Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının (MEK), Rusiyanın “Sodeystvie” Mədəniyyət-təhsil proqramlarına yardım Fondunun, Rusiya Dövlət Kitabxanası və Rusiya Federasiyasının regional kitabxanalarının birgə təşkilatçılığı ilə “Müasir Rusiya nəyi mütaliə edir?” mövzusunda tədbir keçirilib.
Tədbirdə Rusiyanın ədəbiyyat və mədəniyyət sahələrindən mütəxəssislər, eləcə də Azərbaycandakı rus icmalarından, kitabxanalardan, nəşriyyat evlərindən və ali məktəblərdən nümayəndələr iştirak ediblər.
İlk olaraq tədbiri giriş sözü ilə açan MEK-in direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova qonaqları salamlayaraq birgə təşkil olunan bu görüşün böyük maraqla qarşılandığını nəzərə çatdırıb. L.İmanova bildirib ki, tədbir Rusiya Federasiyasının Prezidentinin sərəncamına uyğun olaraq Rusiyanın “Bilik” cəmiyyəti tərəfindən keçirilmiş müsabiqə əsasında ayrılmış qrant vəsaiti hesabına Rusiya Dövlət Kitabxanası tərəfindən həyata keçirilən “Müasir Rusiya nəyi mütaliə edir?” adlı layihə çərçivəsində təşkil edilib.
Sonra “Sodeystvie” Mədəniyyət-təhsil proqramlarına yardım Fondunun müdir müavini, həmçinin sözügedən layihənin rəhbəri, kulturologiya üzrə fəlsəfə doktoru Tatyana Kozlova layihənin məqsədləri barədə qısa məlumat verib.
Azərbaycanda rus dilinə və ədəbiyyatına böyük maraq olduğunu bildirən layihə rəhbəri Akademiyanın kitabxanasında rus dilində kitabların nümayiş etdirilməsini yüksək qiymətləndirib. Qonaq bütün bunların Rusiya-Azərbaycan münasibətlərinin təbii xarakterindən və xalqlarının tarixi dostluğundan qaynaqlandığını deyib. Qeyd edib ki, bu kimi tədbirlər hər iki ölkənin mədəniyyət sahəsində münasibətlərinin inkişafına şərait yaradır.
Sonra Rusiya Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru Tatyana Mironova“Müasir Rusiya nəyi mütaliə edir?” adlı təqdimatla çıxış edib. Bədii əsərlərə münasibətdə rusların hər zaman həssas olduğunu deyən alim müasir rus oxucusunun mütaliə üçün müraciət etdiyi ədəbiyyatdan danışıb. Alim bildirib ki, rus oxucusunun bütün tarixi dövrlərdə öz kitabları olub. Hər bir dövrün baş verən ən mühüm hadisələri rus cəmiyyəti ilə bərabər rus ədəbiyyatını da formalaşdırıb. Sovet dönəmində daha çox bir istiqamətli ədəbiyyatla tanış olan rus oxucusu bugün tamam fərqli ədəbiyyatla tanış olur. Həm klassik, həm də müasir rus ədəbiyyatı ilə yanaşı xarici əsərlər də rus dilinə tərcümə edilərək oxucuların ixtiyarına verilir.
Tədbirdə T.Mironova müasir rus yazıçılarının yaradıcılıq istiqamətlərindən də danışıb.
Sonra Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin rəhbəri Valentin Denisov, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Kitabxana sektorunun müdiri Lətifə Məmmədova, “Akademkitab” MMC-nin direktoru, filologiya elmləri doktoru Əliağa Cəfərov, Bakı Slavyan Universitetinin rus dili kafedrasının dosenti Kəmalə Umudova, “Литературный Азербайджан” jurnalının əməkdaşı Alina Talıbova və digər qonaqlar çıxış edib. Birgə əməkdaşlıq istiqamətində həyata keçirilən bu kimi tədbirlərin Azərbaycan-Rusiya mədəni əlaqələrinin inkişafına yeni töhfə verəcəyinə əminlik ifadə ediblər.
Musiqi proqramı ilə davam edən tədbirdə pianoçular Vurğun Vəkilov və Ağabala Manafov rus bəstəkarları P.İ.Çaykovski və S.Raxmaninovun əsərlərindən ifalar ediblər. Sonra pianoçular Nərmin Qasımlı və Aysel Şahbazlının müşəyəti ilə opera müğənnisi Gülşən İbadova vokal ifa ilə çıxış edib.
Tədbirlə bağlı təşkil edilmiş sərgidə Rusiyada nəşr olunmuş klassik və müasir rus ədəbiyyatına dair kitablar nümayiş etdirilib.
Daha sonda Rusiya Dövlət Kitabxanasının Təhsil Mərkəzinin müdiri Yekaterina Dudareva tədbirin təşkilində birgə əməkdaşlığa görə Mərkəzi Elmi Kitabxananın rəhbərliyinə və bir qrup əməkdaşına təşəkkürnamə təqdim edib. Tədbirdə Mərkəzi Elmi Kitabxana tərəfindən rusiyalı qonaqlara Azərbaycan ədəbiyyatına və musiqisinə dair, həmçinin Qarabağ genosidi və erməni terrorundan bəhs edən kitablar bağışlanılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.