Noyabrın 23-də AMEA akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda cari il ərzində yerinə yetirilən elmi-tədqiqat işləri, elmi-innovasiya fəaliyyəti və digər məsələlərlə bağlı illik hesabat yığıncağı keçirildi.
Tədbiri giriş sözü ilə institutun direktoru, AMEA-nın Kimya Elmləri Bölməsinin akademik-katibi, akademik Dilqəm Tağıyev açaraq AMEA-nın 70 illik yubileyi münasibətilə keçirilən tədbirin əhəmiyyətindən danışdı. İnstitut direktoru tədbirdə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən ayrı-ayrı elmi istiqamətlər üzrə prioritetlərin müəyyənləşdirilməsinin XXI əsr Azərbaycan elminin, elmi ictimaiyyətin qarşısına mühüm vəzifələr qoyduğunu bildirdi. Kimyaçıların qarşısında da mühüm vəzifələrin durduğunu söyləyən alim qeyd etdi ki, növbəti il üçün elmi-tədqiqat planları hazırlanarkən ölkə başçısının irəli sürdüyü elmi prioritet istiqamətlər əsas götürülməli, xüsusilə innovativ xarakterli tədqiqat işlərinə üstünlük verilməlidir.
Sonra institut şöbələrinin illik hesabatları dinlənildi. Cari ildə həyata keçirilən elmi-tədqiqat işləri, elmi-innovasiya, elmi-pedaqoji fəaliyyət, konfrans, seminar, simpoziumlarda iştirak, çap olunmuş elmi əsərlər, tanınmış elmi jurnallarda dərc olunan məqalələr, şöbə əməkdaşlarının elmmetrik göstəriciləri, elmi-praktiki nəticələrin KİV-də təbliği, elmi-təşkilati fəaliyyət və s. haqqında geniş məlumat verildi.
Daha sonra akademik D.Tağıyev bu elmi müəssisədə çalışan gənclərin cari ildə əldə etdikləri nailiyyətləri diqqətə çatdırdı. Bildirdi ki, bu il 2 gənc tədqiqatçı Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun Gənc Alim və Mütəxəssislərin III-cü Müsabiqəsinin qalibi olmuşdur. O, “Akademik Murtuza Nağıyev adına mükafat”ın verilmə qaydalarından söz açdı. Mükafatın qaliblərinin müəyyənləşdirilməsi ilə bağlı komissiyanın yaradıldığını bildirən direktor institut gənclərindən 4 nəfərin namizədliyinin irəli sürüldüyünü, onlardan ikisinin fəaliyyətinin komissiya tərəfindən yüksək qiymətləndirildiyini söylədi.
D.Tağıyev görkəmli alim, resirkulyasiya nəzəriyyəsinin banisi "Akademik Murtuza Nağıyev adına mükafat"a layiq görülən gənc alim və mütəxəssislərin adlarını açıqladı. Mükafata k.ü.f.d. Zümrüd Şabanova və Sevinc Osmanova layiq görüldülər. Qaliblərə mükafatın diplomu təqdim edildi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir