Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

16.10.2023 10:18
  • A-
  • A
  • A+

Dosent Esmira Əlirzayeva Malayziyada keçirilən beynəlxalq konfransda iştirak edib

Dosent Esmira Əlirzayeva Malayziyada keçirilən beynəlxalq konfransda iştirak edib

Beynəlxalq Elmi Şuranın (İSC) dəstəyi, Malayziya Elmlər Akademiyası və Avstraliya Elmlər Akademiyasının təşkilatçılığı ilə Malayziyanın Kuala Lumpur şəhərində “Qlobal Bilik Dialoqu” mövzusunda konfrans keçirilib.

Tədbirdə İSC-nin Asiya və Sakit okean ölkələrinin elmlər akademiyalarından, beynəlxalq elmi cəmiyyətlər, assosiasiyalar və birliklərdən 100-ə yaxın nümayəndə iştirak edib. AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr və beynəlxalq elmi təşkilatlarla iş şöbəsinin müdiri, dosent Esmira Əlirzayeva da konfransda iştirak üçün dəvət olunub.

Konfransın açılış mərasimində Malayziya Elmlər Akademiyasının prezidenti, Malayziyanın Elm, Texnologiya və İnnovasiyalar nazirinin müavini, İSC-nın prezidenti və Avstraliya Elmlər Akademiyasının rəsmisi çıxış edib. Qeyd edilib ki, bu konfrans dövlət adamları, alimlər və iş adamlarının müzakirəsi üçün çox əhəmiyyətli platformadır, Dayanıqlı İnkişaf Məqsədləri üçün qlobal əməkdaşlığa geniş imkanlar yaradır.

Açılış mərasimində İSC-nin Asiya və Sakit okean üzrə regionuna ev sahibliyi növbəti 5 il müddətinə Malayziya Elmlər Akademiyasından Avstraliya Elmlər Akademiyasına ötürülüb.

Konfrans çərçivəsində çoxtərəfli fəzada planetin sağlam inkişafı; elmi diplomatiya, elmi məsləhətlər və yeni texnologiyalar vasitəsilə 2030-cu ilə qədər imkanlar və çağırışlar; elm sistemlərinin gücləndirilməsi üçün əsas prioritet sahələrin və İSC regional mərkəzlərinin rolunun müəyyənləşdirilməsi mövzularında sessiyalar keçirilib. Tədbirdə, həmçinin gənc akademiyalar və assosiasiyalar mövzusunda dəyirmi masa keçirilib, müxtəlif ölkələrin təcrübəsi dinlənilib. E.Əlirzayeva müzakirələrdə fəal iştirak edib və təkliflərini səsləndirib. Tədbir zamanı AMEA ilə Malayziya Elmlər Akademiyası və Avstraliya Elmlər Akademiyası arasında əməkdaşlıq əlaqələrinin yaradılması üzrə razılıq əldə edilib.

Səfər çərçivəsində E.Əlirzayeva Beynəlxalq Yaşıl Texnologiyalar və Ekoloji Məhsullar Sərgisi, həmçinin Türkiyə Elmlər Akademiyası və Malayziya Elmlər Akademiyası arasında Anlaşma Memorandumunun imzalanması mərasimində iştirak edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: