Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

25.10.2023 09:38
  • A-
  • A
  • A+

Xalqa bağışlanmış ömürdən anlar: 2002-ci ilin dekabrı

Xalqa bağışlanmış ömürdən anlar: 2002-ci ilin dekabrı

AzərTac müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

3 dekabr. Prezident Heydər Əliyev Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsinin reallaşdırılması ilə bağlı müşavirə keçirdi.

4 dekabr. Müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini qəbul etdi.

7 dekabr. Dünya şöhrətli dirijor və görkəmli bəstəkar Niyazinin 90 illiyinə həsr olunmuş tədbirdə iştirak etdi və nitq söylədi.

Azərbaycan Akademik Milli Dram Teatrında Uilyam Şekspirin “Hamlet” faciəsinin yeni quruluşda ilk tamaşasına baxdı.

8 dekabr. Uşaqların Beynəlxalq Televiziya və Radio Gününə həsr olunmuş şənlikdə iştirak etdi.

9 dekabr. İtaliya hökumətinin nümayəndə heyətini qəbul etdi.

19 dekabr. Respublikanın enerji təchizatı problemlərinə həsr olunmuş müşavirə keçirdi.

20 dekabr. Musiqi mədəniyyətimizin görkəmli nümayəndələri Fidan və Xuraman Qasımovaların yaradıcılığının 25 illiyinə həsr olunmuş mərasimdə iştirak etdi.

21 dekabr. Dünya vokal sənətinin məşhur ustaları Müslüm Maqomayev və Tamara Sinyavskaya ilə görüşdü.

25 dekabr. Türkiyənin Azərbaycandakı səfiri Əhməd Ünal Çeviközü qəbul etdi.

27 dekabr. ABŞ-ın Azərbaycandakı səfiri Ross Uilsonu qəbul etdi.

28 dekabr. “İtera” beynəlxalq şirkətlər qrupunun nümayəndə heyəti ilə görüşdü.

31 dekabr. Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqını təbrik etdi.

Ulu Öndər islam dinini Azərbaycan xalqının milli-mənəvi sərvəti, milli-mənəvi kimliyimizin ayrılmaz bir hissəsi hesab edirdi. Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqil Azərbaycanda dini ibadətgahların və abidələrin bərpası və yenidən qurulması geniş vüsət aldı. Xalqımızın əsrlər boyu ziyarət yeri olan, lakin sovet rejimi tərəfindən dağıdılan Bibiheybət məscidi və ziyarətgahı Ulu Öndər Heydər Əliyevin tapşırığı ilə dövlət hesabına tamamilə yenidən quruldu. Eləcə də Azərbaycanda vaxtilə qadağan olunmuş dini bayramlar elliklə qeyd edilməyə başlandı.

2002-ci il dekabrın 4-də Prezident Heydər Əliyev müsəlman ölkələrinin ölkəmizdəki səfirlərini Ramazan bayramı münasibətilə qəbul edərkən bu və digər məsələlərdən danışdı. Ramazan bayramının müsəlmanların müqəddəs bayramlarından biri olduğunu vurğuladı və bununla bağlı uşaqlıq xatirələrini dilə gətirdi.

Sitat: Bu bayram həmişə müsəlmanlara xeyir-bərəkət gətirib, sülh, əmin-amanlıq gətirib, dostluq-mehribanlıq gətiribdir. Təəssüflər olsun ki, biz Azərbaycanda bu bayramı yalnız son illər ümummilli bayram, xalq bayramı kimi qeyd edirik. Yəni son illərə qədər belə bayram etməmişik, indi edirik. Keçmiş illərdə Sovet İttifaqının hər yerində olduğu kimi, Azərbaycanda da din yasaq edildiyinə görə, bu bayramlar qadağan olunduğuna görə insanlar bunları öz ailəsində, evində, qəlbində bayram ediblər. Xatirimdədir, mən uşaq idim, valideynlərim oruc tuturdular, bu bayramı da qeyd edirdilər. Biz uşaq kimi bu bayramdan öz bəhrəmizi götürürdük. İndi isə müstəqil Azərbaycanda, müsəlman ölkəsində bu, bizim milli bayramımızdır, dövlət bayramımızdır, xalqın bayramıdır.

Dekabrın 6-da dünyaşöhrətli dirijor və görkəmli bəstəkar, Sosialist Əməyi Qəhrəmanı, SSRİ xalq artisti, Dövlət mükafatları, Beynəlxalq Nehru mükafatı laureatı Niyazinin 90 illiyi təntənəli şəkildə qeyd olundu. Yubiley tədbirində iştirak edən Ulu Öndər musiqi mədəniyyətimizin tarixində silinməz izlər buraxmış Niyazinin milli dirijorluq məktəbinin formalaşmasında misilsiz xidmətlərindən danışdı.

“Niyazinin 90 illik yubileyini təntənəli qeyd edərək, biz Azərbaycan xalqının mədəniyyətimizə, musiqimizə olan hörmətini və məhəbbətini ifadə edirik. Görkəmli mədəniyyət xadimlərimizin, musiqi ustalarımızın, yazıçılarımızın, şairlərimizin, elm xadimlərimizin, ictimai xadimlərin yubileylərini Azərbaycanda yüksək səviyyədə qeyd etmək bizim, Azərbaycan hökumətinin xalqımızın elminə, mədəniyyətinə, ədəbiyyatına olan diqqətini və qayğısını göstərir”,- deyə Prezident Heydər Əliyev çıxışında vurğuladı.

Niyazini xalqımıza başucalığı gətirən böyük şəxsiyyətlərdən biri kimi səciyyələndirən Ulu Öndər Azərbaycanda professional musiqinin təbliğində, Azərbaycan bəstəkarlarının simfonik musiqi əsərləri yaratmasında və bu əsərlərin ifa edilməsində onun əvəzsiz rolunu diqqətə çatdırdı.

Sitat: Burada Qara Qarayevin sözlərini səsləndirdilər ki, onun əsərlərinin səslənməsində o, Niyaziyə borcludur. Bu, həqiqətdir. Çünki mən Qara Qarayevlə də çox yaxın dostluq əlaqəsində olmuşam. Qara Qarayev bu sözləri düzgün deyibdir. Mən çox sevinirəm ki, səmimi deyibdir. Amma təkcə Qara Qarayevin yox, bütün Azərbaycan bəstəkarlarının həm opera əsərlərinin, həm simfonik əsərlərinin işıq üzü görməsində, səslənməsində, xalqa çatdırılmasında Niyazi əvəzsiz rol oynamışdır. Bunların hamısı məlumdur. Ancaq bu gecənin mənası ondan ibarətdir ki, heç kəs bunları unutmasın. Bugünkü nəsillər də, gələcək nəsillər də bunları bilsin.

Heydər Əliyev onu da vurğuladı ki, əgər Niyazi olmasaydı, Azərbaycanın simfonik orkestri, görkəmli bəstəkarlarımızın yaratdıqları gözəl opera əsərləri, simfoniyalar bu qədər yüksək səviyyəyə çatmazdı.

Ulu Öndər Heydər Əliyev uşaqları tükənməz məhəbbətlə sevən bir lider idi. Bu sevgi özünü uşaqlara göstərilən böyük qayğı və diqqətdə təcəssüm etdirirdi. Onların sağlamlığı, yaxşı təhsil və təlim-tərbiyə alması, Vətən və xalq üçün gərəkli övlad kimi böyüməsi Ümummilli Liderin yürütdüyü siyasətin prioritetlərindən biri idi.

Bayram günlərində Ulu Öndərin uşaqlar üçün təşkil olunan şənliklərdə iştirak etməsi ənənə halını almışdı. Belə tədbirlərdən biri də 2002-ci il dekabrın 31-də Bakının uşaq evlərində tərbiyə edilən uşaqlar üçün Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən təşkil edilmiş Yeni il şənliyi oldu. Prezident Heydər Əliyev bayram tədbirindəki çıxışında Azərbaycanın bütün uşaqlarına, bütün gənclərinə xoş arzularını bu səmimi sözlərlə ifadə etdi: “Mən çox məmnunam ki, ötən illərdə olduğu kimi, bu il də, 2002-ci ilin son günündə də bu saatları, bu dəqiqələri sizinlə bir yerdəyəm, sizin aranızdayam. Mən bu salonda sizinlə birlikdə şənlikdə iştirak edərkən təsəvvür edirəm ki, sanki bütün Azərbaycan uşaqları, bütün Azərbaycan gəncləri bizim ətrafımızdadırlar. Mən təsəvvür edirəm ki, sizi, bütün gəncləri qucaqlayıram, bağrıma basıram, öpürəm. Mən sizin hamınıza səadət arzulayıram”.

Qeyd edək ki, Azərbaycanda uşaq və gənclərə dövlət qayğısı Prezident İlham Əliyevin rəhbərliyi dövründə də uğurla davam etdirildi və zamanın çağırışlarına uyğun olan yeni məzmunla zənginləşdirildi. Bu siyasət çox keçmədən öz bəhrəsini verməyə başladı. Məhz son 20-30 ildə yetişən vətənpərvər gənclik Vətən müharibəsində misilsiz fədakarlıqlar göstərdi. Məhz həmin gənc nəsil bu gün Azərbaycanın inkişafına bütün sahələrdə öz töhfəsini verməkdədir.

  • Paylaş: