Dekabrın 11-də AMEA Milli Azərbaycan Tarixi Muzeyində İctimai Elmlər Bölməsinin (İEB) növbəti büro iclası keçirilib.
Bölmənin büro üzvlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan İEB-in akademik-katibi v.i.e., AMEA-nın müxbir üzvü Nərgiz Axundova gündəlikdəki məsələlər barədə məlumat verib.
Sonra AMEA-nın 70 illik yubileyi ilə əlaqədar bölmənin tabeliyindəki müəssisələrdə fəaliyyət göstərən bir qrup əməkdaş elmi və elmi-ictimai fəaliyyətlərinə görə İEB-in Fəxri Fərmanı ilə təltif olunublar.
Daha sonra Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika elmi fon şöbəsinin müdiri, görkəmli numizmat, əməkdar mədəniyyət işçisi, professor Əli Rəcəblinin “Azərbaycan sikkələri”, “Azərbaycan Səfəvilər dövlətində məskukət (sikkə) işi” və “Şirvanşahlar dövlətinin sikkə zərbi” kitablarının təqdimatı keçirilib.
İclasda çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli təqdim olunan kitabların Azərbaycan Respublikası ərazisində tapılmış və Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondunda qorunan sikkələr əsasında hazırlandığını bildirib. Qeyd olunub ki, bu nəşrlər Azərbaycanda sikkə işinin geniş icmalıdır. Antik dövrdən bu günə qədər Azərbaycan dövləti ərazisində dövriyyədə olan və zərb edilən sikkələri əhatə edir. Nəşrlərdə çoxəsrlik Azərbaycan dövlətçiliyinin önəmli atributlarından biri olan sikkənin həqiqi tarixi mənbə olaraq rolu və əhəmiyyəti xüsusi vurğulanır.
Tədbirdə muzeyin direktoru, akademik Nailə Vəlixanlı, AMEA-nın müxbir üzvü İlyas Babayev, muzeyin elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Nərgiz Əliyeva və başqaları çıxış edərək bildiriblər ki, kitabların ərsəyə gəlməsində əsas məqsəd Azərbaycan tarixi tədqiqatçılarını Şirvanşahların bizə gəlib çatan nadir, elmə məlum olmayan, qismən də az tanınan sikkələri ilə tanış etməkdir. Nəşrlərdə ilk dəfə minillik Şirvanşahlar dövlətinin sikkə zərbi tədqiq olunmuşdur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir