AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası çərçivəsində ölkəmizdə səfərdə olan Beynəlxalq Türk Akademiyasının rəhbərliyi və Türk dünyasının elm xadimləri ilə görüşüb.
AMEA-nın Rəyasət Heyətində baş tutan görüşdə Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev, Türkiyə, Şimali Kipr Türk Respublikası, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan elm xadimləri iştirak ediblər.
Qonaqları AMEA-da görməkdən məmnunluğunu dilə gətirən akademik İsa Həbibbəyli 2010-cu ildə yaradılmış Beynəlxalq Türk Akademiyasının yaranma tarixinə nəzər salıb, zamanla BTA-nın üzvlərinin genişləndiyini, bu gün Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın Beynəlxalq Türk Akademiyasının üzvü, Özbəkistan və Macarıstanın isə müşahidəçi statusunda olduğunu söyləyib.
Beynəlxalq Türk Akademiyasına rəhbərlik etmiş prof. Dr. Darxan Kıdıralinin Akademiyanın inkişafında müstəsna rol oynadığını deyən AMEA prezidenti bu gün BTA-nın akademik Şahin Mustafayevin prezidentliyində özünün yeni inkişaf dövrünə qədəm qoyduğunu, Türk dövlətlərinin Elmlər Akademiyaları və ali təhsil müəssisələri ilə əlaqələrin genişləndiyini bildirib.
Görüşün keçirildiyi məkanın tarixi əhəmiyyət daşıdığını deyən akademik İsa Həbibbəyli Birinci Türkoloji Qurultayın 1926-cı ilin fevral-mart aylarında məhz burada, AMEA-nın Rəyasət Heyətinin böyük akt zalında baş tutduğunu, türkologiyanın təməllərinin burada atıldığını vurğulayıb. Qurultayda türk xalqlarının ortaq əlifbaya keçid məsələsinin geniş müzakirə olunduğunu, 111 lehinə, 7 əleyhinə olmaq qərarın qəbul edildiyini söyləyib. Akademik İsa Həbibbəyli ötən 100 ilə yaxın müddət ərzində türk xalqlarının ortaq əlifbaya keçid məsələsinin artıq reallığa doğru getdiyini, Türk Dövlətləri Təşkilatının və liderlərinin səyləri nəticəsində Türk dünyasının vahid amal uğrunda birləşməkdə olduğunu deyib.
“Türk dünyasının birliyi üçün ortaq əlifbaya keçid məsələsi olduqca mühümdür. Bu, həm də sürgünə məruz qalmış Birinci Türkoloji Qurultayın iştirakçılarının idellarının gerçəkləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir”, - deyə akademik İsa Həbibbəyli söyləyib.
AMEA-nın yaranma tarixinə də nəzər salan akademik İsa Həbibbəyli 2025-ci ildə Akademiyanın 80 illiyinin qeyd olunacağını, ötən müddət ərzində Elmlər Akademiyasının Azərbaycanda elmin və ziyalı təfəkkürünün inkişafında, milli təfəkkürün, eləcə də ana dilimizin qorunmasında müstəsna xidmətlər göstərdiyini vurğulayıb.
AMEA-da Türk dünyası ilə əlaqələr çərçivəsində görülmüş işlərə də toxunan akademik İsa Həbibbəyli Xalid Səid Xocayevin XX əsrin 35-37-ci illərində Azərbaycan dilinə tərcümə etdiyi Mahmud Kaşğarinin “Divani lüğət-it-türk” əsərinin Dilçilik İnstitutu tərəfindən çap olunduğunu, “Kitabi-Dədə Qorqud” dastanının Drezden, Vatikan və Günbənd nüsxəsinin çapa hazırlandığını bildirib.
Görüşdə, həmçinin Türkiyənin Egey Universitetinin professorları, tanınmış türkoloq alim Fikrət Türkmən, Mustafa Ömər və Qırğızıstan Milli Akademiyasının akademiki Sırtbay Musayev çıxış edərək Türk dünyasının, türkologiyanın inkişafı, əlaqələrin genişləndirilməsi və s. istiqamətlərdə fikirlərini diqqətə çatdırıblar.
Daha sonra akademik İsa Həbibbəyli qonaqlara Türk dünyası ilə bağlı AMEA-nın nəşrlərini hədiyyə edib.
Sonda xatirə şəkli çəkdirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.