlanıb.
Akademik Vaqif Abbasovla müsahibəni təqdim edirik:
- Vaqif müəllim, əvvəlcə Sizi 70 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə bu çətin və şərəfli yolda yorulmaz fəaliyyət, yeni-yeni uğurlar arzu edirik. İstərdik, öncə elmdə ilk addımlarınızdan, bu sahədə qazandığınız uğurlardan danışasınız.
- Əvvəlcə qeyd etmək istərdim ki, məktəbdə və universitetdə təhsil alarkən savadlı, intellektual səviyyəli müəllimlərdən dərs almışam. Müəllimlərimiz bizi hər zaman bütün fənləri yaxşı öyrənməyə sövq edirdi. Atam 58 il müəllim işləyib, Tərtərdə 4 məktəbdə dərs deyib və direktor olub. Ədəbiyyata, kitaba olan marağım da atamdan qaynaqlanır.
Məlum olduğu kimi, keçən əsrin 60-cı illərində keçmiş SSRİ-də kimya elminə böyük önəm verilirdi. Kimya sahəsini seçməyim məhz bununla bağlı idi. Beləliklə, indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya fakültəsinə daxil oldum. Orada məni elm sahəsinə istiqamətləndirən müəllimlərim - İsmayıl Nəsibov, Allahverdi Verdizadə, Təzəxan Sultanov, Telman Ağdamski, Xeyrulla Şamilov və Rafiq Ələkbərova böyük minnətdarlığımı ifadə edirəm. Universitetdə təhsil alarkən apardığım tədqiqat işlərimin bir neçəsinin nəticəsi elmi konfranslarda təqdim olunmuşdu.
Dövlət İmtahan Komissiyasının sədri, akademik Məhərrəm Məmmədyarov imtahan zamanı suallara verdiyim cavablardan razı qaldığı üçün məni akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun aspiranturasına dəvət etdi. 1973-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirdim və elə həmin il qeyd olunan institutun aspiranturasına qəbul oldum. Artıq 49 ildir ki, həyatım bu elm ocağı ilə bağlıdır. Elmi rəhbərlərim Azərbaycan EA-nın müxbir üzvü Məcid Mərdanov və texnika elmləri doktoru, professor Qurban Hüseyn Vəliyev olub. Hər ikisinin ruhları qarşısında baş əyirəm. Onların elmi məktəbi məni qəbul etdi, dəstək oldu, pillə-pillə ucalmağıma kömək etdi.
1983-cü ilə qədər bu elmi məktəbdə çalışdım, tədqiqatlar apardım, keçmiş SSRİ-nin aparıcı elmi-tədqiqat mərkəzləri ilə əməkdaşlıq etdim. 1984-cü ildən isə öz elmi məktəbimi yaratmağa başladım.
- Siz Naftalan neftinin dəyərini ortaya qoyan alimlərdən olmusunuz. 2003-cü ildə dünyada anoloqu olmayan müalicəvi Naftalan neftinin təmizlənmə texnologiyasını işləyib hazırlamısınız. Rəhbərlik etdiyiniz Neft-Kimya Prosesləri İnstitutunda hazırda bu istiqamətdə hansı işlər görülür?
- Qeyd edim ki, dünyada analoqu olmayan müalicəvi Naftalan neftinin kimyəvi tədqiqatlarının aparılmasının ilk təşəbbüsçüsü dünya şöhrətli alim, akademik Yusif Məmmədəliyev olub. Onun rəhbərlik etdiyi tədqiqatlarda akademik Ə.Quliyev, professor H.Həşimov, sonralar AMEA-nın müxbir üzvü F.Səmədova və mən iştirak etmişik.
Müalicəvi neftin kimyəvi, mikrobioloji tədqiqatlarında və bu neftdən müalicəvi yağın alınması texnologiyasının işlənilməsi sahəsində bir neçə dissertasiya işi yerinə yetirilib ki, onlardan dördünün elmi rəhbəri olmuşam. Qeyd edim ki, bu araşdırma elmi həyatımda çox böyük önəmə malik tədqiqat işlərindəndir. Belə ki, analoqu olmayan bu milli sərvətin əhəmiyyətli dərman vasitələrinə çevrilməsi təkcə elmi deyil, həm də iqtisadi və sosial əhəmiyyət kəsb edir.
İnstitutumuzda “Ağ Naftalan yağı”nın alınma texnologiyası işlənib hazırlanmış, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində 2014-cü ildə dərman preparatı kimi qeydiyyata alınmış və təcrübə-sənaye istehsalı AMEA-nın Təcrübə-Sənaye Zavodu ilə birgə təşkil edilmişdir. 2017-ci ildə “Ağ Naftalan yağı” Səudiyyə Ərəbistanında kosmetik vasitə kimi qeydiyyata alınmışdır. Sonrakı illərdə apardığımız tədqiqatlarda “Ağ Naftalan yağı” və dərman bitkilərinin efir yağları əsasında 6 dərman vasitəsi hazırlanmış, onların istehsalı üçün texniki şərtlər müəyyən edilərək təsdiq olunmuşdur. Hazırda onların dərman vasitəsi kimi qeydiyyata alınması üçün sənədlər müvafiq qurumlara təqdim edilib. Hesab edirəm ki, biz dahi Yusif Məmmədəliyevin bu sahədəki arzusunu yerinə yetirdik. Müalicəvi Naftalan neftinin vanna üsulu ilə istifadəsindən sonra da “Ağ Naftalan yağı”nın alınması imkanı müəyyən edilmişdir.
- Hansı elmi tədqiqatlarınızı Azərbaycan elminə mühüm töhfə hesab edirsiniz?
- Elmi tədqiqatlarımız təkcə Azərbaycan üçün deyil, dünya elmi üçün də dəyərlidir. Mən bir neçə elmi istiqamətlərdə tədqiqat işlərinin aparılması ideyasını irəli sürmüşəm və bu ideyaların icrasına rəhbərlik etmişəm, eləcə də onların həyata keçirilməsində iştirak etmişəm:
- Azərbaycanın unikal neftlərinin tədqiqi və onların emal texnologiyalarının işlənilməsi;
- Reaktiv yanacaqlarına və karbohidrogen tərkibli yuyucu vasitələrə antistatik aşqarların yaradılması, alınma texnologiyasının işlənilməsi, təcrübə-sənaye istehsalının təşkili və tətbiqi;
- Kənd təsərrüfatı üçün gübrələrin, bitkilərin boy stimullaşdırıcılarının, bitkilərdə xəstəliklərə qarşı dərman vasitələrinin yaradılması, istehsal texnologiyalarının işlənilməsi, təcrübə-sənaye istehsalının təşkili və tətbiqi və s.;
- Neftin qaz çıxarma, neft və qaz emalı sənayesi üçün reagentlərin yaradılması, alınma texnologiyalarının işlənilməsi, təcrübə-sənaye və sənaye istehsallarının təşkili və tətbiqi.
Qeyd edim ki, apardığımız tədqiqat işlərinin elmi yeniliklərinin təsdiqi odur ki, bu işlərin nəticələrinə keçmiş SSRİ-nin 21 müəlliflik şəhadətnaməsi (indiki patentə ekvivalent), Rusiya Federasiyasının 4, Avroasiyanın 6, Azərbaycan Respublikasının isə 51 patenti alınıb.
Tətbiqlər haqqında qeyd edəcəyim məlumatlar apardığımız tədqiqat işlərinin nə qədər əhəmiyyətli olduğunu təsdiq edir. Vurğulamaq istərdim ki, Azərbaycan kimya elmində təxminən son 100 ildə iki proses lisenziya ilə satılıb ki, onun da biri mənim ideyam və rəhbərliyim ilə yaradılmış VFİKS-82 çoxfunksiyalı korroziya inhibitorunun istehsal texnologiyasıdır. Bu proses keçən əsrin 80-ci illərinin sonlarında Rusiya Federasiyasına satılıb və Meleuz şəhərində illik gücü 20000 ton olan sənaye qurğusu işə salınıb. Eyni zamanda, bu inhibitorun qış modifikasiyası olan “Azəri” inhibitorunun da istehsalı bu qurğuda təşkil olunub.
VFİKS-82 inhibitoru Rusiya, Qazaxıstan, Ukrayna, Türkmənistan və Azərbaycanda istifadə olunub. Keçən əsrin 90-cı illərinin əvvəllərində VFİKS-82 lizinq yolu ilə Türkmənistana satılıb və əvəzində Azərbaycana Türkmənistan qazı verilib. Onu da qeyd etmək lazımdır ki, keçmiş SSRİ Elm və Texnika Komitəsi bu inhibitorun xarici ölkələrə satılması üçün 1990-cı ildə lisenziya vermişdi.
Bizim elmi məktəbimiz tərəfindən reaktiv yanacaqlara yüksək effektli antistatik aşqarların yaradılması sahəsində tədqiqatlar aparmaqla, bu sahədə yeni elmi istiqamət yaradılmışdır. Yüksək istismar xüsusiyyətlərinə görə öz analoqlarından fərqlənən yüksək effektli antistatik aşqar AP-L34-1 yaradılmışdır. AP-L34-1 aşqarının istehsal texnologiyası işlənib hazırlanaraq Perm Mühərrik İstehsalı Zavodu, Tbilisi Aviasiya Zavodu, Bakı Şin Zavodu və SSRİ Dövlət Neft Məhsulları Komitəsinin Həştərxan poliqonunda sənaye miqyasında həyata keçirilmişdir.
Bundan başqa, neftin ilkin emalı qurğuları üçün dünyada analoqu olmayan “Kaspi-X” neytrallaşdırıcı-inhibitor yaradılmışdır. Bu inhibitor analoqlarından fərqli olaraq xüsusi neytrallaşdırıcı istifadə tələb etmir və mühitin pH-nın istənilən qiymətində işləyə bilir, korroziyadan müdafiəni 95-97% təmin edir. Bu inhibitor 1995-ci ildən istehsal olunur və Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda istifadə edilir. 1995-ci ildən 01.07.2022-ci ilə qədər bu inhibitor 26724,17 ton istehsal olunaraq istifadə edilib. Həmçinin bzim elmi məktəbimiz yüksək effektiv “Xəzər” deemulqatoru yaradıb və Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda 1998-ci ildən başlayaraq tətbiqini həyata keçirib. 1998-2022-ci illərdə 3658,24 ton deemulqator istehsal olunaraq istifadə edilib.
Eyni zamanda, 1998-2000-ci illərdə yüksək keyfiyyətli “Bakı” ərphəlledicisi yaradılıb, 1998-2022-ci illərdə 94,06 ton istehsal olunub və istifadə edilib. Bizim elmi məktəbimizdə neft emalı zavodunun yanacaq məhsulu olan təbii neft turşuları əsasında yanğınsöndürmə üçün yüksək keyfiyyətli “NKPİ-34-2” adlı köpükəmələgətirici yaradılıb və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin poliqonunda sınaqdan uğurla keçdiyi üçün istifadəsinə lisenziya verilib. Bu reagent xarici anoloqlarından fərqli olaraq bütün təbii sularda – çay, göl və dəniz sularında yüksək artımlı və yüksək dayanıqlı köpük əmələ gətirir. Sözügedən reagent 26,94 ton istehsal olunaraq istifadə edilib.
Həmçinin 2009-cu ildə “Kaspi-X(M)” adlı inhibitor yaratmışıq. Bu inhibitor Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda buxar istehsalı qurğusunda boru xətlərini korroziyadan müdafiə üçün istifadə edilir. 2009-2022-ci illərdə 286,2 ton istehsal olunaraq istifadə edilib.
Bizim elmi məktəbimizdə dünyada anoloqu olmayan müalicəvi Naftalan neftinin geniş və fundamental tədqiqatları aparılıb və aparılmaqdadır. Bu barədə öncəki sualınıza cavab olaraq məlumat vermişəm.
2017-ci ildə Tibbi Hidrologiya və Klimatologiya Beynəlxalq Cəmiyyətinin “42-ci Ümumdünya Konqresi”ndə təşkil olunmuş beynəlxaq sərgidə “Ağ-Naftalan yağı” yüksək keyfiyyət sertifikatı almışdır.
Onu da qeyd edim ki, bitumun keyfiyyətini yaxşılaşdırmaq üçün V-2 aşqarı yaratmışıq. Bu aşqar 2015-ci ildən Azərbaycan Respublikasının yol tikintisində uğurla istifadə olunur. 2015-2022-ci illərdə bu aşqar 658,4 ton istehsal olunaraq istifadə edilib.
Bundan başqa, “Azofos” adlı iki qida elementli (N, P) və “Azofos K” adlı üç qida elementli gübrələr yaratmış, sahə sınaqlarını keçirmiş, istehsalını təşkil etmişik. Bu gübrə anoloqlarından fərqli olaraq bitkilər tərəfindən sürətlə mənimsənilir, nitrat azotuna və uçucu azota malik deyil. Bu gübrələr tullantısız texnologiya ilə alınır və bitkilərin yüksək məhsuldarlığını təmin edir.
“Azofos K” gübrəsi hər hektar üzüm sahəsinə 214 kq fiziki çəkidə verildikdə hektardan məhsuldarlıq ≥20 ton, üzümün şəkərliliyi ≥22% olur. Bu gübrə nar bağlarının hər hektarına 110 kq verildikdə hektarın məhsuldarlığı ≥5 ton artıq olur.
Bitkilərin boy stimullaşdırıcıları olan “Qarabağ-1”, “Qarabağ-2”, “Qarabağ-3” və “Qarabağ-4” reagentlərini işləyib hazırlamışıq. Bu bitkilərin boy stimullaşdırıcılarının qarğıdalı, pambıq, noxud, tütün, lobya bitkilərinin məhsuldarlığına, meyvə və dekorativ ağacların inkişafına səmərəli təsiri öyrənilmişdir. Müxtəlif ağacların 500000-ə yaxın tingi yetişdirilmişdir. Bu boy stimullaşdırıcıları işğaldan azad olunmuş torpaqlarda meşələrin bərpası və bütövlükdə ölkədə aqrar sektorun sürətli inkişafını və səmərəliliyini təmin edə bilər.
- Siz hər zaman Azərbaycan dövləti və dövlətçiliyini dəstəkləyən alimlərimizdən biri olmusunuz. Əmək fəaliyyətiniz daim ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. Bu barədə fikirlərinizi bölüşməyinizi istərdik.
- Qeyd edim ki, mən hələ 1969-cu ildən dahi və müdrik şəxsiyyət, Ümummilli lider Heydər Əliyevin siyasətinə, fəaliyyətinə böyük rəğbət bəsləmişəm və ona olan sədaqətim heç vaxt azalmayıb. Təsadüfi deyil ki, hələ 2004-cü ildə “Liderlik fəlsəfəsi”ni yazdım və bu kitab Ulu öndərə olan sevgimin, ehtiramımın ifadəsi idi. Həmin kitab 2013-cü ildə yenidən nəşr olunub.
2010-cu ildə dahi lider Heydər Əliyevin xatirəsinə ithaf olaraq “Dahilərin, müdriklərin və fatehlərin həyat dərsləri” adlı silsilə kitabımın birinci cildini çap etdirdim. Kitabın II cildi 2013-cü, III cildi 2020-ci, IV cildi 2021-ci ildə çap olundu. IV cilddə möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev haqqında mətn ilk olaraq verilib. Kitabın V cildi də artıq çapa hazırdır.
Bundan başqa, AMEA-da YAP-ın partiya özəyi ilk olaraq mənim təşəbbüsümlə bizim institutda yaradılıb və 2005-ci ilə qədər onun rəhbəri olmuşam. 2005-ci ildə yeni yaradılan İTV-nin Yayım Şurasının üzvü seçildiyim üçün 2011-ci ilə qədər partiyada fəaliyyətim nizamnaməyə uyğun olaraq dayandırılıb. Hazırda institutumuzda YAP-ın 44 üzvü var və 18 gənc alim də üzv olmaq üçün ərizələrini təqdim edib.
Mən hər zaman dövlətimizin diqqət və qayğısı ilə əhatə olunmuşam. 58 il kənd müəllimi işləmiş atanın və 55 il kolxozçu işləmiş ananın övladı olmaqla elmimizin flaqmanı olan, dahi alim Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda 49 il fasiləsiz çalışaraq aspirant, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, laboratoriya müdiri, şöbə müdiri, direktorun elmi işlər üzrə müavini, 2011-ci il dekabrın 21-dən 2021-ci il iyulun 1-nədək direktor və həmin vaxtdan indiyə qədər baş direktor vəzifələrinə kimi yüksəlmişəm. Bu vəzifədə çalışmağım mənim üçün böyük şərəfdir. Bu şərəfə görə dövlətimə, Ulu öndərimizə, çox hörmətli Prezidentimiz cənab İlham Əliyevə, xalqıma, valideynlərimə, böyüdüyüm dəyərli kənd mühitinə, mənə dərs deyən müəllimlərimə, elmi rəhbərlərimə və institutumuzun bütün kollektivinə minnətdaram.
Dövlətimiz hər zaman kiçik əməyimi yüksək qiymətləndirib və məni daha fəal işləməyə sövq edib. Aldığım mükafatlar, təltiflərin hər biri mənim üçün çox dəyərlidir.
2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə olunmuş tarixi qələbə, 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızın azad edilməsi Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin diplomatik məharəti, prinsipiallığı, dəqiq və məqsədyönlü siyasəti nəticəsində mümkün olmuşdur. Biz hər zaman cənab Prezidentin sadiq əsgərləri olmalıyıq.
- Sizin fikrinizcə, Azərbaycan elmində mövcud olan çatışmazlıqların aradan qaldırılması üçün hansı işlər görülməlidir? AMEA-nın bir sıra institut və təşkilatlarının Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsi bu işlərə nə kimi təsir göstərəcək?
- Sözsüz ki, dövlət başçısının imzaladığı Fərman müzakirə olunmadan icra edilməlidir. Hesab edirəm ki, elmimizi təhqir səviyyəsində müzakirə edənlər yanılırlar. Bu yanlışlığa dair səbəblərin bir çoxunu özümüzdə axtarmalıyıq. Buna aid nümunə göstərmək istərdim. Akademik Musa Rüstəmovun ideyası və rəhbərliyi ilə yaradılmış katalitik krekinq qurğusu (Q-47/103) 1993-cü ildən istismara verilib. Bu qurğu ölkəmizdə hər il istehsal olunan 1 milyon 200 min tona qədər Aİ-92 benzininin 980 min ton komponentini, yəni 81,67%-ni istehsal edir. Təkcə bu işdən gələn illik gəlir AMEA-nın bir neçə illik büdcəsindən çoxdur. Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu 1995-ci ildən institutda yaradılmış Kaspi-X inhibitorunu, 1998-ci ildən “Xəzər” deemulqatorunu, 2009-cu ildən “Kaspi-X(M)” inhibitorunu və “Bakı” ərp həlledicisini istifadə etməklə (ümumilikdə 31000 tondan çox) bu reagentlərin xarici analoqlarından asılılığını tam aradan qaldırmışdır. Biz yüksək məhsuldarlığı təmin edən, tullantısız texnologiya ilə alınan Azofos K üç qida elementli gübrənin bütün sahə sınaqlarını başa çatdırsaq da bu işin davam etdirilməsinə dəstək göstərilmir.
Fosforlu və kaliumlu gübrələrin ölkəmizdə istehsal olunmadığını nəzərə alsaq, hesab edirəm ki, bu işə dəstək göstərilməməsinin məntiqi əsası yoxdur. Bu baxımdan uğurlu işlərə imza atmış dəyərli alimlərimizin geniş ictimaiyyətə tanıdılması, gənclərin elmə təşviq edilməsi istiqamətində tədbirlərin görülməsi zəruri məsələlərdəndir.
Fikrimcə, təbiət və texniki elmlər sahəsində fəaliyyət göstərən institutların nəzdində vaxtilə uğurla fəaliyyət göstərmiş Xüsusi Konstruktor Bürolarının, Layihə qruplarının ləğvi tətbiqi işlərin azalmasına səbəb olan başlıca amillərdəndir.
Sənaye müəssisələrinin, aqrar sistemlərin elmi işlərin nəticələrinin tətbiqinə görə güzəştlər əldə etməsi kimi əhəmiyyətli üsulun ləğvi müəssisə rəhbərlərinin elmi nəticələrin tətbiqinə marağının azalmasına səbəb oldu. Bundan başqa, hesab edirəm ki, AMEA-da ləğv olunmuş tətbiq şöbələrinin fəaliyyətinin bərpa edilməsi zəruridir.
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin və onun tabeliyində fəaliyyət göstərəcək Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin uğurlu fəaliyyəti arzusundayıq.
Xüsusi olaraq bildirmək istəyirəm ki, sıx əməkdaşlıq şəraiti yaratmaq, tələbələri elmə təşviq etmək, onları elmi işlərə cəlb etmək, görkəmli alimlərin ustad dərslərini təşkil etmək, birgə layihələr təklif etmək, yeni dərsliklər, dərs vəsaitləri və monoqrafiyalar çap etdirmək bu istiqamətdə görülən işlərə böyük dəstək verəcək, həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılmasına səbəb olacaq. Biz alimlər hər zaman dialoqa hazır olmalıyıq.
- Bir qədər də kadr hazırlığı sahəsində gördüyünüz işlər, davamçılarınız haqqında danışmağınızı istərdik.
- Bir məsələni vurğulamaq istərdim. Mənim elmi rəhbərlərimin biri 1982-ci ildə, digəri 1983-cü ildə vəfat edib. 1984-cü ildən rəhbər olaraq kadr hazırlığına başlamışam. Tələbələrimin mənim elmi məktəbimin uğurlarında böyük əməyi var. Onların ikisi Misir vətəndaşıdır və hazırda öz ölkələrində nüfuzlu alim olaraq fəaliyyət göstərirlər.
Tələbələrimdən biri, AMEA-nın müxbir üzvü Tofiq Əliyev Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun baş direktorudur. Həmçinin tələbələrim, t.e.d. Sakit Rəsulov və t.e.d. Fariz Əmirov Azərbaycan Dövlət Neft və Sənaye Universitetində kafedra müdiri, k.e.d. Sevinc Məmmədxanova fakültə dekanı, k.ü.f.d. Aidə Şahməmmədova magistratura şöbəsinin müdiri kimi fəaliyyət göstərirlər. Digər tələbəm, k.ü.f.d. Rüfət Əzizov Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsil İnstitutunun direktorudur. K.ü.f.d. Vüsal Şəfiyev Səngəçal Terminalının Sahə Hasilatı üzrə meneceri vəzifəsində çalışır və bu yaxınlarda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb. K.ü.f.d. Yusif Abdullayev Bakı Mühəndislik Universitetində kafedra müdiridir, elmlər doktoru elmi dərəcəsi almaq üçün icra etdiyi dissertasiya işi müdafiəyə hazırdır. O, ölkəmizdə kompüter kimyası üzrə yeganə mütəxəssisdir.
Hazırda bir neçə tələbəm Azərbaycan Dövlət İqtisad Universitetində, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, Gəncə Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğuldur. Bundan əlavə, Neft-Kimya Prosesləri İnstitutunun icraçı direktoru, baş mühəndisi, iki şöbə müdiri və 3 laboratoriya müdiri də mənim tələbələrimdir.
- Təhsilin inkişafında kifayət qədər rolunuz var. Bu haqda nə deyərdiniz?
- Mən hər zaman təhsil və elmin qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərməsinin tərəfdarı olmuşam. Tədris etmək, dərslik, dərs vəsaitinin hazırlanmasında yaxından iştirak etmək elm ilə bərabər tutduğum işlərdən olub.
Ölkəmiz müstəqillik qazandıqdan sonra ilk milli dərsliklərin birinci həmmüəllifi, eləcə də ümumtəhsil məktəbləri, ali məktəblər üçün hazırlanmış bir sıra dərsliklərin, dərs vəsaitlərinin, abituriyentlər üçün vəsaitlərin və test kitablarının həmmüəllifi olmuşam.
2000-2013-cü illərdə Dövlət İmtahan Mərkəzində Kimya üzrə Ekspert Şurasının və seminarın sədri olmuşam.1992-2013-ci illərdə məktəblilərin kimya olimpiadalarının respublika turunu keçirən münsiflər heyətinin sədri, 2008-ci ildə “Ən yaxşı müəllim” və “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin Təşkilat komitəsinin üzvü seçilmişəm. 2008-ci ildə kimyadan dərsliklər və dərs vəsaitlərinə qrif verən komissiyanın sədri olmuşam. 2010-cu ildə Təhsil Nazirliyinin Dərslikləri Qiymətləndirmə Şurasının sədr müavini kimi fəaliyyət göstərmişəm.
2003-cü ildə Təhsil Nazirliyinin Təhsil Problemləri İnstitutu ilə birlikdə “Kimya məktəbdə” elmi-metodiki jurnalını təsis etmiş və onun baş redaktoru olmuşam. 2018-ci ildə mənim təşəbbüsüm və birbaşa iştirakım ilə 4 kəndin şagirdlərinə və əhalisinə xidmət edən kitabxana tikilib. Hazırda bu kitabxanada 5 mindən çox kitab və jurnal mövcuddur. Bir neçə gün əvvəl həmin kitabxanada oldum və kitabxanaya 200-ə yaxın kitab və jurnal hədiyyə etdim. Qeyd edim ki, AMEA-nın 14 institutu da bu kitabxanaya kitablar hədiyyə edib. Kitabxananın tikilməsində keçmiş tələbələrim, dostlarım yaxından iştirak edib.
- Deyirlər, şeir, poeziya ruhun musiqisidir. Siz də elmi fəaliyyətinizlə yanaşı, şeirə, poeziyaya böyük maraq göstərir, oxunaqlı poeziya nümunələri ərsəyə gətirirsiniz. Şeirə olan böyük həvəsinizin səbəbləri nədir?
- Mən dünyanın 220-dən çox Nobel mükafatçısının, o cümlədən kimya üzrə 160-dan çox Nobel mükafatı laureatının həyatını öyrənmişəm. Onların əksəriyyəti öz peşələri ilə yanaşı, tarix, ədəbiyyat, musiqi, incəsənət və s. böyük maraq göstəriblər. Bəziləri şeir yazıb, digərləri musiqi bəstələyib, rəsm əsərləri yaradıb və s.
Mən şeir yox, söz düzümləri adlandırdığım mətnlərin müəllifiyəm. Bu səbəbdən özümü şair hesab etmirəm. Lakin heç kim mənə qadağa da qoya bilməz ki, fikirlərimin bu formada təqdimatını edim.
Şeirə həvəsimə gəldikdə, məktəbdə mənə ədəbiyyat dərsi demiş müəllimlərimə, xüsusən də Məcid Ağamalıyevə, universitetdə mənə mineralogiyadan dərs demiş şairimiz Oktay Rzaya, Hötenin “Məhəmməd peyğəmbərin tərənnümü” şeirini alman dilindən Azərbaycan dilinə tərcümə etmiş, “Allah” şeirini yazmaq xahişimi yerə salaraq məni söz düzümləri yazmağa sövq etmiş Ələmdar İsaya minnətdaram. “Duyğular dünyası”, “Ömür ağacı”, “Söz düzümlərim”, “Gördüklərim, duyduqlarım, sevdiklərim, sevmədiklərim, nəsihətlərim”, “Mən dünyanı belə gördüm” kitablarım bu qəbildəndir.
Bundan başqa, mənim müəllifi olduğum sözlərə bir neçə mahnı da bəstələnib.
Qeyd etmək yerinə düşər ki, dünya şöhrətli alimlərimiz – akademik Yusif Məmmədəliyev, AMEA-nın müxbir üzvü Xudu Məmmədov gözəl şeir nümunələri müəllifi olublar, şeir dinləməyi və oxumağı çox seviblər.
Müsahibəni apardı: Nərgiz QƏHRƏMANOVA, AMEA-nın Rəyasət Heyəti aparatının İnformasiya şöbəsinin sektor müdiri
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.