AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Türkdilli əlyazmaların tədqiqi şöbəsinin böyük elmi işçisi fil.ü.f.d. Şəhla Xəlilli Moldova Respublikası Qaqauz Yeri Muxtar Bölgəsinin paytaxtı Komrat şəhərində XVIII beynəlxalq türk mədəniyyəti, incəsənəti və mədəni irsin qorunması simpoziumunda iştirak edib.
Azərbaycan, Türkiyə, Almaniya, Şimali Makedoniya, Ukrayna, Bolqarıstan, Türkmənistan, Rusiya, Özbəkistan, Albaniya, Belarus, İran, İtaliya və digər ölkələrdən 70-dən çox alim və tədqiqatçıların qatıldığı simpoziumda Ş.Xəlilli “Həsən İxfa Əlizadə və “Şuşa şəhərinin tarixi abidələri” əsəri” mövzusunda məruzə edib və konfransda fəal iştirakına görə beynəlxalq sertifikata layiq görülüb.
Konfrans çərçivəsində əməkdaşımız azərbaycanlı həmkarları ilə birgə Komrat şəhərinin və Qaqauz Yeri Muxtar Bölgəsinin Beşalma, Avdarma və Konqaz kəndlərini ziyarət edib, bu bölgələrin tarixi və memarlıq abidələri ilə yaxından tanış olub.
Qeyd edək ki, beynəlxalq simpozium Türkiyə Cümhuriyyəti Aydın Adnan Menderes Universiteti Türk İncəsənəti və Mədəniyyəti Tətbiq və Araşdırma İnstitutu, Moldova Respublikası Qaqauz Yeri Muxtar Bölgəsi Komrat Dövlət Universiteti və Azərbaycan Respublikası “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.