Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun əməkdaşları 2023-cü ilin plan-proqramına uyğun olaraq, b.ü.f.d., dosent Minarə Həsənоvа, b.e.d., professor Elman İsgəndər, b.ü.f.d., dosent Sədaqət Əliyeva, b.ü.f.d., dosent Sevinc Quliyeva, b.ü.f.d. Günay Məmmədova, elmi işçi Sona Qulizadə, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tünzalə Zeyvəliyeva Zaqatala, Şəki, Balakən rayonlarında ekspedisiyada olublar.
Ekspedisiyanın əsas məqsədi qeyd edilən bölgələrin təbii və mədəni dendroflorasının müasir vəziyyətinin araşdırılması, yayılma areallarının dəqiqləşdirilməsi, nadir və nəsli kəsilməkdə olan növlərin invertarziyası olub.
Balakən rayonunun dendroflorasında olan növlərin Abşeronun landşaft memarlığında istifadəsi, Şəki və Zaqatala ərazisinin bitki örtüyünün taksonomik tərkibinin təhlili, Zaqatala və Balakən ərazisində nadir bitki genofondunun müasir vəziyyəti, biometrik analizi, bəzi oduncaqlı növlərin stress dalğalarla tomoqrafik təhlili üzrə tədqiqatlar aparılıb. Tədqiqat öz mənbəyini qoruğun ərazisindən götürən və şimaldan cənuba kimi bütovlükdə bu ərazidən keçən əsas çaylardan Alazan çayının qolları olan Katexçay və Balakənçaylarından su nümunələri götürülmüş, tərkibi təyin edilməsi məqsədilə laboratoriyaya təqdim edilib. Zaqatala Dövlət təbiət Qoruğunda yüksəklik artdıqca qoruğun iqlimi mülayim isti iqlimdən dağ tundrası iqliminə doğru dəyişir. Aşağı və orta dağ qurşaqları (800- 2200 m. d. s. h.) fısdıq, vələs və palıd meşələri ilə örtülüdür, yüksəklik artdıqca isə bunlar subalp seyrəklikləri ilə, sonra subalp çəmənlikləri (2400 m.) daha sonra isə alp çəmənlikləri (3200 m-ə kimi) və nəhayət, subnival və nival qurşaqları ilə əvəz olunurlar.
Balakən rayonunun dendroflorasında olan növlərin Abşeron landşaft memarlığında istifadə perspektivliyi üzrə elmi-tədqiqat işlərinin həyata keçirilməsi üçün herbari nümunələri götürülüb.
Zaqatala ərazisinin taksonomik tərkibi dağlıq meşələrindən və dağlıq çəmənliklərindən ibarətdir. Düzənlik sahələrində ürəkyarpaq qızılağac (Alnus subcordata), qanadmeyvə yalan qoz (Pterocarya pterocarpa), hibrid qovaq (Populus hybrida), uzunsaplaq palıd (Quercus longipes) növlərindən ibarət düzən meşələri mövcuddur. Bozqır yayla ərazilərdə ardıc cinsinə aid növlər (Juniperus communis L.), saqqızağac (Pistacia mutica) və gürcü palıdı (Quercus iberica) institut əməkdaşları tərəfindən qeydə alınmışdır. Oduncaqlı bitkilərin bioloji xüsusiyyətləri, ehtiyatı, təbii ehtiyatının dəyişilmə səbəbləri üzrə tədqiqatlar aparılmışdır. Zaqatala bölgəsində Pterocarya pterocarpa, Pinus kochiana, Platanus orientalis, Staphylea colchica və Buxus colchica növləri yayılan ərazilərdə monitorinq aparılıb.
Tədqiqat ərazisindən axan Katexçayının sahilləri hər iki tərəfdən sərt sıldırım qayalıqlarla əhatə olunmaqla, ərazidə: Fagus L., Carpinus L., Platanus L., Tilia L., Ulmus L. Quercus L., Alnus Mill., Juglans L., Morus L., Carpinus L., Acer L., Tilia L., Fraxsinus L., Acer L. və s. kimi ağac cinslərindən ibarət növlər Fagus orientalis, Quercus macranthera Fisch., Carpinus caucasica, Betula platyphylla Sukacz., Fraxinus excelsior L., Acer laetum C.A.Mey, Tila cordata Mill., Tila caucasica Rupr., Diospyros lotus L., Ulmus caprinifolia Rupp., Carya illinoinensis, Pterocarya pterocarpa vəs. bitki növləri yayılmışdır. Crataegus L., Mespilus L., Rubus L., Prunus L., Rosa L., Juniperus L., Euonymus L., cinslərinə aid növlərdən Cornus mass L., Berberis vulgaris L., Sorbus aucuparia L., Rhamnus nigra L., Prunus divaricata Ledeb., Prunus spinosa L., Mespilus germanica L., Euonymus latifolius MILL. və s. işçi qrupu tərəfindən qeyd edilib.
Tədqiqat aparılan qoruğun ərazisindən axan 3 çay - Mazımçay, Balakənçay və Katex çayının ətrafında çoxsaylı hidrofit bitkilər qeyd edilib. Qoruğun aşağı meşə qurşağında inkişaf etmiş müxtəlif ağac və kol bitkiləri hərtərəfli araşdırılıb. Zaqatala bölgəsinin Car meşəsində ağac-kol bitkilərinin yayılma arealları və meşə bitkiləri, introdusent növlərin taksasiyası öyrənilmiş, antropogen və əlverişsiz iqlim amillərinin meşə fonduna təsiri təhlil edilib. Ekspedisiya zamanı Zaqatala meşələrində, eyni zamanda, birinci və ikinci Tala kəndləri arasındakı meşə ərazisində, Zaqatala dövlət təbiət qoruğunda ağac-kol bitkilərinin yayılma arealları tətqiq edilib, əlverişsiz iqlim amillərinin meşə fonduna təsiri dendroxronoloji təhlili aparılıb. Ərazidən toplanmış herbarilər Herbari və toxumçuluq laboratoriyasının fonduna əlavə edilib.
Ekspedisiya zamanı Zaqatala, Balakən, Şəki rayonunda monitorinq keçirilərkən ictimaiyyətlə əlaqələr şöbəsi tərəfindən ağac və kol bitkilərinin yayılma areallarının video və fotoşəkilləri çəkilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.