Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

04.11.2024 09:40
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutunda “Məhəmməd Füzuli yaradıcılığı Şərq ədəbiyyatı kontekstində” mövzusunda elmi seminar keçirilib

Şərqşünaslıq İnstitutunda “Məhəmməd Füzuli yaradıcılığı Şərq ədəbiyyatı kontekstində” mövzusunda elmi seminar keçirilib

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş “Məhəmməd Füzuli yaradıcılığı Şərq ədəbiyyatı kontekstində” mövzusunda elmi seminar keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva Azərbaycan Respublikası Prezidentinin “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” 25 yanvar 2024-cü il tarixli Sərəncamını xatırladaraq, bu Sərəncama uyğun olaraq, AMEA-da, o cümlədən Şərqşünaslıq İnstitutunda bir sıra tədbirlərin keçirildiyini qeyd edib. Akademik Gövhər Baxşəliyeva rəhbərlik etdiyi Şərqşünaslıq İnstitutunda öncəki illərdə də dahi şairin ölməz yaradıcılığının diqqət mərkəzində olduğunu, arşadırılıdğını, bu mövzuda monoqrafiya, kitab və məqalələr dərc olunduğunu, dissertasiyaların müdafiə edildiyini vurğulayıb, institut alimlərindən Aydın Abıyevin “Füzuli və Türkiyə poeziyası”, Ruhəngiz Cümşüdlünün “Füzulinin ərəbcə poetik irsi”, Şəfəq Əlibəylinin “Füzulinin farsca divanı: linqvo-poetik özəlliklər” adlı monoqrafiyalarının çap olunduğunu xatırladıb.

Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü seminarda “Məhəmməd Füzuli yaradıcılığı Şərq ədəbiyyatı kontekstində” mövzusunda məruzəsini diqqətə çatdırıb. R.Cümşüdlü bildirib ki, poetik yaradıcılığı coğrafi sərhəd, zaman miqyası tanımayan Məhəmməd Füzuli 3 dildə-Azərbaycan - türk, ərəb və fars dillərində yazıb yaratmışdır. Füzuli türk dilində "nəzmi-nazik" yaratmağı qarşısına məqsəd qoyub "olğac tikəndən bərgi-gül izhar" etməklə Azərbaycan ədəbi dilini ən yüksək zirvəyə çatdırmışdır.

Məruzəçi qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev 1994-cu ildə Məhəmməd Füzulini "Azərbaycanın milli kimliyi, Azərbaycanı dünyaya tanıdan şair" adlandırmışdır. Məruzədə Azərbaycan ədəbi dilini ərəb və fars dillərinin hegemonluğundan  xilas edərək əsrarəngiz poetik üslub yaradan Məhəmməd Füzulinin eyni zamanda fars və ərəb dillərində yazıb-yaratdığı, Şərq poetikasının ədəbi irsinə, zəngin qayda-qanunlarına sadiq qaldığı vurğulanır. Məruzəçi bildirir ki, şairin türkcəsinin əzəməti, ərəbcəsinin məntiqi, farscasının nəfis sadəliyi onun poetik üslubunun ayrılmaz hissəsidir.

Ərəbşünas alim daha sonra Füzulinin ərəbcə poetik irsi haqqında ətraflı danışıb.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: