Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

20.10.2023 09:32
  • A-
  • A
  • A+

Xalqa bağışlanmış ömürdən anlar: 2002-ci ilin noyabrı

Xalqa bağışlanmış ömürdən anlar: 2002-ci ilin noyabrı

AzərTac müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

6 noyabr. Prezident Heydər Əliyev Bakı Metropolitenin 35 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə iştirak etdi.

7 noyabr. “Metro” Beynəlxalq Assosiasiyasının üzvləri ilə görüşdü.

9 noyabr. Şəki şəhərində Olimpiya İdman Kompleksinin açılışında iştirak etdi.

9 noyabr. Şəkidə geniş müşavirə keçirdi.

11 noyabr. Türkiyənin “Sabançı Holdinq” şirkətinin İdarə Heyətinin sədri Sakip Sabançının başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.

17 noyabr. Milli Dirçəliş Günü münasibətilə paytaxta gəzintiyə çıxdı.

21-22 noyabr. NATO Tərəfdaşlıq Şurasının Zirvə görüşündə iştirak etmək üçün Praqada səfərdə oldu. Səfər çərçivəsində NATO-nun Baş katibi Con Robertson, Türkiyə Prezidenti Əhməd Necdət Sezər, Fransa Prezidenti Jak Şirak, Gürcüstan Prezidenti Eduard Şevardnadze ilə görüşlər keçirdi.

23 noyabr. ABŞ Prezidentinin Xəzər hövzəsinin enerji diplomatiyası üzrə xüsusi nümayəndəsi Stiven Məni qəbul etdi.

26 noyabr. Yeni Azərbaycan Partiyasının yaranmasının 10 illiyinə həsr olunmuş yubiley mərasimində iştirak etdi və nitq söylədi.

28 noyabr. Türkiyənin “Enka” şirkətinin fəxri prezidenti Şarık Taranın başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.

29 noyabr. Rusiyanın energetika nazirini qəbul etdi.

Ulu Öndər Heydər Əliyev Azərbaycanda idmanın inkişafı üçün davamlı addımlar atırdı. 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradılması haqqında Prezident Fərmanı imzalandı. 1997-ci ildə İlham Əliyevin Milli Olimpiya Komitəsinin (MOK) prezidenti seçilməsi ilə ölkənin idman həyatında yeni mərhələ başladı. Bu tarixi seçim Ümummilli Lider Heydər Əliyevin respublikada idmanın inkişafı ilə bağlı ideyalarının daha sürətlə reallaşmasını təmin etdi, dövlətin idman siyasətinin uğurla irəliləməsinə imkanlar açdı.

MOK-un prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər qısa zaman kəsiyində öz bəhrəsini verməyə başladı. İdmançılara dövlət qayğısı ilə yanaşı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlərə start verildi. 2000-ci ildən etibarən Azərbaycanın müxtəlif bölgələrində müasir tipli olimpiya idman kompleksləri tikilib istifadəyə verilməyə başladı.

2002-ci il noyabrın 9-da Şəkidə Olimpiya İdman Kompleksinin açılış mərasimində çıxış edən Heydər Əliyev idmanın, xüsusən Olimpiya komplekslərinin sağlam gənc nəsil yetişdirilməsindəki mühüm rolundan danışdı.

Sitat: Bizim gələcəyimiz gənclərə məxsusdur. Biz bu gün yaşayırıq. Bu gün dövləti, milləti idarə edirik, amma sabahı düşünməliyik. Gələcək üçün biz sağlam gənclik hazırlamalıyıq. Fiziki cəhətdən sağlam, mənəvi, əqli cəhətdən sağlam, düşüncəli gənclər hazırlamalıyıq. Bunlar da məhz bu cür komplekslərdə yaranır... Mən inanıram ki, birincisi, şəkililər bu kompleksdən səmərəli istifadə edəcəklər. İkincisi, bu kompleks öz gözəlliyi ilə, müasir şəraiti ilə gəncləri daha da tərbiyələndirəcək, onların mənəvi səviyyəsini artıracaq. Üçüncüsü də, dediyim kimi, bizim gələcəyimizə sağlam nəsil hazırlayacaq.

Qeyd edək ki, hazırda paytaxt Bakıda və ölkəmizin müxtəlif bölgələrində 50-yə yaxın Olimpiya İdman Kompleksi fəaliyyət göstərir.

2002-ci ilin noyabrı, həmçinin Ulu Öndərin NATO Avratlantika Tərəfdaşlıq Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Praqada keçirilən Zirvə görüşündə iştirakı ilə yadda qaldı. Prezident Heydər Əliyev sammitdəki çıxışında diqqəti beynəlxalq terrorizmin, habelə separatizmin doğurduğu təhlükələrə yönəldərək dedi: “Beynəlxalq terrorizm bəzi dövlətlərin dəstəyindən istifadə edərək dünya nizamına qarşı həmlələr edir, ekstremizm, təcavüzkar millətçilik və davakar separatizm ideologiyası əsasında yeni qarşıdurma xətləri yaratmağa çalışır, sərhədləri yenidən bölməyə və dəyişməyə cəhd göstərir. Beynəlxalq sistemin ümumi təhlükəyə qarşı səmərəli mübarizə aparmaq qabiliyyəti ciddi sınağa çəkilir”.

Bu baxımdan Cənubi Qafqazı ən çox narahatlıq doğuran region adlandıran Prezident Heydər Əliyev bildirdi ki, Azərbaycan beynəlxalq terrorizmə və ekstremizmə qarşı barışmaz mübarizə apararaq, əsas səylərini öz ərazilərini Ermənistanın işğalından azad etməyə, orada qanun-qaydanı və nəzarəti bərpa etməyə yönəldir. Ermənistan-Azərbaycan münaqişəsinin həlli Avratlantika Tərəfdaşlığının bütün dövlətlərinin mənafelərinə uyğundur. “Nə qədər ki, gec deyil, dünya birliyi beynəlxalq norma və prinsiplərinə uyğun olaraq, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam bərpa olunması əsasında münaqişənin sülh yolu ilə tənzimlənməsi üçün əlindən gələni etməlidir”, - deyə Heydər Əliyev beynəlxalq birliyə çağırış etdi.

1992-ci ildə Ulu Öndərin liderliyi ilə yaradılan Yeni Azərbaycan Partiyasının (YAP) proqramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanması və möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi, demokratik, hüquqi, dünyəvi dövlət qurulması, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaq kimi ümdə vəzifələrdən ibarət idi. 2002-ci il noyabrın 26-da YAP-ın on illiyinə həsr olunmuş yubiley mərasimindəki nitqində Heydər Əliyev vurğuladı ki, “bizim partiyanın əsası ona görə möhkəmdir, ona görə güclüdür ki, biz heç bir təsadüfi fikirlərlə yaşamamışıq”.

Ümummilli Lider partiyanın yaranma tarixi barədə danışdı və qeyd etdi ki, on il əvvəl çətin şəraitdə qurulan YAP hazırda böyük siyasi partiyaya, aparıcı siyasi qüvvəyə çevrilib və müstəqil Azərbaycanı müstəqillik yolunda inkişaf etdirməyə qadir bir partiyadır.

Heydər Əliyevin YAP-ın 10 illiyinə həsr olunmuş mərasimdəki nitqindən

• İndi biz xoşbəxtik ki, on il bundan qabaq yaratdığımız kiçik bir partiya böyüyüb, şaxələnib, bütün Azərbaycanı əhatə edib və sıralarında 280 min üzvü cəmləyib. Hələ nə qədər də tərəfdaşları, pərəstişkarları var. Beləliklə, on ildə bizim partiyamız, Yeni Azərbaycan Partiyası kiçik bir partiyadan, çətin şəraitdə doğulan bir partiyadan böyük siyasi partiyaya çevrilib və indi Azərbaycanın aparıcı siyasi qüvvəsidir.

• Partiyanın adı onun siyasi xəttini, siyasi prinsiplərini, siyasi strategiyasını, perspektivini əks etdirməli, buna münasib olmalıdır. Bax, buna görə də biz bu partiyanın adını Yeni Azərbaycan Partiyası qoyduq. Yeni, yeni Azərbaycan qurulur, müstəqil Azərbaycan qurulur. Yeni Azərbaycanda da Yeni Azərbaycan Partiyası olmalıdır.

• Bizim partiyamız başqa siyasi partiyalardan – təbiidir, mən bizim partiyamızı onlarla müqayisə etmək istəmirəm, amma nə edək, belə partiyalar var, biz bunu inkar edə bilmərik, – ona görə fərqlənir ki, partiyanın adı da onun məqsədlərinə və bugünkü günə uyğundur. Müstəqil Azərbaycan yeni Azərbaycandır. Müstəqil Azərbaycanda yeni ictimai-siyasi quruluş yaranıbdır. Yeni iqtisadiyyat formaları yaranıb, demokratiya, siyasi plüralizm inkişaf edir. Belə bir yeni Azərbaycan keçmişdə yaşadığımız, keçmişdə olan Azərbaycandan fərqlidir. Ona görə partiyamızın adı da Yeni Azərbaycan Partiyasıdır. Məhz Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanı müstəqillik yolunda inkişaf etdirməyə qadir bir partiyadır.

Qeyd edək ki, ötən illər ərzində Yeni Azərbaycan Partiyası ölkənin ictimai-siyasi həyatında aparıcı rolunu layiqincə davam etdirib. YAP siyasi təşkilat olaraq Azərbaycan cəmiyyətində, ölkənin daxilində və xaricində baş verən qlobal ictimai-siyasi proseslər fonunda getdikcə daha da püxtələşib. Partiyanın tutduğu yolun düzgünlüyünü və xalq tərəfindən yekdilliklə dəstəkləndiyini həyat özü dəfələrlə sübut edib.

Cəmiyyətin avanqard siyasi qüvvəsi kimi Yeni Azərbaycan Partiyası xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verib və verməkdədir. YAP öz səmərəli fəaliyyəti ilə Azərbaycanın inkişafına xüsusi töhfələr verir, ölkənin etibarlı gələcəyinin təmin olunmasında müstəsna rol oynayır. Dünənin, bu günün və gələcəyin partiyası olan YAP-ın sıraları daim genişlənir. Prezident İlham Əliyevin sədri olduğu partiyanın hazırda 720 mindən çox üzvü var.

  • Paylaş: