2022/2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasında “Elmi tədqiqatların və innovasiyaların inkişafının, elm və təhsilin inteqrasiyasının təmin edilməsi” fəaliyyət istiqamətinə əsasən Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tədqiqatyönümlü ali təhsil müəssisəsinə çevrilməsi prosesi davam edir. Bu proses çərçivəsində AzMİU ilə Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutu arasında əlaqələrin daha da dərinləşdirilməsi, yeni layihələrin işlənilməsi, birgə tədqiqatların aparılması, kadr potensialının gücündən birgə istifadə və AzMİU-nun tədqiqatyönümlü universitetə çevrilməsi prosesinə dəstək məqsədilə əməkdaşlıq müqaviləsi imzalanıb.
Müqaviləni AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova və İdarəetmə Sistemləri İnstitutunun baş direktoru akademik Əli Abbasov imzalayıblar.
Müqavilənin imzalanması və iki qurum arasındakı əməkdaşlıq istiqamətlərini müzakirə etmək üçün akademik Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti AzMİU-da qonaq olub.
Qonaqları salamlayan rektor professor Gülçöhrə Məmmədova AzMİU ilə İdarəetmə Sistemləri İnstitutu arasındakı əməkdaşlığın tarixinə və səmərəliliyinə diqqət çəkib: “Ölkəmizdə elm və təhsilin inteqrasiyası, universitetlərin tədqiqatyönümlü ali təhsil müəssisəsinə çevrilməsi üçün əlverişli mühitin formalaşıb. AzMİU-nun İnformasiya texnologiyaları və sistemləri kafedrasının elmi potensialına və alimlərimizin İdarəetmə Sistemləri İnstitutu ilə əməkdaşlığını nəzərə alsaq, deyə bilərik ki, əlaqələrimizin genişləndirilməsi üçün heç bir maneə yoxdur. Əksinə, yeni strateji hədəflərə uyğun olaraq İdarəetmə Sistemləri İnstitutunun Elm və Təhsil Nazirliyinin tabeliyinə keçirilməsi, bununla da hər iki qurumun eyni struktura tabeliyi daha sürətli inteqrasiya, tədqiqat nəticələrinin mübadiləsi imkanı yaradıb”.
Professor Gülçöhrə Məmmədova başda akademik Telman Əliyev olmaqla İnformasiya texnologiyaları və sistemləri kafedrasının bir neçə aliminin həm də İdarəetmə Sistemləri İnstitutunda çalışmasını müsbət hal kimi qiymətləndirib və institut alimlərinin də AzMİU-da tədris prosesində iştirakının arzu edilən olduğunu bildirib.
Akademik Əli Abbasov səmimi görüşə görə təşəkkürünü bildirib və AzMİU-nun tədqiqatyönümlü universitetə çevrilmə missiyasının ölkə elmi adına çox sevindirici hal olduğunu qeyd edib: “AzMİU-nun İnformasiya texnologiyaları və sistemləri kafedrası bu istiqamət üzrə ölkəmizin əsas baza kafedrasıdır. Bu kafedrada yetişən alimlər ölkəmizin müxtəlif qurumlarında, xüsusilə İdarəetmə Sistemləri İnstitutunda üstünlük təşkil edirlər. Hesab edirəm ki, bu kafedranın mövcudluğu bizim əməkdaşlığımız üçün geniş imkanlar yaradır və biz bu imkanlardan istifadə edərək elmin təhsilə inteqrasiyasını daha da sürətləndirə bilərik”.
Baş direktor əlavə edib ki, elmin təhsilə inteqrasiyası və universitetlərlə əlaqələrin genişləndirilməsi, o cümlədən AzMİU ilə əməkdaşlıq institutun elmi-texniki kəşflərinin, tədqiqat nəticələrinin sənayedə tətbiqini də sürətləndirəcək.
AzMİU-nun İnformasiya texnologiyaları və sistemləri kafedrasının müdiri akademik Telman Əliyev və tədris işləri üzrə prorektor professor Akif Qasımov isə çıxışlarında əməkdaşlığın elmi potensialın gücləndirilməsi ilə yanaşı, kadr hazırlığı prosesinə də müsbət təsir göstərəcəyini deyiblər.
AzMİU-nun İnformasiya Texnologiyaları Mərkəzinin rəhbəri Sərxan Talıbzadə təqdimatla çıxış edərək universitetin rəqəmsallaşdırılması ilə bağlı görülən işlərdən danışıb.
Daha sonra AzMİU-nun Mexanika və İnformasiya Texnologiyaları fakültəsinin laboratoriyalarına baxış keçirilib. Aparılan tədqiqatlar və laboratoriya işləri ilə bağlı məlumat verilib.
Qeyd edək ki, ölkəmizdə elmi potensialı yüksək olan tədqiqat universitetlərinin yaradılması hədəflənib. Qarşıya qoyulan hədəflərə çatmaq üçün AzMİU-da sistemli inteqrasiya işləri həyata keçirilir. Yeni tədqiqat laboratoriyalarının yaradılması, aktiv elmi-tədqiqatla məşğul olan alimlərin sayının artırılması ilə yanaşı, AzMİU-nun elmi-tədqiqat institutları ilə mövcud əlaqələri daha da inkişaf etdirilir, yeni əməkdaşlıqlar qurulur. İdarəetmə Sistemləri İnstitutu ilə yanaşı, Riyaziyyat və Mexanika, Radiasiya Problemləri institutları ilə əməkdaşlıq bunun bariz nümunəsidir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.