Bu gün AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclasda Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, Akademiyanın Elmi-Tədqiqat Nəqliyyat və Aviokosmik Problemlər İnstitutunun direktoru, akademik Bahadır Tağıyev və həmin İnstitutun baş elmi işçisi, fizika üzrə elmlər doktoru Kərim Allahverdiyevin “LİDAR və ondan Azərbaycanda praktiki istifadə perspektivləri” mövzusunda məruzəsi dinlənilib. Kərim Allahverdiyevin təqdim etdiyi məruzədə qeyd olunub ki, Azərbaycanda ilk dəfə olaraq Milli Aviasiya Akademiyasında hazırlanmış LİDAR AR Dövlət Neft Şirkətinin dəstəyi ilə “Müasir metodlarla neft-qaz əməliyyatlarının keçirilmə zamanı ətraf mühitin çirklənməsinin monitorinqi” layihəsi çərçivəsində qurulmuşdur. Layihənin məqsədi neft-qaz çıxarılması zamanı su və yer səthinə çıxan neft məhsullarının, kimyəvi reagentlərin və qazma məhlullarının məsafədən zondlanması üçün nəzərdə tutulan flüorissent LİDAR-ın istehsalı və inkişafıdır.
Məruzəçinin sözlərinə görə, istehsal edilmiş LİDAR Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əməkdaşlarının iştirakı ilə Pirallahı rayonunda, Abşeron Neft-Qaz Çıxarma İdarəsinin neft estakadasında sınaqdan keçirilmiş və dəniz suyu səthindəki neft çirklənmələrini uğurla qeydə almışdır. Ölçmələr günün işıqlı və qaranlıq vaxtında həyata keçirilmişdir.
K.Allahverdiyev LİDAR-ın Xəzər dənizi və onun ətrafının təmizlik və monitorinqində böyük rol oynayacağını vurğulayaraq, LİDAR-ların Azərbaycanda müxtəlif sahələrdə istifadə perspektivləri barədə də məlumat verib. O, atmosferdəki aerozolların xüsusiyyətlərinin müəyyənləşdirilməsində LİDAR-ın əhəmiyyətini önə çəkib. Qeyd edib ki, son 15 ildə dünyada LİDAR texnologiyasının zəlzələlərin diaqnostikasında istifadəsi geniş yayıldığından onun Azərbaycanda da tətbiqi mühüm əhəmiyyət kəsb edir.
AMEA Rəyasət Heyətinin qərarına əsasən, son illərdə Milli Aviasiya Akademiyasında LİDAR sahəsində aparılmış tədqiqatların tətbiqi nəticələri müsbət qiymətləndirilib. AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinə tapşırılıb ki, LİDAR sahəsində tədqiqatların genişləndirilməsi məqsədilə “Zəlzələ LİDAR-ı” və “Aerozol LİDAR-ı”üzrə layihələr hazırlanaraq AMEA-nın Rəyasət Heyətinə təqdim edilsin.
Qərarın icrasına nəzarət AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Nazim Məmmədova həvalə edilib.
Tədbirdə Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun 80 illik yubileyinin keçirilməsi və AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun strukturunda dəyişiklik edilməsi haqqında qərarlar qəbul olunub.
İclasda bir sıra kadr məsələləri də müzakirə edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir