AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən “Kiçik Akademiya”larla əməkdaşlıq çərçivəsində 246 nömrəli məktəb-liseydə kimya fənninə həsr olunmuş görüş keçirilib.
Tədbirdə Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri iştirak ediblər.
Əsas məqsəd məktəbin nəzdində fəaliyyət göstərən “Kiçik akademiya”nın fəaliyyəti ilə daha yaxından tanış olmaq, elm və təhsilin inteqrasiyasına töhfə vermək, istedadlı gəncləri elmə həvəsləndirmək olub.
Öncə məktəbin direktoru Elmar Həşimov şura üzvlərinə “Kiçik Akademiya”nın fəaliyyəti barədə ətraflı məlumat verib.
Sonra “Kiçik Akademiya”nın rəhbəri, məktəbin tarix müəllimi Şücaət Qafarova istedadlı şagirdləri və onların mövzularını təqdim edib.
Tədbirdə VII - VIII sinif şagirdlərinin təqdimatında “Turşu yağışları”, “Yod”, “Plastik qablaşdırma tullantıları”, “Su hövzələri və onların çirklənməsi” mövzularında elmi populyar və maarifləndirici məruzələr dinlənilib.
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini, k.ü.f.d. Nigar İbrahimova şagirdlərin günümüzün qlobal problemlərinə həsr olunmuş məruzələrini yüksək qiymətləndirib. O, elm və təhsilin vəhdəti baxımından bu cür tədbirlərin davamlı olaraq keçirilməsini məqsədəuyğun hesab edib.
Tədbirdə şuranın üzvü Ülviyyə Qurbanova çıxışçılar və məruzələrlə bağlı öz fikirlərini səsləndirib.
Sonda gənc alimlər elmə həvəsi olan şagirdlərə hər zaman dəstək olacaqlarını və məktəbdə fəaliyyət göstərən “Kiçik Akademiya” ilə mütəmadi olaraq görüşlərin keçiriləcəyini vurğulayıblar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.