Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) tədbirlərində Türkiyənin nüfuzlu media təmsilçiləri də iştirak edib. COP29 çərçivəsində təşkil olunan tədbirlər Türkiyə mətbuatının diqqət mərkəzində olub.
COP29-un “Yaşıl dünya naminə həmrəy olaq” şüarı altında Yaşıl zonada keçirilən tədbirlərdə iştirak edən Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin media nümayəndələri Merve Demir və Cemre Alcak Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində qonaq olublar.
Muzeyin direktoru akademik Rafael Hüseynov Türkiyə mediasının gənc təmsilçiləri ilə görüşüb. Görüş zamanı onları “İstiqlal zalı” ilə tanış edən akademik Rafael Hüseynov qonaqlara muzeyin tarixi, Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin yaranması və qurucuları, eləcə də 1919-1920-ci illərdə onların bu binada fəaliyyətindən danışıb. Direktor, həmçinin Azərbaycan mətbuatının yaranması, 1875-ci ildə Həsən bəy Zərdabinin təşəbbüsü ilə ilk mətbuat orqanı olan “Əkinçi” qəzetinin nəşrindən söz açıb.
O, ziyarətçilərə müəllifi olduğu, İmadəddin Nəsimi irsinə həsr olunan və dörd dildə nəşr edilən “Zamansız və məkansız” və dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığından bəhs edilən “Yoxdan var” kitablarını hədiyyə edib. Bundan başqa, qonaqlara “Məhsəti Gəncəvi. Portret-oçerk” və “Nizami muzeyinin xalçaları” açıqca dəsti də təqdim olunub.
Media nümayəndələrini Nizami Muzeyinin ekspozisiyasında Azərbaycan Milli Mətbuatını əks etdirən “Əkinçi”, “Kəşkül”, ipək parça üzərində nəşr olunmuş “Həyat”, “Nicat” qəzetləri, həmçinin 1906-cı ildə nəşr olunan “Molla Nəsrəddin” satirik jurnalının orijinal nümunələri və digər eksponatlarla muzeyin elmi işçisi İnarə Səfiyeva tanış edib.
Sonda muzeyin rəylər və təəssüratlar kitabında Azərbaycan tarixinə, mədəniyyətinə və ədəbiyyatına dair ətraflı məlumat aldıqlarını qeyd edən media təmsilçiləri “İki dövlət, bir millət” olaraq Azərbaycanı və xalqımızı çox sevdiklərini bidiriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.