Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

06.10.2023 14:27
  • A-
  • A
  • A+

Fizika İnstitutunda Meksikada yaşayan azərbaycanlı alimlə görüş keçirilib

Fizika İnstitutunda Meksikada yaşayan azərbaycanlı alimlə görüş keçirilib

Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda hazırda Meksikada karyerasını davam etdirən, azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru Natiq Atakişiyevlə görüş keçirilib.

Tədbiri giriş sözü ilə institutun baş direktoru, akademik Arif Həşimov açıb. Bildirib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra bütün sahələrdə olduğu kimi, elm sahəsində də dünyanın müxtəlif ölkələrinə alimlərin ezamiyyətləri təşkil olunmağa başladı. Bu sırada hələ sovet dövründə Fizika İnstitutunun əməkdaşlarının da Avropa və dünyanın digər ölkələrinə uzunmüddətli işgüzar səfərləri təşkil olundu. Akademik qeyd edib ki, institutun alimlərinin bəziləri xarici ölkələrdə yaşamalarına və orada elmi fəaliyyətlə məşğul olmalarına baxmayaraq, Fizika İnstitutu ilə sıx əlaqələr saxlayırlar. A.Həşimov Azərbaycanın əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor Natiq Atakişiyevin həmin alimlərin sırasında olduğunu vurğulayıb. O, dünyaşöhrətli alimin həm də Fizika İnstitutunun əməkdaşı olmasının qürurverici hiss olduğunu bildirib.

Tədbir laboratoriya rəhbəri, akademik Cavad Abdinovun çıxışı ilə davam edib. C.Abdinov N.Atakişiyevlə aspiranturada təhsil illəri ilə bağlı xatirələrini bölüşüb, şəxsi münasibətlərindən danışıb. Çıxışının sonunda alimə elmi və şəxsi fəaliyyətində uğurlar arzulayıb.

AMEA-nın müxbir üzvü Səlimə Mehdiyeva professor N.Atakişiyevin Meksikada Azərbaycan diasporasının fəal üzvlərindən olduğunu bildirib. O vurğulayıb ki, N.Atakişiyev Meksikanın tanınmış univeristetlərində mühazirələr deyir, həmçinin davamlı olaraq Fizika İnstitutundakı həmkarları ilə əlaqə saxlayır.

Fizika-riyaziyyat elmləri doktoru, professor Adilə Abasova görüşün təşkilinə görə institutun rəhbərliyinə minnətdarlığını bildirib. O, Fizika İnstitutu ilə bağlı xatirələrini, həmçinin Natiq Atakişiyevlə bağlı düşüncələrini tədbir iştirakçıları ilə bölüşüb.

İnstitutun şöbə müdiri, fizika üzrə fəlsəfə doktoru Eldar Həsənov Natiq Atakişiyevin Meksikada elmlə yanaşı, müəllimlik fəaliyyəti ilə də məşğul olduğunu bildirib. O, alimin əsas elmi fəaliyyətinin kvant mexanikası olduğunu vurğulayıb, alimin bu sahədə əldə etdiyi nailiyyətlərdən bəhs edib.

Daha sonra tədbirdə AMEA-nın müxbir üzvü Rauf Hüseynov, fizika-riyaziyyat elmləri doktorları Tələt Mehdiyev, Qüdrət İsaqov, fizika üzrə fəlsəfə doktorları Kamil Qurbanov, Nigar Abdulzadə və başqaları alim haqqında düşüncələrini bölüşüblər. Alimin ziyalı ailəsində doğulduğu, yüksək intellektə və daxili keyfiyyətə malik olduğu vurğulanıb. Natiq Atakişiyev kimi qiymətli alimləri gələcək nəsillərin də tanıması üçün müəyyən tədbirlərin görülməsinin vacibliyindən bəhs olunub.

Tədbirin davamında Natiq Atakişiyev çıxış edərək görüşdən məmnunluq hissi duyduğunu, onun ünvanına deyilən xoş sözlərə görə minnətdarlığını bildirib. N.Atakişiyev qeyd edib ki, 1994-cü ildən Meksikada elmi fəaliyyətlə məşğul olur. O, əslində fizikaya marağının olmadığını atasının istəyi ilə 1956-cı ildə Bakı Dövlət Universitetnin fizika fakültəsinə daxil olunduğunu və bu seçimdə heç də yanılmadığını qeyd edib, tələbəllik illərindən danışıb. N.Atakişiyev Meksikaya orada fəaliyyət göstərən tanınmış alimin dəvəti ilə getməsindən, elmi fəaliyyətindən, tələbələrin bilik səviyyəsindən, Azərbaycanda elm və təhsil sahəsindəki çatışmazlıqların Meksikada da mövcudluğundan söhbət açıb.

Sonda Natiq Atakişiyevin institutun Elmi şurasına üzv seçilməsi üçün təklif irəli sürülərək səsverməyə qoyulub və qəbul olunub. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: