AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin təşəbbüsü ilə axtarışlarına başlanmış Türk dünyasının ən qiymətli kitablarından biri olan Mahmud Kaşğarinin məşhur “Divanü lüğat-it-türk” əsərinin Azərbaycan dilinə tərcüməsi 86 il sonra - 2023-cü ildə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun arxivindən tapılmışdır. Müsahibəmizdə institutun direktoru professor Nadir Məmmədli “Divanü lüğat-it-türk” kitabı, bu dəyərli əsərin arxivlərdən tapılması haqqında ətraflı məlumat verib. Eləcə də Azərbaycanda dilçiliyin inkişafı istiqamətində görülən işlər, aparılan araşdırmalar və beynəlxalq əməkdaşlıq barədə danışıb.
– Nadir müəllim, uzun illər sonra Mahmud Kaşğarinin məşhur “Divanü lüğat-it-türk” əsərinin arxivlərdən tapılması Azərbaycan mədəniyyəti üçün böyük hadisə oldu. Bu kitab haqqında məlumat verməyinizi istərdik.
Əvvəla, məlumat üçün deyim ki, 30-cu illərdə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialında işləmiş, özbək əsilli Azərbaycan alimi Xalid Səid Xocayev Mahmud Kaşğarinin məşhur “Divanü lüğat-it-türk” əsərini əsərini türkologiya tarixində ilk dəfə ərəb dilindən Azərbaycan dilinə tərcümə etmişdir. Xalid Xocayev bu kitabın tərcüməsindən sonra “əksinqilabi pantürkist təşkilatın üzvü kimi, həm də Türkiyənin xeyrinə kəşfiyyat işi aparmış şəxs” damğası ilə ittiham olunaraq 1937-ci ildə güllələnmişdir. Alimin evində axtarış aparılan zaman “Divan” üzə çıxmamış, itmiş hesab olunmuşdur.
Mahmud Kaşğari “Divanü lüğat-it-türk” ensiklopediyasında türksoylu xalqların dil-ağız özəlliklərini, ləhcələrini, milli-mədəni varlığını toplamış, dövrünə uyğun qrammatika və yazı qaydalarını müəyyənləşdirmişdir.
Əsər yalnız lüğət deyil, türk tayfalarının dil-ləhcə fərqlərini, yayılma areallarını, həyat tərzini, tarixini, mifologiyasını, folklorunu, mədəniyyətini öyrənməyə imkan verir.
Mahmud Kaşğari kitaba türklərin davranışlarını və biliklərini nümayiş etdirmək üçün söylədikləri şeir nümunələrini, atalar sözlərini də daxil etmişdir.
Əsər XI əsrin əvvəllərində türk tayfalarının ləhcələri haqqında məlumat verən dialektoloji-etnoloji kitabdır. Eyni zamanda, bəzi türk əfsanələrini, köhnə və yeni inancları, əyləncə, oyunlar, dövrün peşə-sənətkarlıq, ovçuluq, geyim, zərgərlik əşyaları və silahlar, atlar, müxtəlif ərzaq, qida məhsulları və içkilər, xəstəliklər, müalicəvi otlar və dərmanlar haqqında məlumat verən etibarlı və yeganə mənbə, əcdadlarımızın bədii-estetik, poetik antologiyasıdır.
Qeyd edim ki, “Divan”da yer kürəsinə işarə olaraq dairə şəklində türk icmalarının yaşadığı əraziləri göstərən ilk tematik dünya xəritəsi də təqdim edilmişdir. Xəritənin dairəvi formada çəkilməsi göstərir ki, XI əsrdə türklər yerin bu formada olduğunu bilirdilər. Bir sözlə, “Divanü lüğat-it-türk”də türk tayfaları və coğrafiyası haqqında da çox vacib məlumatlar öz əksini tapır.
– Ümumiyyətlə, belə bir dəyərli əsəri araşdırıb ortaya çıxarmaq zərurəti necə yarandı?
“Divanü lüğat-it-türk” kitabında ailə və dövlət quruluşu, ictimai həyat, iqtisadi əlaqələr, nəqliyyat, bir sözlə, türklərlə əlaqəli hər şeyi aydınlaşdıran nadir məlumatlar vardır. Mahmud Kaşğarinin türklərin qarşısında ən böyük xidməti budur ki, onların varlığını təxminən min il əvvəl mövcud olan türk icmalarının nümunələri fonunda nümayiş etdirir. Bu səbəbdən kitabın tapılması ümumilikdə türk mədəniyyətinin, onun həyat tərzinin daha dərindən öyrənilməsi baxımından çox vacib idi.
86 il idi ki, bu dəyərli əsər itmiş hesab olunurdu. Biz ötən il AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin təşəbbüsü ilə Dilçilik İnstitutunun arxivində kitabın axtarışlarına başladıq. Bir qədər axtarışlardan sonra arxivdə bir bağlama tapdıq. Bu bağlama yandırmaq və atmaq üçün nəzərdə tutulmuşdu. Xoşbəxtlikdən, onun içərisində olan 9 qovluğun 9-u da sağlam şəkildə tapıldı.
Bu günlərdə “Divanü lüğat-it-türk”ün 3 cildi çapdan çıxıb. Bu, böyük hadisədir. Xatırladım ki, 2024-cü ildə “Divanü lüğat-it-türk”ün həm də 950 illiyidir. Çap olunmuş kitabları 950 illiyə töhfə hesab etmək olar. Eyni zamanda, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu olaraq bu ilin iyun ayında “Divanü lüğat-it-türk”ün 950 illiyinə həsr olunmuş beynəlxalq konfransın keçirilməsini nəzərdə tuturuq.
– Rəhbərlik etdiyiniz Dilçilik İnstitutunun əsas fəaliyyət istiqamətləri hansılardır? Son zamanlar institutda dilçiliyin inkişafı istiqamətində əldə edilən nailiyyətlər barədə məlumat verərdiniz.
Dilçilik İnstitutu öz fəaliyyətində hər zaman dünya dilçilik elminin müasir inkişaf meyillərini nəzərə almağa çalışır. Azərbaycan dilçiliyinin və Azərbaycan dilinin inkişaf perspektivlərinin müəyyənləşdirilməsi, Azərbaycan dilinin müasir dilçilik metodlarının tətbiq edilməsi ilə tədqiqi, Azərbaycan dilinin tarixi morfologiyası, müasir dilçilik cərəyan və məktəblərinin dərindən və hərtərəfli öyrənilməsi, nəzəri dilçilik istiqamətində tədqiqatların genişləndirilməsi institut olaraq qarşımızda duran əzaz vəzifələrdir. Eyni zamanda, müasir dilçilik nəzəriyyələrinin Azərbaycan dilinin materialları əsasında araşdırılması, müasir texnologiyaların tətbiqi ilə Azərbaycan dilinin və dilçiliyinin inkişafıyla bağlı kompleks proqramların hazırlanması və s. institutun əsas prioritet istiqamətlərindəndir.
2023-cü il ərzində Dilçilik İnstitutunda əldə olunmuş ən mühüm elmi nəticələr sırasına “İşgüzar və akademik kommunikasiyada nitqə verilən tələbələr və funksional üslublar”, Əbdürrəhim Ərdəbilli Şirvani “Məzhər-üt-türki”, eləcə də “Azərbaycan terminoqrafiyasının konseptual əsasları” kitabları aiddir.
Bundan başqa, institutda “Dilçiliyin və Azərbaycan dilinin inkişaf perspektivləri” istiqamətində “Qohum və qohum olmayan dillərin müqayisəli tədqiqi problemi” üzrə “Müasir türk dillərinin funksional qrammatikası” və “Türk dillərinin tarixi aspektdən təhlili” istiqamətində tədqiqatlar aparılmışdır.
Azərbaycan coğrafi obyektlərinin adlarının Hind-Avropa dillərinə transliterasiyası, müasir Hind-Avropa dillərinin fonetik, qrammatik, semantik, funksional-üslubi, linqvo-praqmatik planda tədqiqi, Azərbaycan dili nitq mədəniyyətinin müasir vəziyyəti, problemləri və perspektivləri məsələləri də alim və mütəxəssislərimizin diqqət mərkəzindədir.
Eyni zamanda, mütəxəssislərimiz tərəfindən Qarabağ və Qərbi Azərbaycan mövzularında institutda xeyli sayda məqalə və 3 kitab çap olunmuş, respublika konfransı keçirilmişdir.
Hal-hazırda “Azərbaycan dilinin orfoqrafiya lüğəti” çapa hazırlanır. Lüğətin dünya standartları səviyyəsində tərtibi üçün AMEA-nın prezidenti instituta dəstək verir, bizə köməkliyini əsirgəmir.
– Nadir müəllim, Dilçilik İnstitutu Türk dünyası ölkələri ilə əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində hansı tədbirləri həyata keçirir? Perspektivdə nəzərdə tutulan konkret layihələr varmı?
Bu gün bütün türk dövlətləri arasında iqtisadi, mədəni və siyasi əlaqələr gündən-günə daha da yüksək səviyyəyə çatır. Xüsusi olaraq, vurğulamaq lazımdır ki, bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün türk xalqları arasında əlçatan və səmərəli ünsiyyət vasitəsinin yaradılması olduqca zəruridir. Bu da, öz növbəsində, türkdilli dövlətlər və cəmiyyətlərin bir-birinə daha da yaxınlaşmasına səbəb olacaq.
Hər kəsə məlumdur ki, müasir dövrdə türk dünyasının müxtəlif aspektlərdən geniş və dərindən tədqiqata cəlb olunması aktual məsələlərdəndir.
Türk dövlətləri ilə əməkdaşlığa gəlincə, institutun Türk dilləri şöbəsi tərəfindən türkdilli ölkələrlə əlaqələr müxtəlif səviyyələrdə davam etdirilir. Alim və mütəxəssislərimiz Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və s. ölkələrdə dilçilik elminin inkişafı ilə bağlı keçirilən birgə konfrans və simpoziumlarda iştirak edir, xüsusilə türkologiyaya aid tədbirlərdə aktual və orijinal məruzələrlə çıxış edirlər.
Həmçinin institut əməkdaşları Türk dünyası ölkələri ilə müştərək tədbirlər keçirir, layihələr icra edir, lüğətlər hazırlayır. Birgə əməkdaşlığa müxtəlif türk dilləri, qədim türk yazılı abidələri ilə bağlı klassik araşdırmalar, müstəqil dövlətlərin dil siyasəti, inkişaf tarixi və s. ilə bağlı tədqiqatlar aiddir.
Biz bu gün də Türk dünyası ölkələri ilə əlaqələrin daha da genişləndirilməsi və möhkəmləndirilməsi, birgə innovativ layihələrin həyata keçirilməsi istiqamətində səylərimizi davam etdiririk.
Çox sağ olun, Nadir müəllim. Müsahibə üçün təşəkkür edirik!
Müsahibəni apardı: Nərgiz QƏHRƏMANOVA, AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.