Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “20 Yanvar faciəsinin iyirmi altıncı ildönümünün keçirilməsinə dair tədbirlər planı haqqında” Sərəncamına əsasən AMEA-da faciənin ildönümü geniş şəkildə qeyd olunur.
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 20 Yanvara həsr olunmuş elmi sessiya keçirilib.
Tədbirdə bu elm müəssisəsi direktorunun müavini, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli, elmi katib Əzizağa Nəcəfzadə çıxış edərək 20 Yanvar faciəsinin xalqımızın qan yaddaşına əbədi həkk olunduğunu bildiriblər.
20 Yanvar hadisələrinin iştirakçısı, filologiya üzrə fəlsəfə doktoru Əkrəm Bağırov qanlı qırğının dəhşətlərindən danışıb.
Sonra “Şəhidlik zirvəsi” sənədli filmi nümayiş etdirilib.
AMEA Hüseyn Cavidin Ev Muzeyində isə “Yaddaşımızın qanlı yanvar səhifəsi” adlı anım tədbiri keçirilib.
Tədbirdə qeyd olunub ki, 20 Yanvar Azərbaycan xalqının azadlıq və ərazi bütövlüyü uğrunda mübarizə tarixinin şanlı səhifələrindən biridir.
Çıxış edənlər diqqətə çatdırıblar ki, həmin dövrdə Azərbaycan ətrafında yaranmış informasiya blokadasını ümummilli lider Heydər Əliyevin sayəsində aradan qaldırmaq mümkün oldu. O vaxt Moskvada yaşayan Ulu Öndər özünün və ailə üzvlərinin həyatını təhlükəyə ataraq Azərbaycanın Rusiyadakı nümayəndəliyinə gəldi, bu ağır gündə xalqı ilə birlikdə olduğunu bəyan etdi. Bakıda kütləvi qırğın törədilməsini qətiyyətlə pislədi və 20 Yanvar haqqında həqiqətləri ilk dəfə dünya ictimaiyyətinə çatdırdı.
Muzeydə, həmçinin “Yaddaşımızın qanlı yanvar səhifəsi” adlı ənənəvi və virtual sərgi də təşkil olunub. Sərgidə 20 Yanvar faciəsi ilə əlaqədar mövzuları özündə əks etdirən kitablar sərgilənir.
Milli Azərbaycan Tarixi Muzeyində də 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə təşkil olunmuş tədbirdə alimlər, məktəblilər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Qara Yanvara həsr edilmiş film göstərilib.
Tədbirdə muzeyin direktoru, akademik Nailə Vəlixanlı 20 Yanvar faciəsindən bəhs edib. Bildirilib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə imperiya ordusu Bakıda və ölkəmizin digər şəhər və rayonlarında dəhşətli qırğınlar törədib, günahsız qanlar axıdıb.
Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev 20 Yanvarın Azərbaycan xalqının müstəqillik tarixindəki rolundan danışıb. Qanlı Yanvar hadisələrində günahsız insanların qəddarcasına qətlə yetirildiyini diqqətə çatdıran İ.Vəliyev ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə bu faciəyə hüquqi-siyasi qiymət verildiyini bildirib.
Sonra məktəblilər 20 Yanvarla bağlı ədəbi-bədii kompozisiya göstərib, Dövlət Uşaq Filarmoniyasının dərnək üzvləri əl işlərini nümayiş etdiriblər.
Fəlsəfə və Hüquq İnstitutunda keçirilən 20 Yanvar faciəsinin 26-ci ildönümü ilə əlaqədar anım tədbirində bu elmi müəssisənin direktoru, fəlsəfə üzrə elmlər doktoru İlham Məmmədzadə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanın milli müstəqilliyi və azadlığı uğrunda həlak olmuş şəhidlərin qəhrəmanlığından danışıb.
Bildirilib ki, xalq Sovet ordusunun törətdiyi terror aktı ilə bağlı emosiyalarını ilk illər kəskin şəkildə büruzə versə də, bir müddət sonra hadisələrin təhlili ön plana keçdi və faciənin baş vermə səbəbləri araşdırılmağa başladı.
Mərasimdə institutun direktor müavini Qabil Camalov, f.ü.e.d. F. Qurbanov, professor İsaxan Vəliyev, f.ü.e.d. Əli Abbasov, f.ü.e.d. Rəfiqə Əzimova, h.ü. f. D. Xaliq Əhmədzadə və başqaları çıxışlarında 20 Yanvarı yalnız faciə deyil, eyni zamanda millətin özünəqayıdışı kimi qiymətləndiriblər.
Şərqşünaslıq İnstitutunda təşkil olunmuş anım mərasimində çıxış edən institutun direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş faciəli hadisələrin xalqımızın qəhrəmanlıq tarixi olduğunu vurğulayıb.
Tədbirdə Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Vilayət Cəfərov, həmin şöbənin əməkdaşı filologiya üzrə fəlsəfə doktoru Əmir Qasımlı və başqaları çıxış edərək bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, xalqımızın o müdhiş gecəni daim xatırladığını və bu faciəni törədənlərə öz dərin nifrətlərini bildirdiklərini söyləyiblər.
Botanika İnstitutu və Mərkəzi Nəbatat Bağının birgə təşkilatçılığı ilə 20 Yanvar hadisəsi 26-cı ildönümünə həsr olunmuş anım mərasimində Botanika İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Validə Əlizadə bu faciənin Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazıldığını bildirib.
Tədbirdə institutun elmi işlər üzrə direktor müavini, b.e.d. Eldar Novruzov “20 Yanvar-Xalqımızın qəhrəmanlıq tarixi” mövzuusunda məruzə ilə çıxış edib.
Anım mərasimində çıxış edən institutun Həmkarlar Komitəsinin sədri, b.ü.f.d. Oqtay Mirzəyev, k.e.d. Siracəddin Sərkərov, b.ü.f.d. Xuraman Xəlilova və başqaları 20 Yanvar hadisələrini xalqımızın qəhrəmanlıq tarixi kimi səciyyələndiriblər.
Mərasimin sonunda 20 Yanvar faciəsinə həsr olunmuş sənədli film nümayiş etdirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir