Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

17.10.2023 15:34
  • A-
  • A
  • A+

Fizika İnstitutunda Füzuli şəhərinin işğaldan azad olunması münasibətilə poster yerləşdirilib

Fizika İnstitutunda Füzuli şəhərinin işğaldan azad olunması münasibətilə poster  yerləşdirilib

Ermənistanın təxribatlarına cavab olaraq Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə 2020-ci ilin sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edildi. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub. 2020-ci ilin oktyabrın 17-də isə Füzuli rayonunun Füzuli şəhəri, Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı və Dədəli kəndləri şanlı ordumuz tərəfindən azad edilib.

Bu gün Füzuli şəhərinin işğaldan azad olunma günüdür. Əlamətdar günlə əlaqədar olaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunda şəhərin görüntüsünü əks etdirən poster  yerləşdirilib.

Füzuli rayonunun ərazisi 1386 km², əhalisi isə təxminən 144 min nəfərdir.

Məlum olduğu kimi, oktyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Füzuli rayonuna səfər edib. Dövlət başçısı Füzuli rayonunun Cuvarlı kəndinin təməlinin qoyulması mərasimində iştirak edib. Təməlqoyma mərasimində bildirilib ki, Cuvarlı kəndinin layihələndirilən ümumi ərazisi 115 hektardır. Kəndə 1697 nəfərin köçürülməsi planlaşdırılıb. Burada ümumilikdə 291 fərdi ev və 2-4 mərtəbəli 21 yaşayış binası tikiləcək.

Qeyd edək ki, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, akademik Çingiz Cuvarlı Füzuli rayonunun Cuvarlı kəndindəndir. Akademik Ç.Cuvarlı uzun müddət Fizika İnstitutunda laboratoriya rəhbəri vəzifəsində çalışıb. 1962-1968-ci illərdə Azərbaycan SSR EA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölmə­sinin akademik-katibi olub.

Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyev cənablarının Cuvarlı kəndinin təməlinin qoyması həm də böyük rəmzi məna daşıyır. Bu, dövlət başçısının Azərbaycan elminə bütövlükdə diqqət və qayğısı olmaqla bərabər, elmimizin inkişafında mühüm yer tutmuş, dünyasını dəyişmiş elm insanlarının ruhlarını şad edəcək əvəzsiz bir töhfədir.    

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: