AMEA prezidenti, akademik Akif Əlizadə Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdə diplomatik nümayəndəliyinin müvəqqəti işlər vəkili Abbes Benmoussatı qəbul edib. AMEA Rəyasət Heyətində keçirilmiş görüşün əsas məqsədi akademiya ilə Əlcəzairin elmi-tədqiqat institutları arasında əməkdaşlıq perspektivlərinin müzakirəsi idi.
Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev və Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin rəisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Qulam Babayev iştirak ediblər.
Öncə AMEA prezidenti, akademik Akif Əlizadə qonağa akademiyanın strukturu və əsas fəaliyyət istiqamətləri barədə məlumat verib. Son illər AMEA-nın idarəetmə və təşkilati sisteminin əsaslı olaraq təkmilləşdirildiyini diqqətə çatdıran A.Əlizadə burada prioritet elmi istiqamətlərdə aparılan araşdırmalardan və innovativ layihələrdən söz açıb.
AMEA rəhbəri uzun illər boyu azərbaycanlı mütəxəssislərin Əlcəzairdə neft emalı sahəsində tədqiqatlarından, gördüyü işlərdən bəhs edib.
Sonra cənab Abbes Benmoussat təmsil etdiyi ölkədə həyata keçirilən innovativ tədbirlərdən, hər iki ölkənin dostluq münasibətlərindən, elm, təhsil və mədəniyyət sahəsindəki əlaqələrindən söz açıb.
Gələcəkdə iki ölkənin elmi müəssisələri arasında əlaqələrin sistemli şəkildə qurulması, qarşılıqlı təcrübə mübadiləsinin təşkili məqsədilə konkret addımların atılmasının vacibliyini vurğulayıb.
Görüşdə humanitar elm sahəsində birgə əməkdaşlıq imkanları müzakirə olunub, gələcəkdə AMEA institutları ilə Əlcəzairin elmi müəssisələri arasında əməkdaşlıq haqqında niyyət sazişinin imzalanması barədə razılıq əldə olunub.
Sonda qonaq AMEA prezidentini Əlcəzair Xalq Demokratik Respublikasına səfərə dəvət edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir