Oktyabrın 20-də AMEA-nın İctimai Elmlər Bölməsinin Elmi şurasının növbəti iclası keçirilib.
İclası AMEA-nın vitse-prezidenti v.i.e., İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri, akademik Gövhər Baxşəliyeva açaraq tədbirin gündəliyini iclas iştirakçılarının diqqətinə çatdırıb.
Akademik Gövhər Baxşəliyeva iclasda “Heydər Əliyev və Azərbaycanın tarixi torpaqlarının qorunması” mövzusunda məruzənin dinləniləcəyini bildirib və vurğulayıb ki, Ulu Öndərin ictimai siyasi, tarixi, fəlsəfi görüşləri, elmə, alimə verdiyi dəyərlərlə bağlı 2023-cü ildə bölmənin Elmi şurasında 4 məruzə dinlənilib.
Daha sonra AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun Əliyevşünaslıq şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Leyla Hüseynova “Heydər Əliyev və Azərbaycanın tarixi torpaqlarının qorunması” mövzusunda məruzə edib. Leyla Hüseynova bildirib ki, 2023-cü il Azərbaycanın müasir tarixində xüsusi yer tutub: “Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə ən böyük töhfə Azərbaycan Respublikasının suverenliyinin, ərazi bütövlüyünün tamamlanması oldu. Sentyabr ayında keçirilən antiterror tədbirləri Qarabağda seperatçı qüvvələrə ağır zərbə vuraraq regionun təhlükəsizliyini təmin etdi. Mülki əhalinin təhlükəsizliyinə həssas yanaşan hərbi qüvvələrimiz xalqımızın fərqini nümayiş etdirdi. 30 il öncə xalqımıza qarşı törədilən hərbi cinayətlərə, soyqırımlara, işgəncələrə rəğmən, Qarabağın erməni əhalisinin könüllü surətdə Azərbaycanı tərk etməsinə imkan yaradıldı. Bu, bir daha Azərbaycan Respublikasının tolerantlıq nümunəsi olduğunu göstərdi”.
Tarix üzrə fəlsəfə doktoru Leyla Hüseynova qeyd edib ki, regionda hərbi-siyasi üstünlük əldə etmək üçün strategiya qurulmalı və əhəmiyyətli zəmin yaradılmalı idi. Əsası xalqımızın lideri Heydər Əliyev tərəfindən qoyulmuş güclü iqtisadi, siyasi, hərbi, ideoloji zəmin üzərində ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən eyni siyasi kursun yüksələn xətlə davam etdirilməsi bu gün Qarabağda tarixi ədalətin bərpasına gətirib çıxarmışdır. Cənab İlham Əliyevin təbirincə desək, “Biz toparlandıq, güc yığdıq. Azərbaycan xalqı 1993-cü ildə öz müdrikliyini bir daha göstərmişdir, Ulu Öndər Heydər Əliyevə dəstək vermişdir, onu prezident vəzifəsinə seçmişdir və o vaxtdan bu günə qədər inkişaf yolu ilə gedir. Son 20 il ərzində isə bu inkişaf daha da sürətlidir və bütün sahələrdə özünü göstərir.”
Onun sözlərinə görə, Ümummilli Lider Heydər Əliyevin çoxşaxəli siyasi fəaliyyətində ölkəmizin ərazi bütövlüyünün qorunması strategiyasının müəyyən olunması və onun uğrunda mübarizəni Azərbaycanın milli maraqlarının ən önəmli məsələlərindən biri kimi daim diqqət mərkəzində saxlayıb. Məruzəçi bildirib ki, 1969-cu ildə yenicə hakimiyyətə gəlmiş Heydər Əliyev 1938-ci ildə qəbul edilmiş qətnaməyə əsasən, Laçın, Qubadlı Kəlbəcər və Qazax bölgələrinin 2 min hektar ərazisinin Ermənistan SSR-ə verilməsinin qarşısını aldı. Onun məntiqi, biliyi, bacarığı və qətiyyətinin mərkəzi geri çəkilməyə vadar etdiyini qeyd edib. O, 1977-1978-ci illərdə Ermənistan SSR-in Dağlıq Qarabağa yenidən ərazi iddialarının baş qaldırmasının da respublika rəhbəri Heydər Əliyev tərəfindən dəf edilməsinin Azərbaycan torpaqlarının qorunması yolunda mühüm hadisə olduğunu diqqətə çatdırıb.
Alim onu da xüsusi ilə vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən güclü dövlətin düsturu kimi güclü iqtisadiyyatın formalaşdırılması əsas zəmin seçilərək 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” imzalanıb ki, bu da respublikanın iqtisadi potensialının artmasına təkan verib.
Leyla Hüseynova Ulu Öndər Heydər Əliyevin ərazi bütövlüyünün təmin olunması sahəsində apardığı siyasətin bu gün Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini qeyd edib: “Qarabağa qayıdışın və tarixi torpaqlarda əbədi varolmanın təminatı üçün uzaqgörən siyasət aparılır. Qarabağ bölgəsi ilə bağlı yeni reallıq yaranıb. Müzəffər ordumuzun yaratdığı bu reallıq ondan ibarətdir ki, tarixi Azərbaycan torpaqlarında yeni erməni dövlətinin yaradılması planlarının üstündən xətt çəkildi, Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin olundu”.
Məruzə dinlənildikdən sonra mövzu ətrafında müzakirələr aparılıb.
İclasda, o cümlədən bir sıra elmi-təşkilati və kadr məsələləri də müzakirə olunub.
Sonra akademik Gövhər Baxşəliyeva “Heydər Əliyev İli” çərçivəsində İctimai Elmlər Bölməsinin və müəssisələrinin gördükləri işlərdən və qarşılarında duran vəzifələrdən söz açıb. Sərəncamın icrasına uyğun olaraq, keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi konfranslar, sessiyalar, seminarlar, həmçinin Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılıq irsinə dair kitab və monoqrafiyaların, sənədlər toplusunun hazırlanması, tarixi, fəlsəfi görüşləri və s. bağlı materialların KİV-də işıqlandırılması istiqamətində görüləcək işlərin ilin sonuna kimi yekunlaşmalarını tövsiyə edib.
Akademik Gövhər Baxşəliyeva ölkə başçısının akademik Ziya Bünyadovun 100 illik yubileyinin qeyd edilməsinə dair 28 sentyabr 2023-cü il tarixli Sərəncamının icrasına uyğun olaraq hazırlanacaq Tədbirlər planına təkliflərin verilməsi məsələsinə dair tapşırıq və tövsiyələrini verib.
İclasda Türkiyə Cümhuriyyətinin 100 illik yubileyi, həmçinin Aərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin 100 illiyi ilə bağlı bölmənin elmi tədqiqat müəssisələrində AMEA-nın qəbul etdiyi qərarların icra vəziyyəti haqqında məsələlər müzakirə edilib.
Sonra Elmi şura üzvləri tərəfindən “Qərbi Azərbaycan ensiklopediyası”nın sözlüyünün ilkin müzakirəsi aparılıb və təkliflər səsləndirilib.
Daha sonra AMEA-nın müxbir üzvü Qorxmaz İmanov 2023-cü il üzrə Nobel mükafatı alan tanınmış qadın iqtisadçı alim Klaudia Qoldin haqqında iclas iştirakçılarını məlumatlandırıb. Qeyd edib ki, amerikalı tədqiqatçı, Harvard Universitetinin professoru Klaudia Qoldin “Əmək bazarında gender müxtəlifliyi” mövzusundakı tədqiqatı ilə Nobel mükafatı alıb. Qorxmaz İmanov qeyd edib ki, Klaudia Qoldinin tədqiqatı 200 illik məlumatı (1780-1980) əhatə edir. Tədqiqat iqtisadi inkişafın kənd təsərüffatı, sənaye və xidmət dövrlərini əhatə edir və bu dövrlərdə qadının məşğulluğuna təsir edən faktorları təhlil edib. Burada qoyulan məsələlərlə müqayisədə Azərbaycanda qadın məşğulluğunun xüsusi çəkisi 48 faiz təşkil edir ki, bu da dünya orta göstəricisindən 8 faiz çoxdur.
İclasda AMEA-nın İctimai Elmlər Bölməsi üzrə 2023-cü tədris ili üçün fəlsəfə və elmlər doktoru üzrə dissertanturaya və doktoranturaya qəbulun nəticələri müzakirə olunub. Akademik Gövhər Baxşəliyeva bölmə üzrə elmi tədqiqat müəssisələrində keçirilən qəbulun nəticələrini açıqlayıb.
Daha sonra 2024-cü il üçün doktoranturaya və dissertanturaya qəbul planına dair təkliflər müzakirə edilib və AMEA-nın Rəyasət Heyəti qarşısında vəsatət qaldırılıb.
Akademik Gövhər Baxşəliyeva qəbul planına elmi tədqiqat müəssisələrinin daha çox ehtiyac duyulan ixtisasların ayrılmasını vurğulayıb.
İclasda AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, fəlsəfə elmləri doktoru İlham Məmmədzadə 70 illik yubileyi, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru v.i.e., tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev 50 illik yubileyi münasibətilə AMEA-nın İctimai Elmlər Bölməsinin Fəxri fərmanı ilə təltif olunublar.
Sonda akademik Gövhər Baxşəliyeva bir sıra məsələlərlə əlaqədar müəssisələrin rəhbərlərinə tapşırıq və tövsiyələrini verib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.