Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Azərbaycanın filosof qadınları UNESCO-nun layihəsində
16.12.2013 00:00
  • A-
  • A
  • A+

Azərbaycanın filosof qadınları UNESCO-nun layihəsində

Parisdə (Fransa) UNESCO-nun xətti ilə Yaradıcı qadınlar ensiklopediyası (Le Dictionnaire Universel des Femmes Créatrices) çap olunub.

Təqdimat mərasimində üç cilddən ibarət olan ensiklopediyada dünyanın tanınmış yazıçı, jurnalist, bəstəkar, rəssam və filosof qadınları haqqında məlumatlar verilib.

Layihənin rəhbəri tanınmış fransız ictimai xadimi və psixoanalitik Antuanetta Fuko kitabın ön sözündə qeyd edib: “Bu, bütün dünyada sivilizasiyaya öz bəhrəsini vermiş qadınlara hörmət əlaməti və öz həyat eşqini dünyadan əsirgəməmək arzusudur”. UNESCO-nun baş katibi İrina Bokovanın “Əsrin əlamətdar işi” adlandırdığı bu kitab qadınların adlarının tarixdən silinməsinin qarşısını alan bir addım kimi dəyərləndirilib.

Ensiklopediyaya Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun əməkdaşı, fəlsəfə elmləri doktoru Könül Bünyadzadənin filosof qadınlara həsr olunmuş “Azerbaidjan –Valeurs religieuses et pensee laique” – “Azərbaycanda dini dəyərlər və fəlsəfi düşüncə” adlı məqaləsi də daxil edilib. Məqalədə Azərbaycanın fəlsəfi fikir tarixində qadınların rolu qeyd olunub. Sovet və müstəqilik dövrlərində Şükufə Mirzəyeva, Aida İmanquliyeva, Zümrüd Quluzadə, Elmira Zamanova, Solmaz Rzaquluzadə kimi qadın mütəfəkkir və tədqiqatçıların görüşləri təhlil edilib. Ensiklopediyada UNESCO nəzdində fəaliyyət göstərən Filosof Qadınlar Cəmiyyətinin üzvü K.Bünyadzadəyə ayrıca məqalə də həsr edilib. Məqalədə onun elmi-fəlsəfi yaradıcılığı və beynəlxalq miqyasda təsəvvüf fəlsəfəsinin yayılması, müasir Qərb fəlsəfi fikir kontekstində yenidən araşdırılması sahəsində xidmətləri işıqlandırılıb.

Ensiklopediyada Azərbaycanın məşhur qadın şairələri Məhsəti Gəncəvi və Xurşidbanu Natəvan haqqında da ayrıca məqalələr yer alıb.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.

  • Paylaş: