Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 28 iyul 2022-ci il tarixli Fərmanı elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsi məqsədilə atılan mühüm addımdır. Ölkə başçısının dərin elmi əsaslara söykənən iqtisadi strategiyasının uğurla icra olunması, qəbul olunan Dövlət proqramları, inkişaf konsepsiyaları, strateji yol xəritələri Azərbaycanda iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasına böyük töhfələr verir. “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”, həmçinin cənub bölgəsi üçün çox vacib 2018-ci ildə qəbul edilmiş çayçılığın, sitrus meyvəçiliyinin və çəltikçiliyin inkişafına dair Dövlət Proqramlarında da elmi istiqamətlərə xüsusi önəm verilir.
Müsahibimiz AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin direktoru, kənd təsərrüfatı elmləri doktoru, professor Fərman Quliyevdir.
- Əvvəlcə qeyd edim ki, cənab Pezidentin məlum Fərmanı Azərbaycan elminin inkişafında yeni səhifə açacaqdır. Bu Fərman fəaliyyətimizi günün tələbləri səviyyəsində qurmağa sövq edir. Qeyd edim ki, Lənkəran-Astara subtropik bölgəsində uzun müddət işlədiyimdən və bu bölgənin təbii torpaq-iqlim şəraiti və resurslarını geniş təhlil etdiyimdən son illər ölkəmizdə qeyri-neft sektorunun inkişafı ilə bağlı aparılan siyasətlə əlaqədar gördüyümüz bəzi işlərimizə işıq salıb, bu perspektivli sahənin gələcək inkişafı ilə bağlı bir sıra təkliflərimi diqqətə çatdırmaq istəyirəm. Öncə qeyd etmək istəyirəm ki, hələ 1936-ci ildə məşhur alim, botanik-genetik, akademik N.Ş.Vavilov Bakıda keçirilən subtropiklərin I konfransında belə qeyd etmişdir: “Azərbaycan dünyanın endimik bitki bankıdır. Talış isə (Lənkəran-Astara bölgəsi müəllif) onun ən varlı və gözəl gəlinidir”. Bu görkəmli alimin ölkəmizin iqliminə və bitki aləminə, xüsusən onun cənub bölgəsinə verdiyi yüksək qiymət özünü praktik olaraq doğrultmuşdur. Həqiqətən belə iqlim şəraiti müxtəlif növ və sort tərkibli subtropik bitkilərin o cümlədən, çay, sitrus bitkiləri, feyxoa, kivi, nəcib dəfnə, bambuk, tunq, xirnik, pekan, muşmula və s. subtropik meyvə və texniki bitkilərin geniş sənaye miqyasında inkişaf etdirilməsi üçün böyük aqroiqlim potensialına malikdir.
Məlum durğunluqdan sonra ölkə rəhbərliyi tərəfindən aqrar sahənin prioritet elan edilməsi, Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018-2027-ci illər üçün Dövlət Proqramı”nın, “Azərbaycan Respublikasında sitrus meyvəçiliyinin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi cənub bölgəsinin ənənəvi sahələri olan çayçılıq və sitrusçuluğun inkişafı üçün əsaslı zəmin yaratmışdır.
- Professor, qəbul edilmiş dövlət proqramları ilə bağlı təşkilatınızda hansı işlər görülür?
- 2005-ci ildə yaradılan AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin (LREM) də qarşısında duran başlıca məqsədlərdən biri Azərbaycan üçün bu unikal sahənin inkişafına dəstək verməkdir. Təəssüf ki, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin qərarı ilə 2005-ci ildə yaradılmasına baxmayaraq LREM-in uzun müddət fəaliyyəti olmamış, 2015-ci ilin fevral ayınadək təşkilatda heç bir elmi-təşkilati və kadr işləri aparılmamışdır. Yalnız AMEA-nın 2014-cü ilin illik hesabatında bütün təşkilatlarının elmi fəaliyyətinin yeni meyarlarla təşkili və idarə edilməsi, elmi infrastrukturun müasirləşdirilməsi və qabaqcıl texnologiyaların tətbiqinin həyata keçirilməsi islahatların əsas prinsipi kimi qiymətləndirilmiş və Lənkəran REM-nin rəhbərliyi (AMEA Rəyasət heyətinin 06 fevral 2015-ci il tarixli № 4/4 nömrəli qərarı) dəyişilmişdir. Bundan sonra Lənkəran-Astara bölgəsində zəngin bitki örtüyünün, xüsusilə relikt və endemik bitki növlərinin, yabanı, xalq seleksiyasının əldə etdiyi mədəni bitki sortların və habelə mədəni subtropik meyvə və texniki bitkilərin sort, forma, növ müxtəlifliklərinin vahid mərkəzdə toplanması, digər qonşu xarici ölkələrin subtropik məntəqələrindən introduksiya olunması, öyrənilməsi, seçilməsi, tətbiqi, başqa sözlə bu bitkilərin genetik bankının yaradılması məqsədilə LREM-də tədqiqat işlərinə başlanılmışdır.
Gələcək inkişaf proqramı və fəaliyyəti məqsədilə LREM-də çay, sitrus və digər subtropik meyvə və texniki bitkilər üzrə elmi-tədqiqat işlərini müştərək aparmaq və o bitkilərin sort və formalarını Lənkəran bölgəsi şəraitində introduksiya edib, öyrənmək və onların genetik banklarının yaradılması məqsədilə bir sıra təşkilatlarla razılaşma əldə edilmişdir.
- Dövlət Proqramında Azərbaycanda çayçılığı və çayçılıq ənənələrini bərpa etmək, dirçəltmək, inkişaf etdirmək, dünya standartlarına uyğun olan milli çay istehsalını artırmaq, ölkə əhalisinin bu strateji əhəmiyyətli ərzaq məhsuluna ilbəil artmaqda olan ehtiyacını etibarlı təmin etmək nəzərdə tutulur. Bununla bağlı görülən işlər barədə məlumat verməyinizi xahiş edirik.
- Qeyd edim ki, bunun üçün elmi-praktik işlərin yerinə yetirilməsi aktualdır. Ötən dövr ərzində Lənkəran REM-i çayçılıq sahəsində bir sıra uğurlu nəticələr qazanmışdır. Belə ki, vəziyyətdən çıxış yolu kimi Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Lənkəran çay filialı bazasında müştərək elmi əməkdaşlıq müqaviləsinə əsasən, elmi rəhbərliyimiz altında “Çay bitkisinin sort və formalarının toplanması, öyrənilməsi, ən qiymətlilərinin seçilməsi, yeni sortların yaradılması” mövzusu üzrə tədqiqat işləri aparılmışdır. Tədqiqatlarda uzun illərdən bəri çay bitkisinin 50-dan çox sort və forma klonları toplanaraq Lənkəran çay filialının eksperimental kolleksiya plantasiyasında müqayisəli sınaqdan keçirilmiş və bir sıra uğurlar əldə edilmişdir. Yeni yaradılmış sortlar əvvəllər rayonlaşmış çay sortu “Azərbaycan-2” ilə müqayisələr aparılmış, kolların həcmi, budaqlanma dərəcəsi, yarpaqların buğumarası məsafəsi, fleşlərin kütləsi, uzunluğu, kolların zoğvermə intensivliyi və sair haqda məlumatlar toplanmış və müqayisəli şərhi vermişdir. Məlum olmuşdur ki, yeni yaradılmış sortlarda fenofazaların keçməsi arasındakı fərqlər müxtəlif olmuşdur. Beləliklə, Lənkəran çay-sitrus bitkiləri filialında çayın klassik və seleksiya üsulları ilə yaradılmış müxtəlif forma və klonları üzərində aparılan elmi-tədqiqat işlərinin nəticəsində 2015-ci ildə üç forma və klon, 2016-cı ildə isə bir forma və klon Dövlət Sort Sınağına qəbul olunmuş, “Fərmançay”, “Lənkəran”, “Xəzər”, “Fərmançay çəhrayı” sortları Dövlət Reyestrinə salınmışdır. Hərtərəfli öyrənilmiş bu perspektiv forma və klonlar təsərrüfat göstəricilərinə görə rayonlaşdırılmış çay seleksiya sortundan - nəzarət variantından (“Azərbaycan-2”) daha yüksək göstəricilərə (10-12t/ha yaşıl çay yarpağı) malikdir. Gələcəkdə bu sortların artırılıb təsərrüfatlara verilməsi ölkə ərazisində çayçılığın intensiv inkişafına imkan verəcəkdir.
- Azərbaycanın Lənkəran-Astara subtropik bölgəsinin münasib torpaq-iqlim şəraiti çaydan başqa limon, naringi, feyxoa, subtropik xurma, kivi, nəcib dəfnə, bambuk, quayava və digər subtropik bitkilərin sənaye miqyaslı yetişdirilməsi üçün imkanlar açır. Bu istiqamətdə indiyədək hansı işlər görülüb?
- Sitrus bitkilərin yetişdirilməsi üçün elmi əsasların işlənilib hazırlanması və istehsalat təcrübəsindən müvəffəqiyyətlə sınaqdan keçməsi (xüsusi mikroiqlimi ilə fərqlənən yamacların seçilməsi, bitkilərin çətrinə sərilən formaların verilməsi, alçaqboylu sitrus bitkilərin yetişdirilməsi və s.) məhsuldarlığın yüksəldilməsinə, sitrusların qış şaxtalarından zədə almadan qorunmasına, açıq torpaq şəraitində onların yetişdirilməsinə təminat vermiş və bununla da bölgə şəraitində sitrus bitkilərinin sahəsi ilbəil artmaqdadır.
Məlumdur ki, bölgəmizdə subtropik meyvə bitkiləri içərisində feyxoa bitkisinin becərilməsi daha geniş vüsət almışdır. Qeyd etmək lazımdır ki, feyxoa bölgədə qış aylarında bəzən yüksək şaxtalara da müvəffəqiyyətlə dözür və heç bir zədə almadan hər il yüksək məhsul əldə edilir. Azərbaycan alimlərinin əldə etdikləri ilk feyxoa seleksiya sortları (müəlliflər professorlar F.Quliyev, İ.Axundzadə) “Lənkəran”, “Xəzər”, “Astara”, “Məhsuldar” və s. ilə əkin sahələrinin genişləndirilməsi, yüksək iqtisadi rentabellik baxımından fermer təsərrüfatlarının diqqətinə səbəb olmuş, feyxoa əkin sahəsi bölgədə genişlənmiş və ümumiyyətlə respublikanın bir sıra rayonlarında yetişdirilməyə başlanılmışdır.
Həmçinin sitrus bitkiləri arasında aparılan elmi tədqiqatlar zamanı yeni limon və narıngi sortları əldə olunub. Yeni limon sortunun yetişdirilməsi aqrotexniki qulluq az tələb etdiyindən ucuz başa gəlir, məhsulvermə qabiliyyəti isə digərlərindən 40-50 faiz çoxdur. “Lənkəran meyeri” (“Meyer ağçiçək”) adı verilən yeni limon sortu yüksək məhsuldarlığına, şaxtaya, xəstəlik və zərərvericilərə qarşı dözümlülüyünə görə ənənəvi limon sortlarından fərqlənir. Gələcəkdə “Lənkəran meyeri”nin artırılaraq təsərrüfatlara verilməsi ölkəmizdə bu sahənin inkişaf etdirilməsinə, sitrus bitkilərindən yüksək məhsul (13-14 t/ha) götürülməsinə imkan yaradacaq.
Lənkəran bölgəsində introduksiya olunmuş və seleksiya yolu ilə alınmış naringi sort-formaları yerli şəraitdə adaptiv xüsusiyyətlərə malik olmaqla bir sıra müsbət təsərrüfat əhəmiyyətli əlamət və xüsusiyyətləri vardır. Əldə etdiyimiz yeni naringi sortu-“Karlik tezyetişən” özünün alçaq boyu (150-170sm), tez yetişkənliyi (sentyabrın ikinci yarısında yetişir), hektarda ən azı 2000-2200 ədəd bitki yerləşdirib, 30-35 ton/ha meyvə məhsulu yığmağa şərait yaradır.
Son dövrlərdə bölgəmiz üçün yeni olan tropik-subtropik bitki olan quayava ilə bağlı apardığımız elmi-tədqiqat işləri müsbət nəticələr vermişdir. Hazırda rəhbərliyim altında müalicəvi xüsusiyyətləri ilə ciddi surətdə fərqlənən bu möcüzəvi bitkinin açıq havada, sintetik örtük altında və otaq şəraitində becərilməsi imkanları öyrənilib, onun çoxaldılmasında bir sıra uğurlar əldə edilmişdir.
Lənkəran-Astara rütubətli subtropik bölgəsində bunlarla yanaşı, bir sıra digər meyvə və texniki bitkilərin-layım, avokado, berqamot, nəcib dəfnə, bambuk və s. sənaye miqyaslı inkişafı üçün aqroiqlim potensialı mövcuddur və bunların materiallaşdırılmasını da diqqətimizdə saxlayırıq.
Son vaxtlar Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutu ilə apardığımız elmi-tədqiqat işləri bizi sevindirir. Belə ki, institutun əməkdaşları biologiya üzrə fəlsəfə doktoru Hüseynağa Əsədov, elmi işçi Mirməhəmməd Babayev Lənkəran Regional Elm Mərkəzi ilə bağlanmış qarşılıqlı müqaviləyə əsasən Lənkəran bölgəsində elmi ekspedisiyada olublar. Mərkəzin əməkdaşları tərəfindən LREM-in Təcrübə sınaq sahəsində ən müasir cihazlardan istifadə edilməklə eksperimental təcrübələr aparılıb. Dünyada baş verən son iqlim dəyişiklikləri ilə əlaqədar ekoloji amillərin respublikamızın əvəzsiz nadir bitkisi olan çaya təsiri, temperatur dəyişkənliyi nəticəsində havanın radiasiya fonu, havanın kimyəvi tərkibi, torpaqda ağır metalların, duz ionlarının və s. çay bitkisinin fizioloji və biokimyəvi parametrlərinə təsiri tədqiq edilib. Ekspedisiyanın rəhbəri H.Əsədovun sözlərinə görə, professor F.Quliyevin rəhbərliyi altında yaradılan çay sortları yüksək keyfiyyət göstəricilərinə görə dünyanın məşhur çay sortlarından daha üstündür. Bu çay sortlarından alınan ekstraktın dünyada geniş yayılmış Altsheymer, Parkinson və eləcə də bədxassəli şişlərin müalicəsində istifadə olunması proqramının işlənib hazırlanması qərara alınıb.
Azərbaycanın Lənkəran-Astara rütubətli subtropik bölgəsinin özünəməxsus torpaq-iqlim şəraitinin dünyanın digər subtropik bölgələrindən fərqli olmasını nəzərə alıb, bu sahədə qabaqcıl təcrübələrin, xüsusilə İran, Türkiyə, Ortaaralıq dənizi sahili ölkələrdə öyrənilməsinə, mənimsənilməsinə diqqət yetirilməlidir.
- Bidiyimiz kimi mərkəzdə Folklor, etnoqrafiya və arxeologiya şöbəsi də fəaliyyət göstərir.
- 2017-ci ildə yaradılan və 2020-ci ildə təkmilləşdirilən Folklor, etnoqrafiya və arxeologiya şöbəsi Azərbaycanın Cənub-Şərq regionunun zəngin folklor nümunələri, adət və ənənələi, arxeoloji və numizmatik abidələrinin aşkarlanması, onların xəritələrinin tərtibi, numizmatik fondun yaradılması, numizmatik materialların elmi dövriyyəyə daxil edilməsi, kataloqlaşdırılması və digər istiqamətlərdə elmi-tədqiqat işləri həyata keçirir. Aparılan arxeoloji kəşfiyyat işləri nəticəsində bölgə rayonlarının ərazisində 20-dən artıq yeni abidə qeydə alınmış və onların elmi dövriyyəyə daxil edilməsi istiqamətində işlər görülür. Bu arxeoloji abidələr əsasən kurqanlardan, daş qutu nekropolları və yaşayış yerlərindən ibarətdir. Aşkar edilən abidələr son tunc və erkən dəmir, antik və orta əsrlər dövrünə aiddir. Bu abidələr içərsində kurqanlar əhəmiyyətli yer tutur. Kurqanlar Lerik, Lənkəran və Astara rayonlarının ərazisində qeydə alınmış onlar ölçülərinə və strukturlarına görə bir-birindən fərqlənir. Həmçinin Astara rayonun Sım kəndində də əməkdaşlarımızın axtarışları nəticəsində yeni qayaüstü yazılar aşkar edilmişdir.
- Hazırda kollektiviniz hansı istiqamətlərdə fəaliyyətini davam etdirir?
- Yuxarıda göstərilənləri nəzərə alaraq bildirirəm ki, mövcud çətinliklərə baxmayaraq AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində aqrar sahə ilə yanaşı, folklor, etnoqrafiya, arxeologiya, uzunömürlülüyün fiziologiyası istiqamətində elmi-tədqiqat işlərimizi davam etdirir, cənab Prezident İlham Əliyevin elmi işçilər qarşısında qoyduğu tapşırıq və vəzifələri bundan sonra da layiqincə yerinə yetirməyə çalışırıq.
- Fərman müəllim, LREM-nin fəaliyyətini gücləndirmək üçün hansı təklifləriniz vardır?
- Maraqlı sualdır. Qeyd etməliyəm ki, ilk növbədə Lənkəran REM-nin hərtərəfli fəaliyyət göstərməsi üçün lazımi inzibati bina və elmi-tədqiqat işlərinin aparılması məqsədilə torpaq sahəsi ilə təmin olunması həllini gözləyən vacib məsələlərdəndir. Lənkəran-Astara bölgəsində müasir dövrdə subtropik bitkilərin inkişaf etdirilməsi üçün torpaq və iqlim resursları dəqiqləşdirilməli, ayrı-ayrı məntəqələrin mikroiqlim şəraiti öyrənilməlidir. Həmçinin:
- Bölgədə subtropik meyvə və texniki bitkilərin inkişaf etdirilməsi üçün mikroiqlim şəraiti daha əlverişli olan məntəqələrin müəyyən edilməsi və xəritələşdirilməsinə nail olmalı;
- Bölgədə bitki örtüyünün zəngin olması, xüsusilə relikt və endimik bitki növlərinin, yabanı, xalq seleksiyasının əldə etdiyi sortların, habelə mədəni subtropik meyvə və texniki bitkilərin sort, forma, növ müxtəlifliklərinin vahid mərkəzdə toplanılması, digər qonşu xarici subtropik məntəqələrdən introduksiya olunması, öyrənilməsi, seçilməsi, tətbiqi, başqa sözlə bu bitkilərin genetik bankının yaradılması prioritet istiqamətlərdən sayılmalı;
- Azərbaycan Respublikasının yaşıllaşdırılması məqsədlə bölgədə mövcüd eqzotlardan, qiymətli subtropik bitkilərdən maksimum istifadə etməklə bütün əsas və yardımçı yolların kənarlarında, parklarda, xiyabanlarda bu bitkilərdən istifadə olunması məqsədilə bəzək bağçılığı və gülçülüyü üzrə elmi tədqiqat işlərinin aparılması;
- Bölgənin spesifik torpaq-iqlim şəraitində yetişdirilən meyvə, subtropik, tərəvəz və s. bitkilərin yüksək keyfiyyət göstəricilərini nəzərə alıb və onlardan emal olunmuş məhsullarının dünya standartları səviyyəsində əldə edilməsi, qabaqcıl texnologiyaların transferi və mənimsənilməsi istiqamətində tədbirlər həyata keçirməli, bu məqsədlə ilk növbədə biokimyəvi laboratoriya ilə təminat mühüm əhəmiyyət kəsb edir;
- Fundamental və tətbiqi elmi tədqiqatların təşkilinə, əlaqələndirilməsinə, elmtutumlu təsərrüfat subyektlərinin yaradılmasına, elmi-istehsalat yönümlü təcrübə-sınaq zavod, fabriklərin yaradılması, elmlə istehsalatın qarşılıqlı əlaqələndirilməsinə nail olmalı;
- Lənkəran-Astara subtropik bölgəsində turizmin inkişafı üçün zəngin bitki örtüyü, relikt biomüxtəlifliklərinin, həmçinin unikal xalq seleksiyası sortlarının qorunması, öyrənimləsi, artırılması və gələcək nəsillərə çatdırılmasında nəbatət-genetik bağının yaradılması diqqətdə saxlanılmalı, Qafqazın, Ortaaralıqdənizi ölkələrin, Yaponiya, İran, Türkiyə və digər subtropik məntəqələrin zəngin florasını özündə ehtiva edə bilən Lənkəranda botanika genefond bağının yaradılması təbliqat, təşviqat və elmi-tədqiqat baxımından mühüm rol oynaya bilər;
- Lənkəran subtropik bölgəsində bitkilərin zərərverici və xəstəlikləri ilə mübarizə, subtropik bitkiçilyi, bəzək bağçılığı, gülçülük ixtisasları üzrə ali təhsilli mütəxəssilərin-texnoloqların respublika daxilində və xaricində, o cümlədən magistratura, doktorantura və dissertantlıq yolu ilə ixtisaslı kadrlar hazırlanması vacib sayılır;
- Azərbaycanın cənub-şərq regionunun folkloru, etnoqrafiyası və arxeologiyasının öyrənilməsi, toplanması, sistemləşdirilib nəşr olunması qarşıda duran mühüm vəzifələrdən biridir. Bu baxımdan cənub-şərq bölgəsinin folklorunun, etnoqrafiyasının və arxeologiyasının sistemli öyrənilməsi və digər bölgələrin şifahi xalq ədəbiyyatı nümunələri ilə müqayisəli araşdırılması mühüm əhəmiyyət kəsb edir;
- Lənkəran bölgəsinin təbii torpaq-iqlim şəraiti, bölgədə günəşli günlərin çoxluğu Xəzər dənizinin qızıl qumlu sahilləri, təbii-müalicəvi istisu yataqları, şəfalı bulaqlarının və s. insan sağlamlığına müsbət təsir göstərməsi nəticəsində uzunömürlü insanların çox olması ilə seçildiyindən bölgə insanlarının həyat tərzi, qidalanması və digər məsələlərinin daha dərindən öyrənilməsini zərurətə çevirir. Bu baxımdan bölgədə herantoloji tədqiqat işlərinin aparılması da vacib məsələlərdəndir.
- Müsahibəyə görə çox sağ olun! Sizə can sağlığı, fəaliyyətinizdə uğurlar arzulayırıq.
Sərraf TALIBOV, Azərbaycan Jurnalistlər Birliyinin üzvü
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.